NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

Elvin Həziyev: “Yeni təlimlər bilik və bacarıqların artırılmasına xidmət edir”

...

“Naxçıvan Təlim Mərkəzi tərəfindən yeni təlimlərə start verilib”. Bunu “Şərq qapısı” qəzetinə açıqlamasında mərkəzin Layihələri idarəetmə şöbəsinin mütəxəssisi Elvin Həziyev bildirib. O qeyd edib ki, “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində insan kapitalının gücləndirilməsi, dövlət idarəçiliyində kadr potensialının artırılması və gənclərin peşəkar inkişafına töhfə vermək məqsədilə bir sıra təlimlər həyata keçirir: “Mərkəzin təşəbbüsü ilə təşkil olunan bu təlimlər həm gənclərin, həm də müxtəlif sahələrdə çalışan mütəxəssislərin bilik və bacarıqlarını artırmağa yönəlib. Təlimlər dövlət qurumlarında çalışan şəxslər üçün ödənişsiz əsasda təşkil olunur. Bununla yanaşı, artıq ödənişli təlimlərə də start verilib. Yeni təlim proqramları, əsasən, PR və kommunikasiya, SMM, Excel proqramının öyrənilməsi, kibertəhlükəsizlik, data analitika, dövlət satınalmaları və tender prosesi, layihələrin idarə olunması, mühasibat uçotu və kargüzarlıq sahələrini əhatə edəcək. Bu təlimlər üzrə qeydiyyat prosesi növbəti ayın 10-dək davam edəcək. Qeydiyyat başa çatdıqdan sonra qrupların formalaşdırılması nəzərdə tutulur. Qruplar hazır olduqdan sonra təlimlərə start veriləcək. Onu da qeyd edim ki, Təlim Mərkəzi olaraq ehtiyac duyulan sahələr üzrə artıq araşdırmalar aparırıq. Məqsədimiz şəxslərin ehtiyaclarına uyğun təlim proqramları hazırlamaq və onların səriştə və bacarıqlarını inkişaf etdirməkdir”.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 12.06.2025 17:40