NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Daha bir ailənin sevinci

...

Bu gün ölkəmizdə sosialyönümlü layihələrin  həyata keçirilməsi diqqət   mərkəzindədir. Sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər bu siyasətin ana xəttini təşkil edir. Ötən günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına etdikləri  səfər çərçivəsində Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzinə də baş çəkiblər. Onlar burada mərkəzin müxtəlif bölmələri ilə tanış olaraq tibbi reabilitasiya və uşaqlara göstərilən xidmətlərlə maraqlanıblar. Həmçinin  səfər zamanı fiziki imkanları məhdud olan Hüseyn və Həsən Pənahov qardaşları ilə  tanışlıq olub və onlara  fond tərəfindən xüsusi dəstək göstərilib. Bizdə Pənahovlar ailəsi ilə görüşdük.  Hüseynin və Həsənin  anası Nargilə xanım fondun göstərdiyi diqqət və yardıma görə dərin minnətdarlığını bildirdi:

 – Leyla xanım və Arzu xanımın şəxsən bizimlə görüşməsi, övladlarımın vəziyyəti ilə maraqlanması bizə böyük mənəvi güc verdi,  bizi çox sevindirdi.  Hüseynin 15, Həsənin isə 12 yaşı var. Hər bir valideynin arzusu övladını sağlam, təhsilli və uğurlu bir fərd kimi yetişdirməkdir. Onlar doğuşdan serebral iflic xəstəliyindən əziyyət çəkirlər. Hərəkət məhdudiyyətləri səbəbindən gündəlik həyatları çətinliklərlə doludur. Lakin bu yardım övladlarım üçün bir ümiddir.   Biz artıq tək olmadığımızı hiss edirik. Fondun bu diqqəti bizə yeni güc verdi.

 Nargilə xanım  göstərilən  belə qayğını heç vaxt unutmayacağını da dilə gətirdi.

Heydər Əliyev Fondunun sosial layihələri çərçivəsində bu kimi humanitar təşəbbüslər mütəmadi olaraq həyata keçirilir və ölkənin müxtəlif bölgələrində aztəminatlı ailələrin rifah halının yüksəldilməsinə xidmət edir. Nəticə olaraq  sosial qayğıdan bəhrələnən ailələr cəmiyyətin dəstəyini hiss etdikcə daha güclü, daha dayanıqlı olur. Onların rifahı həm sosial ədalətin təcəssümüdür, həm də gələcək nəslin sağlam inkişafının zəmanətidir.

Bülbül QULİYEVA

Nəşr edilib : 07.05.2025 17:27