NAXÇIVAN :

27 Iyun 2025, Cümə

Söz yenə müqəddəsdir, söz yenə azaddır

...

Həsən bəy Zərdabinin  “Əkinçi” qəzetinin nəşri ilə əsasını qoyduğu milli mətbuatımız fəaliyyət göstərdiyi dövrdən böyük inkişaf yolu qət etmişdir. Milli Mətbuat Gününü bu il daha həvəslə gözləyir, 150 illik qocaman mətbuatımızın yubileyini xüsusi canfəşanlıqla qeyd etmək üçün  səbirsizlənirik. Prezident cənab İlham Əliyevin “Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam bu sahənin inkişafına, jurnalist əməyinə verilən  dəyərin bariz göstəricisidir. Bu sevindirici xəbəri eşitdikdən sonra illərini mətbuata, jurnalistika sahəsinə həsr edən,  təcrübəsi ilə gənc jurnalistlərin yoluna işıq tutan, Azərbaycanın Əməkdar jurnalisti 74 yaşlı Məlahət Allahverdiyevanın  mövzu ilə bağlı təəssüratlarını öyrənmək istədik. Ömrünün 42 ilini jurnalistikaya həsr edən Məlahət xanımla görüşüb, həmsöhbət oluruq. 

Öyrənirik ki, Məlahət Allahverdiyeva 1974-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) Jurnalistika ixtisası üzrə bitirmiş, təyinatla Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlamışdır. Müxtəlif illərdə kiçik redaktorluqdan şöbə müdirliyinə qədər yol keçən müsahibim deyir: “Jurnalistika  cəmiyyətə informasiya çatdırmaq, ictimai  fikri formalaşdırmaq və insanları maarifləndirmək məqsədi daşıyan fəaliyyət sahəsidir. Bu sahəni özünə peşə seçənlər aldıqları xəbərləri araşdırır, təhlil edir və müxtəlif informasiya vasitələri ilə təqdim edirlər. Hər bir jurnalist obyektivliyi, dəqiqliyi,  etik qaydaları gözləməlidir”.
Müsahibimin sözlərinə görə, işə başladığı ilk vaxtlarda radio və tele­viziya bir yerdə idi. Yəni burada çalışan hər bir jurnalist həftə ərzində həm televiziya, həm də radio üçün verilişlər hazırlayırdı. O deyir ki, belə işləmək elə də çətin deyildi. Çünki efir vaxtımız az idi. Lakin buna baxmayaraq, çətinliklərimiz də olurdu. O vaxtlar iş şəraiti elə də yaxşı deyildi. Verilişlər ağ-qara fonda çəkilirdi. Çəkiliş lentləri az idi. Çox vaxt fotodan istifadə edirdik. Nəqliyyat, operator baxımdan çatışmazlıqlarımız var idi, səsyazma, montaj işləri çətin idi. Verilişlərin hamısı canlı gedirdi. Zaman ötüb, dövr dəyişdikcə mətbuatda, eləcə də radio və televiziyada yeniliklər yarandı. Radio və televiziya sahələri ayrıldı. Mən isə radionu seçdim. 1991-ci ildən yenidən müstəqillik qazanan Azərbaycanda yeni mətbuat sahələri, radio və televiziya kanalları yarandı. Xalqımız söz azadlığı qazandı, bu azadlığın dad-tamını aldı. Bu gün mətbuat, radio və televiziya  hər kəsin söz demə tribunasına çevrilib. Onlayn platformalar,  sosial media – bütün bunlar informasiya dövrünün simasını dəyişib. Lakin istər kağız üzərində, istərsə də elektron ekranlarda bir həqiqət dəyişməz qalıb: “Söz yenə müqəddəsdir, söz yenə azaddır”.
Məlahət Allahverdiyeva bildirdi ki, 22 iyul 1875-ci ildə əsası qoyulan  Azərbaycan mətbuatı 150 illik tarixi ərzində çətin, lakin  şərəfli  bir inkişaf yolu  keçib.  Bu yol maarifçilikdən başlayaraq  milli mübarizəyə, müasir dövrdə isə söz azadlığına qədər uzanır. Yeni nəşr olunan çoxsaylı qəzet və jurnallar cəmiyyətin  sosial və mədəni həyatında fəal rol oynayır. İnternet mediası informasiyanın sürətli yayımına, yeni növ jurnalistikanın yaranmasına səbəb olub. Bu gün Azərbaycan mətbuatı obyektivliyi ilə cəmiyyətə xidmət edən informasiya mənbəyinə çevrilib. Bu yolu davam etdirən gənc jurnalistlər də qarşıya çıxan çətinlikləri dəf etməyi, ilk növbədə, obyektivliyi, dəqiqliyi qorumağı bacarmalıdırlar. 
İllərin  verdiyi təcrübə ilə gənc jurnalistlərə örnək olan  Məlahət Allahverdiyeva məsləhət görür ki, yaxşı yazmaq üçün çox oxumaq, mütaliəni diqqətdə saxlamaq, ölkəmizdə, eləcə də dünyada baş verən hadisələri daim izləmək, etibarlı mənbələrdən istifadə etmək lazımdır. Tənqidlərdən qorxmaq lazım deyil. Tənqid öyrənmək üçün, bəlkə də, bir fürsətdir. Bu şərtlə ki, öz peşəkar fəaliyyətinizi qoruya biləsiniz, obyektiv olasınız. Qısa, maraqlı yazmağa çalışın. Ümidvaram ki, bütün bunlar sizə uğur gətirəcək.
Məlahət xanımın timsalında media sahəsində əhalinin maariflənməsi, onlara lazımi informasiyanın vaxtlı-vaxtında çatdırılması  yolunda  gecəsini-gündüzünə qatan bütün həmkarlarımızı təbrik edir, “Sözünüz kəskin, qələminiz iti olsun!”–  deyirik.

 Türkanə ƏSƏDOVA

Nəşr edilib : 21.06.2025 11:27