NAXÇIVAN :

21 Avqust 2026, Cümə

Turizm təhsilinin inkişafı üzrə yeni tədbirlər müəyyənləşdirilib

...

Turizm sahəsinə aid təhsil proqramlarının inkişaf etdirilməsi, ixtisasların əmək bazarının tələblərinə uyğunlaşdırılması və ikili diplom proqramlarının genişləndirilməsi nəzərdə tutulur.

"Şərq qapısı" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Dövlət Proqramında Azərbaycan Turizm və Menecment Universitetində xarici tərəfdaş ali təhsil müəssisələri ilə beynəlxalq ikili diplom proqramlarının genişləndirilməsi, turizm ixtisasları üzrə ikili peşə təhsilinin tətbiq edilməsi, həmçinin təhsil proqramlarının beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

Sənəddə, həmçinin turizm sahəsində qısamüddətli təlim və kurs proqramlarının həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə peşə hazırlığı kurslarının və ixtisaslaşmış təlimlərin təşkil edilməsi nəzərdə tutulur.

Dövlət Proqramında turizm sahəsində kadr hazırlığı həyata keçirən təhsil müəssisələrinin maddi-texniki bazasının və təhsil infrastrukturunun təkmilləşdirilməsinə də diqqət yetirilir. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Turizm Peşə Məktəbinin və Mingəçevir Turizm Kollecinin infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulub.

Proqramın icrası nəticəsində turizm üzrə təhsil proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması, peşə təlimlərində iştirak edən şəxslərin və turizm ixtisasları üzrə məzunların sayının artırılması, eləcə də turizm sahəsində çalışanlar arasında müvafiq təhsil alan şəxslərin payının yüksəldilməsi gözlənilir.

Sənəddə yüksək nəticə göstərən abituriyentlərin turizm ixtisaslarını seçməsinin təşviq edilməsi, həmçinin turizm sənayesi subyektlərinin təhsil layihələri üzrə əməkdaşlığa marağının artırılması da nəzərdə tutulur.

Xatırladaq ki, avqustun 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Nəşr edilib : 20.08.2026 17:49