Prezident İlham Əliyevin adından Vyetnam Kommunist...
21:56 07.05.2025
0
0
0
NAXÇIVAN :
08 May 2025, Cümə axşamı
AMEA Naxçıvan Bölməsində 9 May – Faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə elmi konfrans keçirilib.
Elm tədbirini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik söylədiyi giriş nitqində İkinci Dünya müharibəsinin başlamasının səbəbləri, Hitler Almaniyasının arzusunda olduğu yeni dünya nizamını gerçəkləşdirmək siyasəti, ozamankı SSRİ-nin müharibəyə daxil olmasından sonra tərkibindəki respublikaların da müharibədə iştirakından danışıb. Hitler Almaniyasının məğlub edilməsində Azərbaycanın həlledici rolundan, xalqımızın bu mübarizədə göstərdiyi fədakarlıqdan, müharibənin ən qızğın cəbhələrində, arxa cəbhədə, partizan hərəkatında göstərdiyi şücaətdən bəhs edib. Müharibənin ümumi itkiləri, Azərbaycan üçün nəticələri, döyüşlərdə iştirak edən, qəhrəmanlıqla həlak olan soydaşlarımızla bağlı statistik göstəriciləri diqqətə çatdırıb.
Akademik çıxışının davamında 1941-1945-ci illər müharibəsində azərbaycanlılardan ibarət 8 milli diviziyanın yaradılması, onların qəhrəmanlığı və dünyada aparılan müharibələrin bəşəriyyətə vurduğu zərərlərdən danışıb.
Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və Ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “1941-1945-ci illər müharibəsində Azərbaycanın iştirakı”, institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Naxçıvanlı döyüşçülər müharibə cəbhələrində” və kiçik elmi işçi Səfər Əliyev “Naxçıvanlıların arxa cəbhədəki fəaliyyəti” mövzusunda məruzə ediblər.
Məruzələrdə 1941-1945-ci illər müharibəsi barədə Ümummilli Lider Heydər Əliyevin söylədiyi fikirlərdən gətirilən sitatlar əsasında onun tariximizdəki yerindən, Nasist Almaniyasının dünyanı yenidən bölüşdürmək niyyətindən, qələbənin qazanılmasında Azərbaycan neftinin önəmindən bəhs olunub. Azərbaycanlıların istər ön və arxa cəbhədə, istərsə də partizan hərəkatında aktiv iştirakı ilə bağlı fakt və məlumatlar diqqətə çatdırılıb.
Məruzələr müharibədə Azərbaycan xalqının nümayiş etdirdiyi iradə və dözümlülük, milli diviziyalarımızın keçdikləri döyüş cəbhələri, Qafqaz cəbhəsindən Berlinə qədər döyüşlərdə naxçıvanlıların qəhrəmanlığı, Sovet İttifaqı Qəhrəmanı, eləcə də digər təltif və mükafatlara layiq görülmüş həmyerlilərimiz, arxa cəbhədə zəhmətkeşlərin fəaliyyəti və başqa məsələləri əhatə edib.
Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.
Digər xəbərlər