NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Şuşanın dağları...

...

Şuşa. Azərbaycanın qədim mədəniyyət paytaxtı. 48 illik həyat səhifəmdə Şuşanı heç görmədim, ancaq çəkilən kadrlardan, yazılan məqalələrdən, kitablardan oxudum. Öyrəndim. Öyrəndim ki, Şuşa kimi bir incini elə görmədən də sevmək olarmış. O torpağa ayaq basmadan da doğmalığını, sevgisini hiss etmək mümkünmüş. Şuşa təpədən-dırnağa Azərbaycançılıq möhürü ilə tarixiləşmiş qədim yurd yerimiz, mədəniyyət ocağımızdır.

Dəyişməyən təqvim

8 may. Bu tarix illərlə ürəyimizi sızlatdı. O gün ki, Şuşa erməni faşizminin əsarətində sahiblərinin yolunu gözləyirdi. Müstəqilliyimizi daha yenicə qazandığımız dönəmdə, milli ordunun olmadığı bir ərəfədə erməni quldurları yaranan vəziyyətdən istifadə edərək illərlə xəyalında olduqları torpaqları qəsb etməyə başladılar. Beləcə, 1992-ci ilin 8 may tarixində Şuşa işğalın qurbanına çevrildi. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Bununla kifayətlənməyən erməni vandalları muzeyləri talan etdilər, tarixi-mədəniyyət abidələrini, məscidləri dağıtdılar, bir sözlə, şəhərin altını üstünə çevirdilər. Azərbaycanlılara məxsus izləri silmək üçün...

Qarabağın mirvarisi sayılan Şuşanın başı tarixən çox bəlalar çəkmişdi, saysız-hesabsız tarixi hadisələrə şahidlik etmiş, bəzən də döyüş meydanına çevrilmişdi. Şuşanın dağlarına çökən qara bulud bu cənnət diyarın simasını başdan-ayağa dəyişmişdi.

Düz 28 il Şuşanın dağları başı dumanlı qaldı. Qarabağın baş tacına uzanan qara əllər xan qızı Natəvanın, Bülbülün, Üzeyirin heykəllərinə qədər uzanmışdı. Daşdan yonulmuş sənət abidələrinə belə təhəmmül etməyən düşmən bu abidələri də gülləbaran etmişdi.

Hicrin edibdi könlümü bərbad, ağlaram...

“Çoxlar tutar bu halıma irad, ağlaram”, – deyə həssas qəlbinin incə duyğularını poetikləşdirərək dövrümüzə yadigar saxlayan Natəvan Şuşa üçün çox işlər görmüşdü. Adını Şuşa ilə qoşa andığımız bu fədakar qadın yurdunun abadlığı üçün çalışmış, xeyriyyəçilik fəaliyyəti ilə əhali arasında böyük nüfuz qazanmışdı. Canından çox sevdiyi yurdu işğal altına düşəndə qəmli şeirlər yazan Natəvanın narahat ruhu illərlə Şuşa səmasında dolaşdı. Lakin Şuşa tərk edilməmişdi, yağmalanmışdı, gün gələcək, Natəvanın zəncirlənmiş ruhu xilas ediləcək, şəhidlərin qisası alınacaqdı.

Yenilənən tarix

Dünya hərb tarixində özünəməxsus iz buraxmış 44 günlük müharibə əsarətə, zülmə, barbarlığa qarşı yönəlmiş savaş idi, haqqın səsi, ədalətin təntənəsi idi. Xeyrin şər üzərində qələbəsi idi. Dünyaya sülh mesajı idi, dosta uzanan əl, düşmənə tuşlanan “dəmir yumruq” idi. 2020-ci il sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatı ordumuzun qələbəsi ilə başa çatdı və bu qələbə Şuşada elan olundu. Düşmənin illərlə istehkam qurduğu keçilməz səddini müzəffər ordunun dəmir biləkli oğulları aşdı. Həyəcanla izlədiyimiz xəbərlərdə torpaqlarımızın qarış-qarış azad olunma müjdəsi, Ali Baş Komandanın qətiyyətli çıxışları, televiziya kanallarına verdiyi müsahibələr artıq bizim qələbənin astanasında olduğumuzdan xəbər verirdi. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın işğaldan azad olunması müjdəsini verdi. Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin həlledici anı oldu. 10 noyabr Bəyanatını imzalamaqla Ermənistan məğlubiyyəti qəbul etdi.

“Əziz Şuşa, sən azadsan!”

