NAXÇIVAN :

06 May 2025, Çərşənbə axşamı

Rəsmi Ağ Ev: “ABŞ Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”

...

Azərbaycan dünya nizamının formalaşdırılması istiqamətində müxtəlif siyasi platformalardan, ali tribunalardan bəşəriyyəti sülhə, təhlükəsiz birgə yaşayışa, əmin-amanlığa səsləyir, qlobal problemlərlə mübarizəyə dair çağırışlar edir. Respublikamızın bütün bu addımların timsalında regional və beynəlxalq dialoqa xidmət edən çoxvektorlu, balans­lı siyasəti dünyanın aparıcı ölkələri tərəfindən birmənalı şəkildə dəstəklənir, rəğbətlə qarşılanır. Çoxtərəfli əməkdaşlığın inkişafı, regionlararası münasibətlərin tənzimlənməsi kimi humanist prinsiplərə söykənən bu siyasi xətt Azərbaycan-ABŞ əlaqələri üçün də strateji əhəmiyyətli mühüm perspektivlər açır və xüsusilə hazırkı məqamda ölkəmizin Ağ Evin yeni administrasiya ilə yaxınlaşmasında müsbət gözləntiləri daha da artırır.
Ümumiyyətlə, son 20 ilə yaxın beynəlxalq və regional müstəvidə cərəyan edən siyasi-iqtisadi proseslər belə deməyə əsas verir ki, ölkəmizin ABŞ-nin respublikaçılar administrasiyası ilə birgə fəaliyyətində müsbət tendensiya davamlı xarakter daşıyıb. Prezident İlham Əliyev də bu il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda siyasi ekspertin sualına cavab olaraq rəsmi Bakı ilə Ağ Ev arasındakı əlaqələrin tarixinə nəzər saldı, münasibətlərin inkişafı üçün yaxşı təcrübə olduğunu vurğuladı: “Mənim şəxsi təcrübəm nöqteyi-nəzərindən, – mən bunu dəfələrlə bölüşmüşəm, – sözsüz ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub. Mən prezident kimi fəaliyyətə 2003-cü ildə, Prezident Corc Buşun dövründə başlamışam və iki ölkə arasında münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək qiymətləndirirdik və ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini açıq şəkildə bəyan edirdik”.
Ölkə başçısının da qeyd etdiyi kimi, istənilən münasibətin, əlaqənin hazırkı vəziyyəti və gələcəyi onun keçmişindən, qazanılan təcrübədən böyük mənada asılıdır. Elə Azərbaycan-ABŞ əməkdaşlığını da bu baxımdan xarakterizə etmək olar. Belə ki, Azərbaycan-ABŞ münasibətlərinin yeni dönəmdə necə olacağı ilə bağlı daha da əmin fikirlər irəli sürmək üçün öncə Tramp administrasiyasının hakimiyyətdə olduğu birinci dövr – 2017-2021-ci illərdə Cənubi Qafqaza dair cərəyan edən hadisələri, regional və beynəlxalq miqyaslı siyasi-iqtisadi məsələləri analiz etmək lazımdır. Təqvimi geri çevirəndə ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində müsbət dinamikanın hökm sürdüyünü göstərən bir sıra faktlara rast gəlirik: İlk olaraq əvvəllər dəfələrlə gündəmə gətirilən və ölkələrarası münasibətlərə ciddi xətər yetirən, Azərbaycana dövlət yardımı qadağasını nəzərdə tutan 907-ci düzəlişin Donald Trampın birinci dönəmində hər il dondurulmasını vurğulaya bilərik. Sözsüz ki, diqqətə çəkiləsi ən əsas amil məhz respublikaçıların hakimiyyəti dövründə ölkəmizin 30 il işğalda qalan torpaqlarını azad etməyə nail olmasıdır. Nəzərə alaq ki, 2020-ci il sentyabr-noyabr aylarında, yəni II Qarabağ müharibəsi dönəmində Amerikada qızğın seçki kampaniyası gedirdi və Tramp erməni seçicilərin dəstəyini qazanmaqdan ötrü müharibənin gedişatına təsir göstərə bilərdi. Ancaq həmin vaxt anti-Azərbaycan siyasəti aparan, haqlı mövqeyimizə fərqli don geyindirməyə çalışan Qərb dairələrindən fərqli olaraq ABŞ tərəfindən Azərbaycanın beynəlxalq hüquqa xidmət edən missiyasını uğurla tamamlamağa maneə yaradacaq hər hansı ciddi addım atılmadı. 
Rəsmi Bakının respublikaçılarla yaxınlığını göstərən ikinci mühüm amil isə iqtisadi sahədə ölkəmizin təşəbbüslərinin dəstəklənməsi faktıdır. Belə ki, Donald Tramp birinci dönəmdə Azərbaycanın irəli sürdüyü mühüm enerji layihələrinin icrasına töhfə verib, regional və beynəlxalq enerji təhlükəsizliyinin təmininə xidmət edən addımları yüksək qiymətləndirib. Bu baxımdan XXI əsrin ən böyük layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin reallaşması prosesini xüsusi qeyd etmək lazımdır. Tramp 2018-ci ildə layihənin rəsmi açılışı ilə əlaqədar öz dəstəyini həmin ili enerji sahəsində uzun müddətdir, davam edən Amerika-Azərbaycan əməkdaşlığında inanılmaz bir nailiyyət kimi dəyərləndirməklə ifadə edib, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində münasibətlərin zirvəyə yüksəldiyini vurğulayıb. 
Ağ Ev administrasiyası ilə yeni dönəmdə əlaqələr barədə müsbət fikirlər yaradan əsas nüanslardan biri də Cənubi Qafqazda müharibə ocağı qalamağa çalışan, işğalçı dövlətə dəstəyini əsirgəməyən Bayden demokratlarından fərqli olaraq respublikaçıların sülhü, dialoqu, əməkdaşlığı ön plana çəkməsidir. Və təbii olaraq, bu dəyişiklik ermənilərin məkrli planlarının da, böyük mənada, qarşısını alaraq onları məyusluğa qərq edib. Prezident İlham Əliyevin də dediyi kimi: “Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik”. Hayları dilxor edən digər bir məqam isə Donald Trampın Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu və orada yer alan fikirlərdir. Bəli, cənab Tramp məktubda açıq-aşkar ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Başqa sözlə, Ağ Ev də “Qarabağ Azərbaycandır!” – deyir. “Super güc” respublikamızın regional sülh və əməkdaşlıq istiqamətində atdığı addımlardan məmnundur və bu addımlara dəstək verir: “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın regional sülh və əməkdaşlıq istiqamətində atdığı addımlar dedikdə təkcə Ermənistanla münasibətlər nəzərdə tutulmur. Rəsmi Bakının təqdim etdiyi sülh platformasından dost, qonşu ölkələr də yararlanır və konkret nəticələr də vardır. Nümunə üçün demək olar ki, Türkiyə və İsrail münasibətlərinin normallaşmasında, ilk uğurlu barışıqda respublikamızın vasitəçilik missiyası böyük rol oynayıb. Təbii ki, bu mütərəqqi addım da Birləşmiş Ştatların maraqlarına tam uyğundur və Azərbaycanla yaxınlaşmasına töhfə xarakteri daşıyır. Təsadüfi deyildir ki, Donald Tramp təbrik məktubunda da Azərbaycanın Ağ Evin tərəfdaşı İsrailə dəstəyini, onunla dostluğunu dəyərləndirdiyini vurğulayır.
Ümumilikdə, respublikaçılar partiyasının birinci hakimiyyəti dönəmində Azərbaycan-ABŞ münasibətlərini, eyni zamanda ikinci dövr başlayan kimi dərhal anti-Azərbaycan trendinin dayandırılması faktını, hazırkı vəziyyəti nəzərdən keçirəndə əlaqələrin müsbət tendensiya ilə davam edəcəyi, daha da fəallığın müşahidə olunacağı qənaətinə gəlirik. Artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə təmaslar da baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul sayılıb. Digər tərəfdən, Ağ Evin yeni rəhbərliyinin gündəliyinə nəzər salsaq, ikitərəfli münasibətlərdə yeni dövrün tərəfdaşlığı gücləndirmək baxımından çox yaxşı imkanlar açacağını görə bilərik. Ən əsas məqam isə, şübhəsiz, Donald Trampın bəzi Avropa ölkələrinin riyakar münasibətlərini görməsi və buna müvafiq addımlar atmasıdır ki, bu da Azərbaycan-ABŞ maraqlarını ciddi şəkildə kəsişdirir. Prezident İlham Əliyevin də dediyi kimi: “Bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var. Bizim münasibətlərimizdə heç bir böhran yox idi. Bəli, münasibətlərimiz istədiyimiz kimi fəal deyildi, lakin bu, birinci prezidentlik dövrü idi. İndi Prezident Tramp və komandası Avropa İttifaqının ona qarşı riyakarlığını gördü, Avropa liderlərinin xanım Harrisi dəstəkləməklə ona qarşı sövdələşmənin arxasında necə durduğunu gördü, beləliklə, o bunu öz üzərində hiss etdi. Ona görə də ikinci prezidentliyi dövrü, – əlbəttə ki, bu mənim qiymətləndirməmdir, – birinci dövrlə müqayisədə daha fəal olacaq və daha çox diqqəti amerikalıların milli maraqlarına yönəldəcək”.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 25.04.2025 17:41