NAXÇIVAN :

07 May 2025, Çərşənbə

Azərbaycan və yeni geosiyasi reallıq

...

Prezident İlham Əliyev: “Ancaq mən daha çox hesab edirəm ki, ölkələrin suverenliyi toxunulmaz olmalıdır və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Biz buna nail  ola bilmişik. Bizim işimizə heç kim qarışa bilməz. Cəhdlər olub? Bəli, olub. Olacaq? Yəqin ki, olacaq. Nəticə olub? Yox və olmayacaq”.

Qlobal dünya siyasətində mühüm dəyişikliklərin proqnozlaşdırıldığı 2025-ci ildə ölkəmizin milli maraqlarının daha qətiyyətli müdafiəsi və formalaşmış yeni geosiyasi reallığa uyğun vektorların müəyyən olunması dövlət başçımız Prezident cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqaməti kimi bütün mötəbər platformalarda və nüfuzlu media qurumlarında diqqətlə izlənilib, təhlil olunur. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın iqtisadi və hərbi sahədə qazandığı uğurlar və həmçinin ölkəmizdə ictimai-siyasi və sosial sahələrdə bərqərar olmuş sabitlik hazırkı mürəkkəb qlobal konyunkturada dövlət başçımızın apardığı xarici siyasətə güc qazandıran faktorlar kimi bu təhlillərdə diqqətləri cəlb etməkdədir. Şübhəsiz, dünya siyasətinə yön verən böyük dövlətlərin və onların liderlərinin ambisiyaları, konkret olaraq onların ölkəmizlə münasibətdə tutduqları mövqelərinə qarşı adekvat siyasət aparılması, bu mənada, Prezident cənab İlham Əliyevin gündəliyində əsas yer tutur.
Hazırkı mövcud regional və qlobal geosiyasi reallığa baxdıqda ilk olaraq Azərbaycanla dost və qardaş olan dövlətlərin sayının çoxalması və ölkəmizin onlarla girdiyi qarşılıqlı siyasi və iqtisadi münasibətlərdə xüsusi çəkisinin sürətlə artmasını görə bilərik. Dünyanın ən güclü iqtisadi və hərbi gücü ABŞ-də respublikaçıların təmsilçisi D.Trampın yenidən hakimiyyətə gəlməsi ilə bundan əvvəlki prezident dövründə ölkəmizə qarşı aparılmış qərəzli münasibətlərə yenidən baxılması perspektivləri, bu mənada, gözlənilən ciddi geosiyasi dəyişiklik kimi bizi də dərindən maraqlandırır. Belə ki, həmin dövrdə Azərbaycanın qarşılaşdığı haqsız ikili standartlar və göstərilən nankorluğa qarşı dövlət başçımızın sərgilədiyi sərt mövqe ölkəmizin nüfuzunun və iqtisadi maraqlarının qorunmasına yönəlməklə bu gün təkcə ABŞ-yə deyil, onun müttəfiqi və ona qarşı olan digər güclərə də ciddi bir xatırlatmadır. Ölkəmizə qarşı çirkin qarayaxmaları, xüsusən ərazi bütövlüyümüzün tam bərpasından sonra ağlı-qaralı bütün hay sevdalılarının qopardığı hay-həşiri yada saldıqda xüsusən ötən 4 ildə dövlət başçımızın belə mürəkkəb geosiyasi vəziyyətdə apardığı uğurlu siyasətin dəyərini bir daha görmüş oluruq. Bu baxımdan hələ ABŞ-dəki andiçmə mərasimindən bir ay ötməmiş buraya səfər etməyi planlayan Paşinyanın qoca Baydenin gedərayaq yıxıla-dura Ermənistanla bağladığı müqavilələri pozmamasını yeni prezidentdən necə xahiş edəcəyi və komandasında ermənipərəst şəxslərin də az olmadığı kapitalist Trampın buna hansı reaksiya verəcəyini zaman göstərəcək. 
Sərhədlərin qarışıq, rənglərin isə daha qarma-qarışıq olduğu müasir geosiyasi xəritə qarşısında kimin kimə inandığını, kimin hansı dinə qulluq etdiyini vaxtında çözmək üçün dövlətlərin tarixinə və onların liderlərinin fərdi tarixçəsinə bələd olmaq, münaqişələrdən bəhrələnən ölkələrin maraqlarını bilmək lazımdır. Bu mənada, Avropa İttifaqı rəsmilərinin ölkəmizə qarşı yönəlmiş dırnaqarası binokl diplomatiyasına qarşı dövlət başçımızın sərt mövqeyinə qoca qitənin diplomatları hamıdan yaxşı bələddirlər. Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, Avropa İttifaqı rəsmilərinin belə binokl şousu ədəbsiz davranış kimi sonda onların adına xələl gətirir. Doğrudan da, bunun başqa bir adı yoxdur. Qarabağa Bakıdan səfər edib buradakı reallıqları görmək əvəzinə qorxaqca Ermənistanla sərhəddən Azərbaycanı binoklla izləmək, yumşaq desək, qeyri-dost davranış kimi, sadəcə, təəssüf edilə bilər. Hər halda sağlam dünyanın ziddinə olaraq insanlarının sosial həyatında rənglərin də bir-birinə qarışdığı ürəkbulandırıcı qoca Avropadan belə hiyləgər münasibətləri də görmək təəccüblü olmamalıdır.