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müraciətini hər birimiz böyük həyəcan, qələbə və sevinc hissi ilə qarşıladıq. İllərdir, gözlədiyimiz, həsrətində olduğumuz torpaqlar geri qaytarılmışdı canımız, qanımız bahasına. Bu, Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı idi.

Düşmən özü də yaxşı bilirdi ki, bu torpaqların sahibləri gec-tez geri qayıdacaqlar. Ona görə də qəsb etdikləri əraziləri xarabaya çevirmiş, yaşanılmaz hala gətirmişdilər. Hətta xarici media nümayəndələri Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdı.

“İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik”. Ölkə başçısı qısa zamanda əsas diqqəti işğaldan azad olunan ərazilərin, o cümlədən Şuşanın bərpasına yönəltdi.

2021-ci il yanvarın 14-də Şuşaya ilk səfərini edən ölkə başçısı şəhərin, o cümlədən erməni vandalizminə məruz qalmış Vaqifin məqbərəsinin bərpası ilə bağlı lazımi göstərişlər verdi. Şair Xurşidbanu Natəvan, bəstəkar Üzeyir Hacıbəyli və opera müğənnisi Bülbülün büstləri bərpa olunaraq Şuşaya qaytarıldı. Füzuli şəhərindən Şuşaya Zəfər yolu çəkildi. Ölkə başçısının Qarabağa və Şərqi Zəngəzura hər səfəri mühüm infrastruktur layihələrinin gerçəkləşdirilməsi, mədəni irsin qorunması, sosial obyektlərin tikintisi və iqtisadi inkişaf sahəsində görülən işlərlə şaxələndi. Zəfərdən dərhal sonra Şuşa şəhərində infrastrukturun qurulması ilə yanaşı, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməyə başlandı. Yaşayış komplekslərinin təməli qoyuldu. Quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirildi, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edildi. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradıldı. 2021-ci ilin may ayında Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi haqqında ölkə başçısının tarixi Sərəncamı imzalandı. Cıdır düzündə “Xarıbülbül” Musiqi Festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili Şuşanın mədəni dirçəlişinin göstəricisi kimi əlamətdar oldu. Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması yönündə atılan addımlarda Ulu Öndərin adını daşıyan fondun da müstəsna xidmətləri var.

5 yanvar 2022-ci il tarixdə ölkə başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin 270 illiyi təntənəli şəkildə qeyd olundu. Həmin il tarixi zəfərdən sonra ilk dəfə dünya azərbaycanlıları Şuşada bir araya gəldi. Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan ölkə başçısı İlham Əliyev deyib: “Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir”.

Qısa zamanda dəyişən, gözəlləşən Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər Şuşanı beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi mühüm funksiyanın daşıyıcısına çevirdi. Ötən il iyulun 20-də “Yalan məlumatların ifşası: dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda əlliyə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu bir araya gəldi. Şuşada həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin sülhməramlı missiyasına dünya yenidən şahidlik etdi.

2024-cü ilin 10 may günü Şuşa növbəti dəfə bayram əhvali-ruhiyyəsinə bürünmüşdü. İllər sonra öz doğma yurduna qayıdan sakinlərini qəbul edirdi. Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərə köçmüş ilk sakinlərin sevincini bölüşdülər. Ulu Öndər Heydər Əliyevin doğum günündə şuşalılara bir dünya sevinc bəxş edən ölkə başçısının tarixi çıxışı isə yaddaşlardan silinməyəcək: “Erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz Azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa, Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.

Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti səfərləri çərçivəsində bu il martın 27-də Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar. Bildirək ki, Yeni Şuşa məscidinin təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulub. Məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə məscidin forması 8 rəqəmini əks etdirəcək və bu, noyabrın 8-də Şuşanın işğalçılardan azad olunmasını, Zəfər Gününü simvolizə edəcək. Bəli, haqq etdiyimiz zəfəri. 8 may tarixi isə artıq arxivin səhifələrinə köçdü. Tarix kitablarında qaldı. Qalmalıdır ki, erməni faşistlərinin xalqımızın başına gətirdiyi faciələr heç vaxt unudulmasın. Gələcək nəsillər də bilsinlər ki, başı dumanlı Şuşa dağlarını igid ataları, babaları necə qəhrəmanlıqla şücaət göstərərək, canını fəda edərək aşıblar. O qara dumanı Şuşanın dağlarının başından çəkmək üçün...

 Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 08.05.2025 10:03