NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

12 iyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü ilə əlaqədar olaraq Naxçıvan şəhərində monitorinqlər keçirilib

...

Monitorinqlər Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri, Naxçıvan Şəhər Polis İdarəsi, habelə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhəri ərazisində yerləşən bir sıra ictimai iaşə obyektlərində, “Cahan" Ticarət Mərkəzində və “Mərkəzi Bazar”da uşaq əməyindən istifadə hallarının aşkarlanması məqsədilə yerində baxış keçirilib.
Eyni zamanda maarifləndirmə məqsədilə hazırlanmış təbliğat vərəqələri, broşürlər könüllülərin iştirakı ilə vətəndaşlara paylanılıb, uşaq əməyinin zərərləri və qarşısının alınması ilə bağlı məlumatlandırma aparılıb.
Monitorinq zamanı “Cahan" Ticarət Mərkəzi ərazisində əmək fəaliyyətinə cəlb olunmuş 4 uşaq aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, həmin uşaqların yaşayış və təhsil ünvanları Naxçıvan şəhərinin inzibati ərazisinə daxil deyil. Bu səbəbdən müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yazılı şəkildə məlumat təqdim olunub.
Bu kimi tədbirlər uşaq hüquqlarının müdafiəsi və uşaq əməyinin qarşısının alınması istiqamətində görülən işlərin davamı olaraq həyata keçirilir.
Qeyd edək ki, monitorinqlər komissiya tərəfindən mütəmadi olaraq təşkil olunur.

Nəşr edilib : 13.06.2025 09:09