Müasir qlobal geosiyasi səhnədə yol-nəqliyyat, kommunikasiya və logistika məsələləri üzərində ciddi oyunlar qurulmaqda, normal dövlətlər bir-biri ilə qarşılıqlı faydalı əlaqələr yaratmaqdadır. Son onilliklər ərzində dünyada baş verən münaqişə və nifrət zəminində yolkəsənləri artıq dünya yaxşı tanıdığından dörd istiqamətdə Azərbaycanı kəsib keçən kommunikasiya xətlərinə olan maraqlar ölkəmizin geosiyasi aktor kimi də nüfuzunu artırır. Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində mühüm tranzit mövqe tutan Azərbaycan bunu digərlərinə qarşı bir sanksiya aləti deyil, tam əksinə, hər kəsin qazana biləcəyi, xüsusən də dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq daha az karbon tullantılı və daha çevik logistika xidmətləri verə bilən bir qovşaq fürsəti kimi hər kəsə təklif edir. Ermənistanın ikiqəpiklik uydurma “sülh kəsişməsi” layihəsinin əksinə olaraq Azərbaycanın Şanxaydan Londona uzanan Orta Dəhliz üzərində inşa etdiyi etibarlı körpülər təkcə ölkələrarası münasibətlərin deyil, həm də mədəniyyətlərarası dialoqun da möhkəm sütunlarından biri kimi diqqətləri cəlb edir. 
Bu mənada, təkcə Cənubi Qafqazda deyil, bütün yaxın regionlarda daşları yerindən oynadaraq yeni geosiyasi mənzərə formalaşdırmış 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanı Azərbaycanla birbaşa birləşdirəcək və Naxçıvanın blokadasına, nəhayət ki, son qoyacaq olan Zəngəzur dəhlizinə qarşı çıxan qüvvələrə Prezident cənab İlham Əliyevin tutarlı arqumentlərinin arxasında məhz tarixi gerçəkliklərə və müasir reallıqlara dayanan dərin təhlil dayanır. Bu təhlillərdə zaman-zaman xalqımızın qanını tökmüşlərə onların keçmişinin xatırladılmasından tutmuş müasir dövrdə mürəkkəb geosiyasi şəraitdə düşdükləri çətin vəziyyətə görə Azərbaycana edilən müraciətlərə qarşı göstərilən münasibətlərə qədər hər detal açıqca görünür. Daha da dəqiq desək, 1920-ci ildə Moskvanın Azərbaycan xalqına qarşı necə bir cinayət törədərək Qərbi Zəngəzuru Ermənistana hədiyyə etməsini, eləcə də bundan əvvəl və bundan sonrakı tarixi cinayətləri də vaxtı gələndə ünvanına deməyi də dövlət başçımız yaxşı bacarır. Prezidentimizin ifadəsi ilə desək: “Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır”. Göründüyü kimi, Zəngəzuru heç zaman unutmayacağımızı bir strateji xətt kimi hər kəs yaxşı bilməlidir. Çünki Azərbaycan xalqı Qarabağ xanının öldürülməsindən tutmuş ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsini, dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılmasını, 20 Yanvar qırğınını, torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalını və Xocalı soyqırımının səbəbkarlarını yaxşı bilir. 
Cənubi Qafqaz müasir geosiyasi maraqların tam kəsişmə nöqtəsində olmaqla Ukrayna və Yaxın Şərqdə və ya dünyanın digər münaqişə ocaqlarında mövqelərini itirən tərəflərin öz varlığını yenidən ortaya atması baxımından əlverişli məkandır. Məhz quru xəzəl kimi hər küləyin qarşısında sağa-sola yellənən Ermənistan ucbatından böyük dövlətlər Cənubi Qafqazı əlinə almağa çalışmaqla bu ölkəni yeni münaqişələr üçün ehtiyat kart kimi istifadə etməyə çalışırlar. Amma istənilən erməni liderinə xas olan faşizm iddialarını ifşa edən Prezidentimiz Cənubi Qafqazın burada yaşayan xalqların evi olduğunu dəfələrlə vurğulamaqla Azərbaycanın da  bölgənin aparıcı ölkəsi kimi, məsuliyyət nöqteyi-nəzərindən  xüsusi çəkiyə malik olduğunu burada qarışıqlıq salmaq istəyənlərin diqqətinə çatdırmışdır. 
Ətrafımızdakı geosiyasi  vəziyyətə tam nəzarət edən Azərbaycan isə antiterror əməliyyatından sonra Xankəndidə yaxalanmış müharibə canilərini mühakimə etməklə kim olursa-olsun ədalətsiz oyunları ilə on minlərlə insanın ölümünə, yüz minlərlə insanın fəlakətinə səbəb olan hər bir kəsin sonunda məhkəmə qarşısında cavab verəcəyini bəyan etməkdədir. Bu bəyanatla dünya, xüsusən də özlərini dünyadan böyük hesab edən beş böyüklər görürlər ki, əgər bir zamanlar əkdikləri qan, zülm və işğal toxumları düyünlənib boğazlarına keçirsə, bu heç də yeni bir geosiyasi oyun deyil, uca ədalətin gec, amma güc təntənəsidir. Hazırda özünün ən güclü dövrünü yaşayan suveren Azərbaycan Respublikası bu təntənəyə şahid olmaqla dünyanı da ədalətə çağırır. 

Əli CABBAROV
 

Nəşr edilib : 07.02.2025 19:20