NAXÇIVAN :

27 Iyun 2025, Cümə

Şəhid atası: "Ölkə başçısının qayğıkeş əli hər zaman çiynimizdədir"

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə verilən ödənişlərin artırılması ilə bağlı yeni Fərman imzalamışdır. Fərmanda şəhid ailələrinə verilən fərdi təqaüdlərin artırılması da xüsusi olaraq vurğulanır. Bu qərar dövlətin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğının növbəti bariz nümunəsidir.
Bu münasibətlə Şərur rayonunun Çomaxtur kənd sakini, Vətən müharibəsi şəhidi Zülal Mədətlinin atası Rəhim Mədətovla həmsöhbət olduq. O, ölkə rəhbərliyinə minnətdarlığını bildirərək dedi:
"Oğlum Zülal Vətən uğrunda canından keçdi, iki övladı isə bu gün dövlətin diqqət və qayğısı altındadır. Prezidentimizin rəhbərliyi ilə şəhid ailələri heç vaxt unudulmur. Onların rifahı üçün bütün imkanlar səfərbər olunur. Mənzillə təmin olunma, aylıq sosial müavinətlər, tibbi dəstək və təqaüdlər şəhid ailələrinin həyatını yüngülləşdirir. Dövlət nə lazımdırsa edir ki, şəhid övladları heç nədən əziyyət çəkməsin. Ölkədə və dünyada baş verən iqtisadi dəyişikliklərə baxmayaraq, Prezidentimiz xalqını düşünür və sosial dəstəyi gücləndirir. İmzalanan bu son Fərman da şəhid ailələrinə olan hörmətin, qayğının bir nümunəsidir. Biz Ali Baş Komandanın qayğıkeş əlini hər zaman çiynimizdə hiss edirik".
Rəhim Mədətov əlavə edib ki, şəhid ailələrinin mənzil və digər sosial məsələlərinin həlli də diqqət mərkəzindədir. Onlar üçün yeni mənzillər inşa edilir, həyat şəraiti yaxşılaşdırılır və bu ailələr cəmiyyət tərəfindən də yüksək hörmətlə qarşılanır:
"Biz qürur duyuruq ki, Azərbaycanın tarixini dəyişən qəhrəman oğullar böyütmüşük. Vətənə qurban gedən övladlarımızın ailələri heç vaxt tək qoyulmur, hər zaman dövlətin və cəmiyyətin qayğısı ilə əhatə olunur”.


Rafiq TƏHMƏZ

Nəşr edilib : 13.06.2025 09:17