Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti y...
19:43 13.02.2026
0
0
0
NAXÇIVAN :
13 Fevral 2026, Cümə
Son illər sosial şəbəkələrin gündəlik həyatımıza təsiri durmadan artır. İnformasiya sürətlə yayılır, biliklərə çıxış asanlaşır, amma bu rahatlığın içində təhlükəli bir tendensiya da kök salmağa başlayıb: psixologiya kimi ciddi və elmi əsaslı bir sahənin qeyri-peşəkar şəxslər tərəfindən istismar edilməsi. Bugünkü Azərbaycan cəmiyyətində, xüsusilə də sosial şəbəkələr üzərindən özünü “psixoloq”, “mentor”, “psixoterapevt” kimi təqdim edən, heç bir rəsmi diplomu və təhsili olmayan şəxslərin sayı durmadan artır. Onların təsir dairəsi genişlənir, fəaliyyətləri isə bəzən insan taleləri ilə oynamağa qədər gedib çıxır.
Hər günsosial platformalarda “özünəinamı artır”, “həyatını dəyiş”, “travmanı 3 addıma sağalt” kimi başlıqlarla yüzlərlə video paylaşılır. Bu “psixoloqlar” manipulyativ başlıqlarla gənclərin, xüsusilə də psixoloji dəstəyə ehtiyacı olan şəxslərin diqqətini çəkirlər. Onlar bəzi hallarda xarici dildə onlayn kurs keçdiklərini, beynəlxalq sertifikat aldıqlarını iddia edirlər. Halbuki bu “sertifikatlar” əksər hallarda heç bir rəsmi elmi və ya hüquqi gücə malik deyil. Psixologiya insan zehni ilə məşğul olan ən həssas sahələrdən biridir və bu sahədə yanlış yönləndirmə insanı ciddi mənəvi zərbələrlə üz-üzə qoya bilər.
“İnstagram”, “TikTok”, “YouTube”və “Telegram”kimi platformalarda fəaliyyət göstərən bu şəxslər üçün əsas hədəf kütlə, təbii ki, gənclərdir. Xüsusilə də ali təhsil almaq istəyən, amma şəxsi inkişaf mövzusunda dəstəyə ehtiyacı olan, ailəsi ilə problem yaşayan və ya depressiv əlamətlər daşıyan gənclər onların “müştərisi” olur. Bəzi hallarda bu “psixoloqlar” aylarla davam edən qapalı konsultasiyalar təklif edir, seansların qiyməti isə 50-100 manat arasında dəyişir. Beləliklə, saxta psixoloji xidmət yalnız etik və peşə baxımından təhlükə deyil, eyni zamanda ciddi iqtisadi sui-istifadədir.Bu problemin təhlükəli tərəfi ondan ibarətdir ki, saxta psixoloqlar yalnız fərdi şəxslərlə deyil, bəzən böyük auditoriyalara çıxış imkanı olan onlayn kurslar və seminarlar təşkil edirlər. Onlar “həyatını dəyişdirəcək motivasiya”, “möhkəm iradə üçün sirlər”, “uşaq tərbiyəsində 5 qızıl qayda” kimi mövzularla insanların etimadını qazanmağa çalışırlar. Amma nəticə nə olur? Peşəkar şəkildə yanaşılmayan bu metodlar insanlarda yalnış özünüqavrayış yaradır, problemlər daha da dərinləşir. Özlərini “psixoloq” kimi təqdim edən bu şəxslər bəzən klinik simptomlara, psixi xəstəliklərə belə müdaxilə etməyə cəhd edirlər və bu artıq hüquqi məsuliyyət daşıyan bir hərəkətdir.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, psixoloji yardım göstərmək üçün ali təhsil müəssisəsinin müvafiq fakültəsini bitirmək, Psixoloq ixtisası üzrə diplom almaq və sertifikasiya keçmək vacibdir. Lakin sosial şəbəkələrdə bu qaydalara nəzarət mümkün olmadığından bir çox “psixoloq”, əslində, müvafiq təhsili olmayan, ancaq öz həyat təcrübələrini başqalarına “təklif” edən şəxslərdir. Bəziləri isə öz həyatında uğur qazandığı kiçik hadisəni ümumiləşdirərək insanlara həll yolu kimi təqdim edir. Onlar unudurlar ki, hər insanın zehni, həyatı və problemi fərqlidir və standart yanaşma bəzən ölümcül nəticələr verə bilər.Ən acınacaqlısı da odur ki, bəzi təhsil müəssisələri və özəl qurumlar da bu saxta psixoloqlarla əməkdaşlıq edir. Onları tədbirlərə dəvət edir, konfranslarda çıxış etdirməklə daha geniş auditoriyalara çıxış imkanı yaradır. Belə tədbirlərdə iştirak edən gənclər isə bu şəxsləri real psixoloq kimi qəbul edir və onlara güvənməyə başlayırlar. Bu da onların təhlükə dairəsini daha da genişləndirir.Digər bir problem isə gənc qızların bu şəxslərə duyğusal və şəxsi məlumatlarını etibar etməsidir. Onlar “psixoloji dəstək” adı altında şəxsi travmalarını bölüşür, nəticədə, bu məlumatlar etikasızcasına istifadə olunur və gənclər daha ağır psixoloji sarsıntılar yaşayır. Bəzi hallarda isə bu münasibətlər emosional və maddi istismara çevrilir.Bu kimi halların qarşısını almaq üçün genişmiqyaslı maarifləndirmə işləri aparılmalıdır.Xüsusilə məktəblərdə, liseylərdə və universitetlərdə psixoloji maarifləndirməyə ciddi ehtiyac var. Gənclər ən əsası psixoloji yardım axtarırsa, bunu sosial şəbəkələrdə qarşılaşdıqları ilk profildən almağa tələsməməlidir. Çünki psixologiya illərlə təhsil tələb edən, insan psixikasının incəliklərini bilmək üzərində qurulan ciddi bir elmdir. Bu sahəyə hobbi kimi yanaşan, bir neçə kitab oxuyub və ya seminar dinləyib “ekspert” olduğunu iddia edən şəxslər insanlara fayda vermək əvəzinə, ciddi zərər vura bilər.
