NAXÇIVAN :

27 Iyun 2025, Cümə

Qızlar Liseyinin məzunu 690 balla muxtar respublikada birinci olub

...

Dövlət İmtahan Mərkəzi tərəfindən ölkə üzrə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Nəticələrə əsasən I ixtisas qrupu üzrə Naxçıvan Muxtar Respublikasında ən yüksək nəticəni Naxçıvan şəhərində fəaliyyət göstərən Qızlar Liseyinin məzunu Sehrin Cəfərova göstərib. O, buraxılış və qəbul imtahanlarının nəticələrində, ümumilikdə, 690 bal toplayaraq muxtar respublika üzrə ən yüksək nəticəni əldə edib.

Sehrin Cəfərova sevincini “Şərq qapısı” qəzeti ilə bölüşüb: "Mən Qızlar Liseyinin məzunuyam. Arzum Bakı Ali Neft Məktəbində kimya yönümlü bir ixtisas üzrə təhsil almaqdır. Bu məqsədə çatmaq üçün gecə-gündüz səylə çalışdım. I ixtisas qrupu üzrə imtahan verərək yüksək nəticə qazandım. Bu uğurda ailəmin və müəllimlərimin rolu əvəzsizdir. Onlar daim yanımda oldular, mənə inandılar və dəstək göstərdilər".

Sehrin uğur qazanmağın əsas sirrini düzgün və məqsədyönlü hazırlaşmaqda görür: "Məncə çox oxumaqdan daha vacibi düzgün və planlı şəkildə oxumaqdır. Hər gün konkret məqsəd və istiqamətlə çalışmaq daha səmərəli nəticə verir. Eyni zamanda qəbul tipli sınaq imtahanlarında mütəmadi iştirak real imtahan üçün psixoloji və praktiki hazırlıq baxımından vacibdir".

Qeyd edək ki, Qızlar Liseyi son illərdə təhsil sahəsində qazandığı nailiyyətlərlə seçilir.
Bu nəticə təkcə lisey üçün deyil, bütün muxtar respublika üçün uğurlu  göstəricidir.

Nəşr edilib : 20.06.2025 14:23