Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazı...
18:34 13.11.2026
0
0
0
NAXÇIVAN :
13 Noyabr 2026, Cümə
Dünəndən bu günə, bu gündən sabaha uzanan bir ömrün monoloqu
105 ildir ki, sözüm var…
Mən bu torpağın neçə-neçə səhərinə açılmışam. Neçə nəslin sevincinə, qayğısına, ümidinə, narahatlığına şahid olmuşam. Zamanın dəyişən üzünü görmüş, tariximizin ən mürəkkəb, ən taleyüklü anlarını səhifələrimə köçürmüşəm. Bəzən bir kəndin quruculuq xəbərini, bəzən bir insanın sevincini, bəzən də bütöv bir xalqın taleyinə təsir edən hadisələri oxucularıma çatdırmışam. İllər keçib, nəsillər dəyişib, hadisələr tarixə qovuşub. Mən isə hər dövrün yaddaşında öz sözümü yaşatmağa çalışmışam.
1921-ci ilin noyabrında “Cavanlar həyatı” adı ilə dünyaya göz açmışam. Naxçıvanın ilk mətbu orqanı kimi başlayan bu yol sonralar “Füqəra səsi” adı ilə davam edib, 1922-ci ildən isə “Şərq qapısı” adı ilə tanınmağa başlamışam. O zaman qarşıda məni hansı taleyin gözlədiyini, neçə-neçə tarixi hadisənin şahidi olacağımı, bir əsrdən artıq yol keçəcəyimi, bəlkə də, heç kəs təsəvvür etmirdim...
Adlar dəyişib, dövrlər bir-birini əvəz edib, cəmiyyətin qarşısında yeni vəzifələr, yeni çağırışlar yaranıb. Ancaq mənim əsas missiyam – yaşadığım zamanın hadisələrini qeydə almaq, insanları məlumatlandırmaq, maarifləndirmək və ictimai fikrin formalaşmasına xidmət etmək – dəyişməyib.
Ömrümün ilk onillikləri asan keçməyib. Xüsusilə İkinci Dünya müharibəsi illərində səhifələrimdə faşizmə qarşı mübarizə, qələbəyə inam, Vətənə bağlılıq və insanları birliyə səsləyən çağırışlar mühüm yer tutub. Müharibənin ağır günlərində sözün də bir cəbhəsi vardı. Mən həmin cəbhədə öz qələmimlə dayanmış, oxucularımı mübarizəyə, dözümə, qələbəyə inama səsləmişəm. Vətənpərvərlik ruhunun yüksəldilməsinə, xalqın mənəvi birliyinin möhkəmlənməsinə xidmət etmişəm. O illərin qəzet səhifələri bu gün yalnız mətbuat tarixinin deyil, həm də xalqımızın müharibə dövründəki mənəvi mübarizəsinin sənədləridir.
Zaman irəliləyib, qarşıma yeni səhifələr açılıb. Ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilə ölkənin bütün bölgələrində olduğu kimi, Naxçıvanda da geniş quruculuq və inkişaf mərhələsi başlanıb. Yeni qəsəbələr, mikrorayonlar salınıb, zavod və fabriklər, məktəblər, elm və mədəniyyət ocaqları fəaliyyətə başlayıb, kənd təsərrüfatı inkişaf edib. Bu dəyişikliklər mənim səhifələrimdə də öz əksini tapıb. Hər yeni tikili, hər yeni müəssisə, hər bir uğur Naxçıvanın inkişaf salnaməsinə çevrilərək oxucularıma çatdırılıb.
Həmin illər mənim üçün həm də xüsusi bir qürur mənbəyidir. Nəşrimin 50 illik yubileyi münasibətilə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Şərəf nişanı” ordeni ilə təltif olunmuşam. Bu, yalnız bir qəzetin fəaliyyətinə verilən qiymət deyildi. Bu, illərlə xalqına xidmət edən, maarifçilik missiyasını daşıyan, ictimai həyatın salnaməsini yaradan mətbuat orqanının əməyinə göstərilən diqqət idi. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi həmin illərdə milli-mənəvi dəyərlərin qorunması, Azərbaycançılıq düşüncəsinin yaşadılması üçün yaranan imkanlar mənim də səhifələrimdə öz ifadəsini tapıb. Sözün ictimai təsir gücü, mətbuatın maarifçilik missiyası və milli kimliyin təbliği mənim fəaliyyətimin əsas istiqamətlərindən olub.
