NAXÇIVAN :

13 Sentyabr 2026, Bazar

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

...

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov Özbəkistan Respublikası Vəkillər Palatasının dəvəti ilə bu ölkənin paytaxtı Daşkənd şəhərində səfərdə olub.
Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Aydın Axundov türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə “Türk dövlətlərinin vəkillər birliklərinin statusunun möhkəmləndirilməsi məsələləri: Türk dövlətlərinin təcrübəsi” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.
Tədbirdə Özbəkistan və Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Vəkillər kollegiyalarının rəhbərliyi iştirak edib.
Dəyirmi masanın əsas məqsədi Türk dünyası Vəkillər kollegiyaları arasında qarşılıqlı təcrübə və fikir mübadiləsinin aparılması, mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, habelə vəkillik institutunun inkişafı istiqamətində birgə təşəbbüslərin müzakirəsi olub.
Tədbiri giriş nitqi ilə açan Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Şuxrat Sadikov görüşün əhəmiyyətindən danışıb və vəkillik institutunun statusunun möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Mərasimdə çıxış edən Aydın Axundov türkdilli dövlətlərin vəkillər birlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Sədr müavini Azərbaycan Respublikası Vəkillər Kollegiyasında son illərdə həyata keçirilən islahatlar çərçivəsində rəqəmsallaşma, institusional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətlərində əldə etdiyi nəticələr barədə məlumat verib.
Həmçinin sədr müavini birgə təlim və ixtisasartırma proqramlarının təşkili, müasir hüquq sahələri üzrə bilik və təcrübə mübadiləsinin aparılması, elektron xidmətlərdən istifadə edilməsi, eləcə də peşə etikası və davranış qaydalarının harmonizasiyasının əməkdaşlığın əsas prioritetləri olduğunu söyləyib.
Aydın Axundov çıxışının sonunda cari ilin dekabr ayında I Bakı Beynəlxalq Vəkil Görüşünün keçiriləcəyini diqqətə çatdıraraq, görüş iştirakçılarını həmin beynəlxalq tədbirdə iştirak etməyə dəvət edib.
Dəyirmi masa çərçivəsində Türk dünyası Vəkillər kollegiyaları arasında gələcək əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

Nəşr edilib : 13.09.2026 20:10