NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

Müstəqil Azərbaycanın qurtuluş mərhələsi

...

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizi parçalanmaqdan, milli müstəqilliyimizi itirilmək təhlükəsindən xilas etdi, separatçılıq hərəkət­lərinin qarşısı qətiyyətlə alındı, ölkədə əmin-amanlıq bərqərar oldu. Bununla da müasir Azərbaycan tarixinin Milli Qurtuluş mərhələsi, həqiqi müstəqillik mərhələsi başlan­dı.­ Yaşadığımız, şahidi olduğumuz tarix özü sübut edir ki, Milli Qurtuluş Günü tərəqqi, intibah dövrünə aparan mərhələnin başlanğıcıdır. Xalqımız hər il bu günü ümumxalq bayramı kimi Ümummilli Liderə dərin minnətdarlıq hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu Öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaqdır”.

Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanın suverenliyini, xalqın rifahını və ölkənin beynəlxalq arenada mövqeyinin güclənməsini əsas prioritet kimi müəyyənləşdirdi. 1995-ci ilin noyabrında müəllifi Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Ölkədə dövlət quruculuğu, iqtisadi islahatlar üçün normativ-hüquqi baza formalaşdırılmağa başlanıldı.  

Müstəqilliyi qoruyub saxlamaq, inkişaf etdirmək onu əldə etməkdən qat-qat çətindir. Məhz dahi Heydər Əliyev siyasi iradəsi, uzaqgörənliyi, gərgin və yorulmaz fəaliyyəti ilə itirilməkdə olan müstəqilliyimizi qoruyub saxladı, günbəgün möhkəmləndirdi, bu qiymətli sərvətin sarsılmazlığını, dönməzliyini və əbədiliyini təmin etdi. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Bu gün Ulu Öndərimizin bizə ərməğan etdiyi Azərbaycanın dövlət müstəqilliyi etibarlı əllərdədir. Xalqımız Prezident İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin əbədiliyinə, xalqımızın firavan gələcəyinə, ölkəmizin inkişaf və tərəqqisinə qarant olan yeni bir lider qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti ölkəmizin demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyişi, siyasi sabitliyin davamlılığı sosial problemlərin həlli və iqtisadi inkişafın sürətləndirilməsinə səbəb olmuşdur. İnamla demək olar ki, bu siyasətin davam etdirilməsi gələcək illərdə ölkəmizə sosial-iqtisadi inkişaf, əhalinin rifah halının yüksəldilməsi sahəsində yeni-yeni uğurlar gətirəcəkdir. Qədirbilən xalqımız müstəqilliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ideyalarını əsas tutaraq müstəqillik yolu ilə inamla daha xoş gələcəyə doğru irəliləyir.  

Bu irsi uğurla davam etdirən Prezident İlham Əliyev Ulu Öndərin ideyalarını yeni dövrün çağırışlarına uyğunlaşdıraraq Azərbaycanı dünyanın diqqət mərkəzinə çıxaran güclü bir lider oldu. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Bu müharibə yalnız torpaqların işğaldan azad edilməsi deyildi. Bu həm də Azərbaycanın milli kimliyinin, qürurunun və suverenliyinin dünyaya sübutu idi. Xalq-dövlət – ordu birliyi, Ali Baş Komandanın müdrik qərarları ilə əsl qəhrəmanlıq dastanı yazdı. Bu zəfər Azərbaycan xalqının gücünü, iradəsini və əyilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azad edilməsi ilə xalqımız 30 illik nisgilin və haqsızlığın sona çatdığını gördü. Bu qələbə Azərbaycanın qlobal miqyasda öz haqqını qoruyan, prinsipial mövqeyi olan güclü bir dövlət olduğunu təsdiqlədi.

Azərbaycanın bu möhtəşəm zəfəri beynəlxalq siyasi səhnədə yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət, ölkəmizin beynəlxalq münasibətlərdə fəal rol almasına, qlobal məsələlərdə söz sahibi olmasına şərait yaratdı. Bu gün Azərbaycan, qlobal problemlərin həllində təşəbbüskar mövqeyi ilə diqqət çəkir. Xüsusilə iqlim dəyişiklikləri və ekoloji təhlükəsizlik məsələlərinin dünya miqyasında həlli istiqamətində atdığı addımlarla Azərbaycan təkcə regionda deyil, bütün dünyada etimad qazanıb.

Bu şərəfli yolun mühüm iştirakçılarından biri də Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Onun fəaliyyəti ölkənin sosial, mədəni və humanitar sahələrinin inkişafına əvəzsiz töhfələr verir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirdiyi layihələrlə Azərbaycanın dünya miqyasında tanınmasına xidmət edir. Onun təşəbbüsləri sayəsində Azərbaycanın tarixi abidələri bərpa edilir, milli mədəniyyətimiz qorunur və beynəlxalq səviyyədə təbliğ olunur.  Mehriban xanımın apardığı bu işlər Azərbaycanın tolerantlıq və humanizm dəyərlərini dünyaya nümayiş etdirir.

Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində ölkəmiz işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq və bərpa işləri aparır. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərlər salınır, yeni infrastruktur qurulur, tariximizin və mədəniyyətimizin izləri yenidən dirçəlir. Bu quruculuq həm də Azərbaycanın güclü, qüdrətli və yenilməz bir dövlət olduğunu sübut edir.

Azərbaycan xalqı öz gələcəyini İlham Əliyevə etibar edərək onu Prezident seçəndə həm də Ulu Öndər Heydər Əliyevin xalqa müraciətini dəstəkləyirdi. Ulu Öndər deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ötən illərin sosial-siyasi, hərbi-iqtisadi, elmi-mədəni yüksəlişini göz önünə gətirəndə, Azərbaycan Respublikasının dünya dövlətləri cərgəsində indiki mövqeyini görəndə bu sözlərin nə qədər uzaqgörənliklə söylənildiyinə bir daha əmin oluruq. Azərbaycan xalqı o vaxt öz tarixi seçimini düzgün müəyyənləşdirdiyi üçün bu gün ölkəmiz haqlı olaraq beynəlxalq aləmdə sabitlik və inkişafın qibtəolunacaq ünvanına, ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk dövlət kimi mübarizlik simvoluna çevrilib.   

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi, Dövlət Bayrağını Xankəndi şəhərində dalğalandırdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu fakt həm də milli dövlətçilik tarixində sovet ittifaqının dağılmasından sonra ərazi bütövlüyümüzün bərpası, Qələbəmizin tam təmin və rəsmi təsdiq olunması kimi yaddaşımıza həkk edildi.

Ata nəsihətini əsl oğul ləyaqəti ilə yerinə yetirən Prezident İlham Əliyev çağdaş Azərbaycanın tarixinə öz adını hər zaman parlayacaq qızıl hərflərlə həkk etməyi bacardı. Ona görə də 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə dastanı həm də böyük Zəfər salnaməsidir.

Bu gün qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi, hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Ümummilli Liderimiz Heydər Əliyevin müstəqillik, inkişaf strategiyasının, ümummilli mənafelərin dövlət siyasətinə çevrilməsinin bəhrəsidir ki, Azərbaycan proqressiv inkişaf yolunda inam və qətiyyətlə irəliləyir. Bu eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi,  bu böyük ideyaların sədaqətlə yaşadılması nəticəsində qazanılan möhtəşəm uğurlardır: “Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz Ulu Öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk”.

Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə – dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Dövlət başçısının qeyd etdiyi kimi: “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.

Sevinc BABAYEVA

Naxçıvan Dövlət Universitetinin müəllimi

Nəşr edilib : 13.06.2025 17:30