Ancaq tariximin ən taleyüklü səhifələri hələ qarşıda idi…
Ötən əsrin 90-cı illəri Naxçıvan üçün ağır sınaqlar dövrü idi. Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin yeni mərhələyə qədəm qoyduğu, ölkənin siyasi taleyinin həll olunduğu, Naxçıvanın isə blokada şəraitində ciddi çətinliklərlə üzləşdiyi həmin illərdə mən də tarixin məsuliyyətini daşıyırdım. Səhifələrimdə yalnız baş verən hadisələri qeydə almır, həm də xalqın düşüncəsini, müstəqillik arzusunu, dövlətçilik iradəsini ifadə edirdim.
1990-cı il iyunun 22-də Moskvadan Naxçıvana qayıdan Ümummilli Lider Heydər Əliyevin ilk müsahibəsini məhz mənim səhifələrimdə verməsi ömrümün ən unudulmaz hadisələrindən biridir. “Daha susa bilməzdim” sərlövhəli həmin müsahibə mənim üçün, sadəcə, bir jurnalist söhbəti deyildi. Bu, Azərbaycanın gələcək siyasi taleyində mühüm rol oynayacaq tarixi şəxsiyyətin xalqı ilə yenidən görüşünün, öz düşüncələrini, mövqeyini və mübarizə əzmini ifadə etməsinin mühüm bir anı idi.
Həmin müsahibədə Ulu Öndər mənim haqqımda belə demişdi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Bu sözlər mənim üçün zamanın sınağından keçmiş ən böyük mənəvi qiymətlərdən biridir. Bir vaxtlar gənc Heydər Əliyevin mütaliə etdiyi, bilik və dünyagörüşünün formalaşmasında bəhrələndiyi qəzetin illər sonra onun tarixi missiyasının mühüm məqamlarından birinə şahidlik etməsi necə də mənalıdır. Bu müsahibə mənim səhifələrimə köçən növbəti yazı olmaqla yanaşı, Azərbaycan dövlətçilik tarixinin yaddaşında yaşayan sənədə çevrilib.
1990-1993-cü illərdə Ümummilli Liderin Naxçıvandan başlatdığı xilaskarlıq və müstəqillik missiyasının ictimaiyyətə çatdırılmasında, dövlətçilik ideyalarının təbliğində mənim də üzərimə böyük məsuliyyət düşürdü. Həmin illərin mürəkkəb siyasi prosesləri, qəbul edilən tarixi qərarlar, xalqın mübarizə əzmi və gələcəyə inamı səhifələrimdə öz əksini tapıb. Bu gün o materialları vərəqləyərkən təkcə keçmişin hadisələrini deyil, müstəqil dövlətçiliyimizin təməllərinin hansı çətinliklər və mübarizələr bahasına möhkəmləndiyini də görmək mümkündür. Mənim arxivimdə qorunan həmin yazılar Naxçıvanın və Azərbaycanın yaxın tarixini öyrənmək üçün qiymətli mənbədir.
Mənim yaddaşım yalnız böyük tarixi şəxsiyyətlərin, siyasi qərarların və ictimai hadisələrin yaddaşı deyil. Burada bir müəllimin ömründən, bir ziyalının düşüncəsindən, bir fəhlənin zəhmətindən, bir kəndin quruculuq tarixindən, bir sənətkarın yaradıcılığından da izlər var. Müxtəlif illərdə redaksiyamda çalışan jurnalistlər, redaktorlar, ədəbi işçilər, texniki əməkdaşlar bu ömrün yaranmasına öz töhfələrini veriblər. Kimisi ilk yazısını burada dərc etdirib, kimisi jurnalistlik fəaliyyətinə bu redaksiyada başlayıb, kimisi uzun illər qələmi, biliyi və peşəkarlığı ilə nüfuzumun qorunmasına xidmət edib. Onların hər birinin zəhməti mənim tariximin ayrılmaz hissəsidir. Çünki qəzetin ömrünü yalnız çap olunan nömrələr deyil, o nömrələrin arxasında dayanan insanların əməyi də yaşadır.
