NAXÇIVAN :

11 May 2025, Bazar

Ağdamda muğam səsi

...

"Qarabağ, can Qarabağ, ana yurdum” bu nəğmə illərlə göz yaşı olub yanağımıza süzülsə də, biz artıq beş ildir ki, gülə- gülə zümzümə edirik bu mahnını. Özü də Ağdamda, Şuşada, Xankəndidə. Biz bütöv olmuşuq artıq. Vətənin gözləri yollardan da yığılıb, igid oğulları göz olub, əl olub, can olub bir qarış torpağa. Azad və artıq abad Ağdamda muğam havası yüksəlir. Ulu Öndərin bizimlə bərabər getmək istədiyi Şuşaya biz onun ruhuna minnətdarlıq edərək ayaq basırıq. Türkün atası Atatürkün adını daşıyan küçədə türklüyə şan qatan oğulları yad edir, bizə bağışlanan azad Qarabağ üçün Tanrıya əl açıb bu torpağı öz qanı ilə yoğurub Vətən edən oğullara “Ruhunuz şad olsun” ,– deyirik. Ali Baş Komandanın xalqı ilə birləşib, bir olub azad etdiyi torpaqlara həyat qayıdır, uşaqların gülüş səsləri qayıdır. Və ən əsası milli kimliyimiz, mədəniyyətimiz qayıdır. İllərlə Ağdama həsrət qalan Qarabağ atı öz torpağına ayaq basanda Ağdamı görmədən dünyaya gəlsə də, qəlbində yurd həsrəti , Qarabağ şikəstəsi zümzümə edə-edə böyüyən körpələrin səsləndirdiyi  muğamın sədası elimizə yayılır. Xoş duyğular bəxş edir bizə. 
Hər gəlişi ilə  qədəm qoyduğu torpağa sevinc, abadlıq gətirən ölkə başçısı Ulu Öndərin doğum günündə də ziyarət etdiyi Ağdama, Xocalıya, Şuşaya yenə bir xoş ab-hava gətirdi. Ən yaddaqalan məqamlar isə Atatürk küçəsinin açılışı və Ağdamda sənətkarlarla, ölkə başçısı ilə  birlikdə “Can Qarabağ” ,– deyib gülə-gülə mahnı oxuyan uşaqlar oldu. Ürəkdən sevinərək Ağdamda öz doğma yurdlarında can Qarabağ deyən uşaqlar. Azad və bütöv Azərbaycanın gələcəyi uşaqlar. Hə, bir də ölkə başçısının kövrəlməyi... 
O an, bəlkə də, bu sevinci atası ilə birlikdə yaşamaq, dahi rəhbərdən xoş sözlər eşitmək  arzusu keçdi ürəyindən. Axı hər bir oğulun ən böyük arzusu atasından “Oğul, səninlə fəxr edirəm” kəlməsini eşitməkdir.      
 Ulu Öndər “Mən ona özüm qədər inanıram” , –  deyib vəsiyyət edəndə biz də ona inanmışdıq.  Bu xalq ona inanıb arxasınca getmişdi.  Getdik və bu yol Zəfər yolu oldu biz birləşib yumruq olanda. Bu yol bütöv Vətən oldu. Bu yol baş ucalığı, alın açıqlığı oldu. 
Bu gün O, yanımızda olmasa da, ürəyimizdədir. Bu gün hər bir ata, hər bir ana övladına işıqlı gələcək bəxş edən Müzəffər Ali Baş Komandanla fəxr edir. Biz sizinlə fəxr edirik deyir. Bütöv Vətən, qalib Azərbaycan öz İlham oğlu ilə qürur duyur.

Nəşr edilib : 10.05.2025 22:30