NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

TDT-nin Baş katibi: Təşkilatımız türk xalqları arasında həmrəyliyi möhkəmləndirməyi qarşıya məqsəd qoyur

...

Türk Dövlətləri Təşkilatı türk xalqları arasında birliyi, həmrəyliyi və əməkdaşlığı gücləndirməyi, həmçinin ortaq tariximiz və dəyərlərimiz əsasında ümumi gələcək qurmağı qarşıya məqsəd qoyur.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda TDT-yə üzv ölkələrin müsəlman dini idarələri rəhbərlərinin VII görüşündə çıxışı zamanı söyləyib.

O bildirib ki, bu gün təşkilat xarici siyasət və iqtisadiyyatdan tutmuş turizm, təhsil, kosmos, gömrük və dini məsələlərə qədər 60-dan çox sahəni və əməkdaşlıq mexanizmini əhatə edən geniş platformaya çevrilib.

“Bu sahələr arasında dini məsələlər xüsusi və strateji əhəmiyyət daşıyır. Çünki din yalnız əməkdaşlığın istiqamətlərindən biri deyil. Eyni zamanda, cəmiyyətlərimizin əxlaqi əsasları, sosial birliyi, mədəni xüsusiyyətləri və mənəvi irsi ilə sıx bağlıdır.

Bu baxımdan dini qurumlarımız arasında əməkdaşlığın inkişaf etdirilməsi, sadəcə, formal xarakter daşımır, həm də praktiki zərurətdir”, - deyə Baş katib əlavə edib.

Nəşr edilib : 14.09.2026 12:25