İndi isə başqa bir zamandayam. Dünya dəyişib, informasiya sürət qazanıb, oxucunun xəbərə münasibəti və informasiya əldə etmək vərdişləri yenilənib. Bir vaxtlar çap olunmasını gözlədiyim xəbərlər indi saniyələr ərzində dünyanın müxtəlif guşələrinə çatır. Müasir texnologiyalar jurnalistikaya yeni imkanlar açır, amma bu imkanlarla yanaşı, yeni məsuliyyətlər də gətirir. İnformasiya bolluğunda həqiqəti seçmək, faktı dəqiqləşdirmək, etibarlı mənbəyə söykənmək, operativliklə peşəkarlığı uzlaşdırmaq əvvəlkindən daha vacibdir. Sürət xəbəri uzaqlara çatdıra bilər, ancaq onun dəyərini müəyyən edən yenə də həqiqətə sədaqətdir.
Mən də zamanla ayaqlaşmalıyam. Çap səhifələrimlə yanaşı, elektron platformalarda, sosial şəbəkələrdə, multimedia mühitində də oxucularımla görüşməliyəm. Ancaq bu yenilənmə mənim tarixi kimliyimi unutmağım demək deyil. Əksinə, 105 illik təcrübəmi müasir jurnalistikanın imkanları ilə birləşdirməli, Naxçıvanın ictimai, iqtisadi, elmi və mədəni həyatını daha geniş auditoriyaya çatdırmalıyam. Arxivlərimdə qorunan materiallar araşdırılmalı, tarixi sənədlər yeni nəsillərə təqdim edilməli, keçmişin təcrübəsi gələcəyin jurnalistləri üçün öyrənilən bir məktəbə çevrilməlidir.
Mənim sabahım da məhz bu məsuliyyətdən başlayır. Oxucuma yalnız məlumat çatdırmaq deyil, onun düşünməsinə, müqayisə aparmasına, hadisələrin mahiyyətini anlamasına kömək etmək istəyirəm. Cəmiyyət üçün əhəmiyyətli mövzuları araşdırmaq, faktlara söykənmək, fərqli fikirləri peşəkar şəkildə işıqlandırmaq, ictimai marağı diqqətdə saxlamaq müasir media fəaliyyətimin əsas istiqamətləri olmalıdır. Tarixi irsimə sadiq qalaraq yeni dövrün tələblərinə cavab vermək, ənənə ilə yeniliyi uzlaşdırmaq mənim qarşımdakı əsas vəzifədir.
105 il… Bu rəqəmin arxasında nə qədər insan ömrü, nə qədər zəhmət, nə qədər hadisə və xatirə dayanır. Neçə-neçə nəsil mənim səhifələrimlə böyüyüb, neçə-neçə insan öz sözünü burada yaşadıb. Bu gün də redaksiyamda yeni nömrə hazırlanır. Yazılar oxunur, faktlar dəqiqləşdirilir, başlıqlar seçilir, səhifələr formalaşır. Bir əsrdən artıq əvvəl ilk nömrəmi əlinə alan oxucu ilə bugünkü oxucum arasında böyük zaman məsafəsi var. Amma mənim əsas amalım dəyişməyib: yaşadığım dövrün həqiqətini yazmaq, yaddaşı qorumaq və gələcəyə söz qoymaq.
İndi geriyə baxanda bir daha anlayıram ki, qəzetin yaşı təqvimdəki illərlə ölçülsə də, onun əsl ömrü oxucusunun yaddaşında yaşayır. Mənim 105 illik yolum da məhz bu yaddaşın içindən keçir. Dünənin hadisələri bu günün tarixinə, bu günün sözü isə sabahın xatirəsinə çevrilir.
Mən dünəndən bu günə gəlmişəm. İndi isə bu günü sabaha daşımaq istəyirəm. Çünki zaman dəyişir, nəsillər yenilənir, informasiya vasitələri fərqli şəkillər alır, amma sözün məsuliyyəti dəyişmir. Mənim də yaşamaq, yenilənmək və gələcəyə çatmaq istəyim elə bu məsuliyyətdən doğur.
105 ildir ki, yazıram. Və hələ yazılacaq çox sözüm var…
Rəmzi TAHİRLİ
Digər xəbərlər