Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər...
19:29 20.05.2025
0
0
0
NAXÇIVAN :
20 May 2025, Çərşənbə axşamı
Bu gün maarifpərvər şair Seyid Əzim Şirvaninin vəfatından 137 il ötür
XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Seyid Əzim Şirvani, maarifçilik və yenilikçilik ideyalarını poeziya vasitəsilə xalqa çatdırmış, milli-mədəni inkişaf yolunda əvəzsiz xidmətlər göstərmişdir. 1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində dünyaya göz açan Seyid Əzim, həyatının ilk illərindən etibarən elm və təhsilə dərin maraq göstərib, İslam elmləri ilə yanaşı, dünyəvi elmlərə də yiyələnib.
Seyid Əzim kiçik yaşlarında ikən atası Seyid Məhəmmədi itirmiş və ana babası Molla Hüseynin himayəsi altında böyümüşdür. Molla Hüseynin Dağıstanda Yaqsay kəndində ruhanilik etməsi Seyid Əzimin ərəb və fars dillərini öyrənməsinə şərait yaratmışdır. Təxminən, on il sonra Şamaxıya qayıdan Seyid Əzim, burada mədrəsə təhsilini başa vurmuş və elmi biliklərini genişləndirmişdir. Onun Dağıstanda yaşadığı müddətdə bir neçə yerli dili öyrənməsi də qeyd olunmağa dəyər bir məqamdır.
1856-cı ildə ali ruhani təhsili almaq arzusu ilə İraqa yola düşən Seyid Əzim, Nəcəf, Bağdad və Şam şəhərlərində təhsil aldıqdan sonra dini elmlərlə yanaşı, dünyəvi elmlərə də böyük maraq göstərmişdir. Bu geniş biliklər onun sonrakı pedaqoji və maarifçilik fəaliyyətinə böyük təkan verib.
1869-cu ildə Şamaxıya qayıtdıqdan sonra o, burada yeni üsul üzrə məktəb açaraq müəllimliyə başlamış, köhnə mollaxanalardan fərqli olaraq dini elmlərlə yanaşı, Azərbaycan və fars dilləri, tarix, coğrafiya, hesab kimi fənlərin tədris olunduğu müasir tədris müəssisəsi yaratmışdır. Məhz bu maarifçi yanaşması ilə o, Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə kimi tanınmış simaları yetişdirmişdir.
Seyid Əzim Şirvani, həm də böyük bir şair idi. Onun maarifçi şeirləri, satiraları və didaktik məzmunlu əsərləri Azərbaycan ədəbiyyatına dərin izlər buraxmışdır. Xüsusilə “Əkinçi” qəzetinin təsiri ilə o, xalqa müraciət edərək cəhalətə qarşı mübarizə aparmağa və elmə yiyələnməyə çağırırdı. O, şeirlərində Həsən bəy Zərdabinin maarifçi təşəbbüslərini alqışlamış, qəzetin nəşrini böyük ümidlə qarşılamışdır.
“Əkinçi” Seyid Əzim üçün, sadəcə, bir qəzet deyil, həm də maarifçilik ideyalarının carçısı idi. O, “Əkinçi”də çap etdirdiyi şeirləri ilə müasirlərini bu qəzeti oxumağa, ona dəstək verməyə çağırırdı:
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat.
Seyid Əzim Şirvani maarifçilik və təhsil sahəsində qoyduğu irs ilə Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfə vermişdir. O, sadəcə, bir şair deyil, həm də maarifçi və pedaqoq kimi yaddaşlarda qalmışdır. Şamaxıda yaratdığı məktəb, yetişdirdiyi tələbələr və “Əkinçi” qəzetinə verdiyi dəstək, onun xalqı cəhalətdən qurtarmaq arzusu ilə yaşayan bir ziyalı olduğunu göstərir. 1888-ci ildə dünyasını dəyişən bu böyük maarifçinin adı, Azərbaycan ədəbiyyatının parlaq səhifələrində qürurla yaşamağa davam edir...
Ölkəmizdə ədəbiyyata və şeiriyyətə verilən yüksək dəyər, hər dəfə öz cizgiləri ilə özünü büruzə verir... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən maarifpərvər şair və pedaqoq olan Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd olunması isə həmin dəyərin açıq-aydın təzahürlərindən biridir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər