Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin ə...
16:10 19.01.2026
0
0
0
NAXÇIVAN :
19 Yanvar 2026, Bazar ertəsi
Ümummilli Lider Heydər Əliyev: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqa arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib.”
Naxçıvanı hər zaman qəlbinə yaxın bilən, bu qədim yurdun inkişafı naminə ömrünü səfərbər etmiş Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yolumuza yön verir. Şəhərin mərkəzində ucalan Heydər Əliyev Muzeyi isə dahi rəhbərin nümunəvi həyat yolunu, zəngin irsini və çoxşaxəli fəaliyyətini əks etdirən ən dəyərli məkan kimi seçilir. Muzeyi ziyarət edərkən diqqətimizi xüsusilə bir bölmə cəlb edir: Ulu Öndərə ünvanlanmış məktublar. Bu məktublar xalqın ona olan dərin güvən hissinin, etimadının və minnətdarlığının ifadəsi olmaqla yanaşı, ölkə və millət üçün çox əhəmiyyətli tarixi şəxsiyyət olduğunu bir daha nümayiş etdirir. Milyonlarla insanın ümid dolu baxışları bir nöqtəyə, dövlətçiliyimizin taleyini dəyişə biləcək şəxsə yönəlmişdi. Müstəqilliyini böyük qurbanlar bahasına qazanan xalq bu yolun davamında məhz dahi lider Heydər Əliyev kimi təcrübəli, qətiyyətli və uzaqgörən bir lider görmək istəyirdi.
Tarixi vərəqləyən zaman yadımıza Ulu Öndərin “Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm” sözlərini xatırlayırıq. Dahi rəhbərin hakimiyyətə qayıdışı ölkənin taleyində dönüş nöqtəsi oldu. Onun siyasi səhnəyə yenidən qayıtdığı ilk gündən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində ən vacib addımlar atıldı. Ölkədə dərin siyasi-iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı, müstəqil dövlətin inkişaf yoluna mane olan daxili və xarici təhlükələrə qarşı isə qəti və ardıcıl mübarizə aparıldı. Ziyalılar, sənət adamları, təsərrüfat işçiləri, bir sözlə, xalqın hər bir nümayəndəsi Heydər Əliyev dühasına inandı və ümid etdi ki, yalnız belə bir təcrübəli dövlət xadimi müstəqil Azərbaycanı gözlənə bilən bütün təhlükələrdən xilas etməyə qadirdir.
Muzeydə nümayiş etdirilən məktubları oxuyan zaman məlum gerçəyi bir də xatırlayırıq: 1990-cı ilin əvvəlləri Azərbaycan xalqının yaddaşına həm milli mübarizə, həm də ağır sınaqlar dövrü kimi həkk olunub. Həmin illərdə Naxçıvan Muxtar Respublikasında blokada şəraiti hökm sürür, siyasi gərginlik hər gün yeni risklər yaradırdı. Məhz belə bir zamanda azərbaycanlı soydaşlarımızın Mehri rayonunda girov götürülməsi bölgədəki real təhlükənin göstəricisi idi. 1991-ci ilin 16 dekabrında Bakıdan Naxçıvana gələn sərnişin qatarının Mehri dəmir yolu stansiyasında Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılması, günahsız insanların girov götürülməsi bölgədə gərginliyi daha da artırmışdı.
Muxtar respublika belə bir şəraitdə olduğu bir vaxtda bu cür insident həm psixoloji, həm də humanitar təzyiq vasitəsi sayılırdı. Lakin həmin günlərdə vəziyyətin gedişatını bir faktor dəyişdi ki, bu da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin prinsipial siyasi mövqeyi və qətiyyətli diplomatiyası idi. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat Mərkəzinin məlumatı” başlıqlı yazını oxuyan zaman aydın olur ki, Ulu Öndərin Ermənistan Prezidenti Levon Ter-Petrosyanla apardığı birbaşa telefon danışıqları nəticə vermiş və girov götürülmüş üç nəfər dərhal muxtar respublikaya qaytarılmışdır.
