NAXÇIVAN :

27 Iyun 2025, Cümə

Elxan Nəcəfov: "Məqsədimiz şəffaf və obyektiv qiymətləndirmə ilə müəllimlərin peşəkarlığını artırmaqdır"

...

Bu gün keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesi zamanı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov cari il üzrə keçirilən sertifikatlaşdırma ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda muxtar respublikada 2025-ci il üzrə müəllimlər üçün sertifikatlaşdırma prosesinin növbəti mərhələsinə başlanılıb. Bu proses ölkə üzrə mərkəzləşdirilmiş qaydada aparılır. Sertifikatlaşdırma prosesinin ilk günündə 60-a yaxın müəllim cəlb olunub. İmtahan müddəti 120 dəqiqədir və 60 sualdan ibarətdir. Hər bir sual bir balla qiymətləndirilir. 30 baldan yuxarı nəticə göstərənlər müsahibə mərhələsinə cəlb olunur. 30-50 bal aralığında nəticə göstərən və müsahibədə uğur qazanan müəllimlər 10 faiz əməkhaqqı artımı ilə təmin olunur. 51-60 bal aralığında nəticə göstərən və müsahibədə uğur qazanan müəllimlərə isə 35 faiz əməkhaqqı artımı tətbiq olunur.

Məktəblərdə sertifikatlaşdırma prosesi bir neçə əsas istiqaməti əhatə edir: müəllim yönümlü, məktəb yönümlü və ümumilikdə, təhsil və tədris yönümlü yanaşmalar. Bu prosesin əsas prioritetlərindən biri müəllimlərin əmək şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Eyni zamanda məqsəd müəllimlərin savadlılıq və peşəkarlıq səviyyəsinin ölçülməsi, onların bilik və bacarıqlarının daha obyektiv qiymətləndirilməsi və nəticə etibarilə, məktəbə və təhsilə olan töhfələrinin artırılmasıdır.

Sertifikatlaşdırma prosesi tam şəffaf şəkildə təşkil olunub. Prosesin ilk günü Naxçıvan Muxtar Respublikasında infotur təşkil olunub. Bu infotur çərçivəsində hökumət üzvləri, rəsmi nümayəndələr, ictimaiyyət nümayəndələri, mətbuat mənsubları və digər aidiyyəti şəxslər imtahan prosesi ilə yerində tanış olublar.

Proses bütün namizədlər üçün bərabər imkanlar əsasında təşkil edilib. İmtahanlar elektron formatda həyata keçirilir və hər bir iştirakçı imtahan bitdikdən sonra nəticələrini sistem üzərindən şəffaf şəkildə görə bilir.

İnanırıq ki, yaradılmış bu şərait və indiyədək müəllimlərimiz üçün təqdim edilən dəstək, nəticə etibarilə, uğurlu nəticələrə səbəb olacaq.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi olaraq, Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun şəkildə sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlər üçün bütün resurslar təmin olunub. Bu resurslara videomateriallar, proqram təminatı, sınaq imtahanları və digər tədris vasitələri daxildir. Müəllimlərimiz bu imkanlardan geniş şəkildə faydalanıblar.

Ümumilikdə, Naxçıvanda 350-yə yaxın müəllimin sertifikatlaşdırma prosesində iştirak edəcəyi gözlənilir. Əminik ki, bu müəllimlər uğurlu nəticə göstərəcək, peşəkarlıqla fəaliyyətlərini davam etdirəcək və məktəblərimizə, şagirdlərimizə daha da yüksək səviyyədə töhfə verəcəklər.

Fürsətdən istifadə edərək, bugünkü infoturda iştirak edən ictimaiyyət nümayəndələrinə, media mənsublarına və dövlət rəsmilərinə təşəkkür edirəm. Prosesin bütün mərhələləri ictimaiyyətə açıq şəkildə təqdim olunacaq və məlumatlar şəffaf şəkildə paylaşılacaqdır.

Nəşr edilib : 18.06.2025 11:53