Azərbaycan və İtaliya arasında kənd təsərrüfatı se...
22:18 27.06.2025
0
0
0
NAXÇIVAN :
28 Iyun 2025, Şənbə
Bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməyə həsr etmiş Ümummilli Lider Heydər Əliyev daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək çox qətiyyətli, müdrik qərarlara imza atmış, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin və xalqımızın inkişafını təmin etmişdir. O, hələ sovet ittifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin müstəqilliyinin sütunlarını yaratmağa başlamış, bütün fəaliyyətini bu istiqamətə yönəltmiş, müasir Azərbaycanın bugünkü reallıqlarını və etibarlı əsaslarını qura bilmişdir.
Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Öz əməlləri ilə mənsub olduğu xalqın taleyini, tarixini dəyişdirmiş, milli kimliyini qürur və fəxarət mənbəyinə çevirmiş şəxsiyyətlər xalqının milli yaddaşında əbədiyaşarlıq hüququ qazanmışlar. Bu gün müstəqil kimliyi və öz dövləti ilə dünya səhnəsində yer alan xalqların taleyini də məhz belə tarixi şəxsiyyətlər müəyyənləşdirmişlər. Azərbaycan xalqı üçün belə möhtəşəm əməllərə imza atmış şəxsiyyət və böyük lider isə, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev olmuşdur. Təsadüfi deyil ki, bu gün dahi rəhbərin adı müstəqil və suveren Azərbaycanın simvolu kimi səslənir. Çünki görkəmli dövlət xadimi Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olmuş və o, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik ideallarını gerçəkləşdirməyə nail olmuşdur.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Dahi şəxsiyyət görüşlərinin birində deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bu istəyini, arzusunu reallığa çevirdi.
Ölkə başçısı 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” fikirləri ilə Prezidentlik dövrünün əsas hədəflərini reallığa çevirdiyi üçün keçirdiyi hissləri xalqla bölüşdü. Ölkə Prezidenti tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə səfərlərində Qələbə sevincini xalqla bölüşdü, bu torpaqların əsl sahibinin məhz Azərbaycan xalqı olduğunu dünyaya çatdırdı. Dünya hərb tarixində ilkə imza atan Azərbaycan müharibədən dərhal sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu gün həmin ərazilərə Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azad Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir.
Artıq təsdiqini tapmış faktdır ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsi rolunu oynayıb. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirib, dünyada böyük hörmət qazanıb. Ölkədə uğurla davam etməkdə olan islahatlar dövlətimizin və xalqımızın bu günü, gələcəyi üçün həlledici amil rolunu oynayır.
Bugünkü Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. 2003-cü ildən başlanan yol böyük yolun davamı kimi dəyərləndirilir. Həmin ildən başlayaraq Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Uğurlu daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqlarının qorunmasında, həm də ölkəmizin dünyanın siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Ümummilli Lider Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” müraciətində Prezident İlham Əliyevə böyük etimadını ifadə edirdi. Təbii ki, Azərbaycan xalqı heç bir tərəddüd etmədən və əminliklə Ümummilli Liderin bu müraciətinə dəstək verərək cənab İlham Əliyevə yüksək etimad göstərdi. Ulu Öndərin siyasətinin ardıcıllığının təmin olunmasını dəstəklədi.
Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident İlham Əliyev isə bu gücə söykənərək xalqın inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqımızın mənafeyini rəhbər tutmuşdur. Dövlət başçısı xalqa müraciətlərinin birində müstəqil siyasət həyata keçirməyin əhəmiyyətini bu fikirlərlə çox aydın ifadə etmişdir: “Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir”.
Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə yeni tarixini yazır. Əlbəttə, Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Amma Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Ordusunun zəfər yürüşü, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Qurtuluş savaşı aparan Şanlı Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşməndən təmizləyərək zəfər tarixi yazdılar. Biz 30 ilə yaxın ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Ötən müddətdə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri Prezident İlham Əliyevin “Zəfər Yolu” adlandırdığı Şuşaya çəkilən 101 kilometr uzunluğunda olan yoldur.
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa həmçinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül” və “Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Otel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.
Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Onun sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər, çağırışlar və bəyanatlar milli həmrəyliyimizin daha da möhkəmlənməsi üçün əvəzsiz töhfədir.
Müstəqil Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəridir. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-siyasi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.
Turan MƏMMƏDLİ
Digər xəbərlər