Bu o dövrün reallığında silahlı qarşıdurmaların, inamsızlığın və xaosun hökm sürdüyü bir mərhələdə böyük diplomatik uğur sayılırdı. Yazının ardını oxuduğumuz zaman 1992-ci il 6 yanvar tarixdə Naxçıvanın Ordubad rayonu ilə Ermənistanın Mehri rayonu sərhədində iki ölkənin hüquq-mühafizə orqanlarının nümayəndələri arasında razılaşdırılmış görüşün keçirildiyini görürük. Bu görüş nəticəsində girov saxlanılan sonuncu iki azərbaycanlı, Əsədov Xanbala Ağabala oğlu, Babayev Qərib Səhrab oğlu Naxçıvan tərəfinə təhvil verilib. Bu hadisə təkcə girovların azad edilməsi ilə məhdudlaşmadı, elə həmin tarixdən etibarən Bakı-İrəvan dəmiryolu xəttinin Mehri-Naxçıvan sahəsi üzrə yükdaşımalar bərpa olundu. Bu, münaqişə şəraitində belə dialoqun mümkünsüz olmadığını göstərən mühüm fakt idi. Bu məlumat o dövrün siyasi mənzərəsini geniş şəkildə açır.
Dəmir yolu xəttinin açılması və girovların qaytarılması bir daha sübut etdi ki, Naxçıvanın taleyində Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi həlledici rol oynayıb. Bu hadisə həm də muxtar respublikanın blokada şəraitində belə öz mövqeyini qorumağa çalışdığını, danışıqlar masasında güclü tərəf kimi çıxış etdiyini göstərirdi. Dövlətçilik təcrübəsinin təməli məhz belə anlarda qoyulur: risklər böyük, imkanlar isə məhdud olduqda. 7 yanvar 1992-ci il tarixdə Mətbuat Mərkəzi tərəfindən yayılmış və “Heydər Əliyevin imzası ilə təsdiqlənmiş” məlumat Naxçıvanda o günlərin gərgin nəfəsini tam şəkildə hiss etdirirdi. Bu sənəd yalnız tarixi hadisəni əks etdirmir, həm də çətin dövrün siyasi mübarizəsini açıq-aydın gözlər önünə gətirirdi.
Girovların azad edilməsi ilə bağlı atılan addımlar Naxçıvana və bütövlükdə, Azərbaycana verilən siyasi mesaj idi. Xalqın təhlükəsizliyi, insan taleyi və milli maraqlar üçün qətiyyətli liderlik həmişə həlledici rol oynayır. Bu məktublar azərbaycanın bütün rayonlarından ünvanlanırdı. Məktubları oxuyan zaman görürük ki, yalnız 1993-cü ilin gərgin, od-alov içində keçən günlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə ölkənin müxtəlif bölgələrindən bir-birinin ardınca gələn məktublar bir ailənin fəryadı, bir ananın gözyaşı, bir ömürlük möhnətin izahı idi. Hər kəs bu yurdu ümid yeri kimi görürdü. Azərbaycanın müxtəlif rayonlarından göndərilən bu müraciətlərdə insanların ən böyük istəyi əsir düşənlərin geri qaytarılması idi.
13 may 1993-cü ildə İmişli Rayon İcra Hakimiyyətinin ünvanladığı məktubda 1971-ci il təvəllüdlü Abbas İmamverdi oğlu Qəhrəmanovun taleyi barədə bir məlumat yer alır. 1992-ci ilin avqustunda səfərbərliklə hərbi xidmətə çağırılan Qəhrəmanov təlimləri başa vurduqdan sonra Ağdərə döyüşlərinə göndərilmiş, Mehmanə istiqamətində gedən ağır döyüşlərdə itkin düşmüşdü. Sonradan müxtəlif mənbələrdən toplanan məlumatlar onun Ermənistanın Kirovakan şəhərində əsirlikdə saxlanıldığını göstərirdi. Valideynlərinin tək ümidi isə Naxçıvana, bir sözlə, Heydər Əliyevə ünvanlanan məktuba bağlanmışdı. Məktub ümid dolu bir cümlə ilə sona çatırdı: “A.İ. Qəhrəmanovun əsirlikdən azad olunmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik”.