Akademik təzyiqlər, ailəvi problemlər, gələcəyə dair qeyri-müəyyənlik, karyera seçimi ilə bağlı çaşqınlıqlar və sair isə gəncləri çarəsiz hala saldığından onlar boşluğa düşür və həmin insanlar da bunu fürsətə çevirir.
Bütün bu sadalananlar bir daha göstərir ki, sosial şəbəkələrdə fəaliyyət göstərən saxta psixoloqlar təkcə fərdi səviyyədə deyil, cəmiyyətin ümumi psixoloji sağlamlığı baxımından da ciddi təhdiddir. Psixoloji dəstək almaq istəyən hər bir şəxs bilməlidir ki, düzgün olmayan mənbədən alınan yanlış “yardım” travmanın dərinləşməsinə səbəb ola bilər. İnsan zehni və emosional dünyası üzərində hər hansı bir müdaxiləyalnız və yalnız bu sahədə təhsil almış və ixtisaslaşmış şəxslərin səlahiyyətində olmalıdır.
Bəzi hallarda isə bu saxta psixoloqlar dini və mistik elementləri psixoloji dəstək kimi təqdim etməyə başlayırlar. İddialarına görə, insanın ruh halını dəyişmək üçün “enerji seansları”, “kosmik güclər”, “mental kodlar” və sair bu kimi elmdən uzaq metodlara əl atırlar. Bu isə artıq yalnız etik pozuntu deyil, eyni zamanda cəmiyyətin maariflənməsinə qarşı yönəlmiş açıq təhlükədir. Elə insanlar elmi təməli olmayan, təcrübə və tədqiqatla sübut edilməmiş metodlarla həm insan sağlamlığını, həm də psixoloji sabitliyi hədəfə alırlar.
Saxta psixoloqların yayılmasının qarşısını almaq üçün, ilk növbədə, insanlar məlumatlı olmalı, psixoloji xidmətə müraciət edərkən həmin şəxsin təhsilini və rəsmi qeydiyyatını araşdırmalıdır.
Etibarlı psixoloji dəstək insanın yalnız müvəqqəti rahatlığını deyil, uzunmüddətli inkişafını və həyat keyfiyyətini təmin edən amildir. Bu səbəbdən cəmiyyət olaraq psixoloji xidmət sahəsinə daha ciddi və diqqətli yanaşmaq, saxta mütəxəssislərə qarşı birgə mübarizə aparmaq vacibdir. Ancaq belə olduğu təqdirdəinsanlarımızın ruhi sağlamlığını qorumaq və gələcək nəsilləri daha sağlam psixoloji mühitdə yetişdirmək mümkündür.
Bu gün sosial şəbəkələr cəmiyyətin psixoloji sağlamlığına bir güzgü tutub. Bu güzgüdə nəyi görəcəyimiz isə bizim seçimimizdir. Saxta psixoloqlara inam, gənclərimizin sağlam düşüncəsini, gələcək həyat planlarını və psixoloji balansını təhdid edir. Hər bir valideyn, müəllim və gənc bu məsələdə diqqətli olmalı, informasiyanı süzgəcdən keçirməyi öyrənməlidir. Psixoloji sağlamlıq, sadəcə, özümüz üçün deyil, cəmiyyət üçün də məsuliyyət daşıdığımız bir haldır. Onu təsadüfi insanlara etibar etmək olmaz.
Elnurə CƏFƏROVA
Digər xəbərlər