15 aprel 1993-cü ildə Bərdə Rayon İcra Hakimiyyətindən göndərilən məktubda isə başqa bir ailənin müraciəti yer alırdı. 1971-ci il təvəllüdlü, rayonun Şorəlli kənd sakini İlqar Tapdıq oğlu Əliyev 711 nömrəli hərbi hissənin tərkibində döyüşmüş, 7 oktyabr 1992-ci ildə isə Laçının Sus kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. Ailənin əldə etdiyi məlumata görə, İlqarın da taleyi Abbas kimi İrəvanın Kirovakan bölgəsində ilişib qalmışdı. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı M.M.Əliyevin imzası ilə göndərilən məktub bu sözlərlə tamamlanırdı: “Aldığımız məlumata görə, oğlumuz Kirovakan rayonundadır”. Bu bir cümlənin arxasında isə bir ailənin ümidi, nigaran gözləyən valideynlərin fəryadı dayanırdı.
18 may 1993-cü il tarixli növbəti məktub Xətai Rayon İcra Hakimiyyətindən göndərilmişdi. Burada adı çəkilən şəxs həkim Mübariz İlyas oğlu Məmmədov könüllü olaraq silaha sarılan, Ağdərə döyüşlərində iştirak edən və 1992-ci ilin sentyabrında yaralı halda əsir düşən bir döyüşçü idi. Onun həyat yoldaşı Müdafiə Nazirliyinə və müxtəlif qurumlara dəfələrlə müraciət etsə də, dəyişdirilmə prosesi nəticəsiz qalmışdı. Xətai Rayon İcra Hakimiyyəti Heydər Əliyevə bu sözlərlə üz tuturdu: “Onun körpə övladının və cavan həyat yoldaşının mənəvi əzabdan qurtulması üçün Mübariz bəyin dəyişdirilməsi məsələsində bizə yardımçı olmağınızı xahiş edirik”.
Bu məktubların hər biri ayrı-ayrı insanların taleləri idi, lakin hamısının içində tək bir ümumi nida vardı əsirlikdə olan “Vətən oğullarının geri qaytarılması”. 1993-cü ildə hər məktub taleyin bir qapısını döyürdü, hər imza bir ailənin son ümidi idi. Bu yazışmalar o dövrün siyasi xəttinin yox, millətin yaşadığı faciənin canlı şahidlərindən biridir. Oxuduğumuz məktublar bir daha təsdiq edir ki, həmin dövrdə Ulu Öndərin qətiyyətli iradəsi, zəmanət verən sözü və hər addımında xalqına bağlılığı insanlara güc verirdi. Naxçıvan blokada altında çarpışarkən də, sərhədlər boyunca təhlükə hökm sürərkən də, əsir düşmüş oğulların taleyi hər bir ailənin qəlbini yandırarkən də xalq bir həqiqətə inanırdı. Ulu Öndərə ünvanlanmış yüzlərlə, minlərlə məktub həm o dövrün ağrı-acısını, həm də xalqın öz liderinə sonsuz etimadını yaşadan canlı salnamədir.
Bu məktublar bir daha sübut edir ki, müstəqilliyin ağır yükünü çiyinlərinə alan, xalqın taleyini öz taleyi bilən lider bir millətin dayağı, sığınacaq yeri, ümidi olur. Bu gün biz o məktubların tarixə çevrilmiş fəryadlarını oxuyan nəsil olaraq daha yaxşı anlayırıq ki, dövlətçiliyin möhkəm təməli məhz o çətin illərdə, o sınaqların içində qoyuldu. Heydər Əliyevin siyasi iradəsi təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın xilası üçün həlledici bir qüvvə oldu. Zaman dəyişir, nəsillər yenilənir, amma o illərin dərsləri və Ulu Öndərin ideyaları dəyişməz olaraq qalır. Bu məktublar isə bir həqiqəti daim xatırladır ki, xalqın gücü Ümummilli Lider Heydər Əliyevdən olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin də gücü xalqından gəlirdi. Bu gün də, sabah da, gələcək nəsillər üçün də Onun sönməz ideyaları yolumuzu işıqlandıran əbədi bir məşəldir. Ulu Öndərin adı, irsi və xalqına bəslədiyi sevgi kimi, xalqımızın ona olan hörməti də daim yaşayacaq.
Bülbül Quliyeva
Rafiq TƏHMƏZ
Digər xəbərlər