NAXÇIVAN :

10 May 2025, Şənbə

Ulu Öndərin mədəniyyət, mənəviyyat və incəsənətə fərqli baxış bucağı

...

Ədəbiyyat və incəsənət bir xalqın ruhunun aynasıdır. Ulu Öndər Heydər Əliyev isə bu aynada millətin kimliyini, tarixini və mədəni dəyərlərini böyük ustalıqla oxuyan nadir şəxsiyyətlərdən biri. Onun mənəviyyata, poeziyaya, musiqiyə, təsviri sənətə və ümumilikdə milli-mədəni irsə baxışı, təkcə şəxsi zövqün ifadəsi deyildi – bu, həm də bir xalqın estetik və mənəvi yüksəlişinə xidmət edən düşüncə fəlsəfəsi idi. Dahi rəhbər ədəbiyyat və incəsənətə olan fərqli baxış bucaqları ilə Azərbaycan diyarının mədəniyyət, mənəviyyat və incəsənətinin konkret cizgilərini işləyib.

 Ümummilli Liderimizdən: – “Ən çox sevdiyiniz şeir hansıdır?” deyə soruşduqda Səməd Vurğunun “Azərbaycan” şeiri, – deyə cavab vermişdi. Bu cavab içində görəsən nələr gizlənirdi… Ulu Öndərimiz üçün “Azərbaycan” təkcə bir şeir deyildi – bu, onun ömrünün nəğməsi idi. Səməd Vurğunun misralarında o, xalqının sarsılmaz iradəsini, torpağın təbiətə bürünmüş qeyrətini, əsrlərlə ayaqda duran milli kimliyini görürdü. “Azərbaycan” şeiri onun qəlbində çağlayan bir təqdir nəğməsi kimi yaşayırdı – o şeirə sığan torpaq da, tarix də, insan da onun varlığının mənası idi. “Azərbaycan” şeiri sovet dönəmində milli ruhu yaşadan, xalq sevgisini ifadə edən ən güclü poetik nümunələrdən biridir. Heydər Əliyev bu şeiri sevərək, həm də milli ideologiyanı poeziya vasitəsilə yaşatdığını göstərirdi. Siyasi lider üçün poetik seçim heç də təsadüfi deyil – bu, xalqın dilini, duyğusunu anlamanın simvoludur.

“Ən çox sevdiyiniz şair?” sualına isə Cənubi Azərbaycan elinin dəyərli şairi Məhəmmədhüseyn Şəhriyarı misal çəkirdi. Məhəbbət, millət və qürur... Şəhriyarın şeirləri bu üç dəyəri misralarda elə bir ahənglə birləşdirir ki, onu sevməmək mümkün deyil. Ulu Öndərimiz üçün Şəhriyar “Heydərbabaya salam” deyil, elə Heydərbabanın özüdür – milli yaddaşın, ana dilinin, Vətən torpağının poetik tərcümanı. Şəhriyarın Cənubi Azərbaycanda mövcud olan rejimdə Azərbaycan dilində yazması böyük cəsarət idi və Ümummilli Liderimiz bunu dərindən dərk edirdi.

Ulu Öndərin ən sevdiyi pyeslər arasında Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi dayanırdı…“Ölülər” – bu, sadəcə səhnəyə qoyulmuş faciə deyil, cəmiyyətin səssiz harayıdır. Dahi rəhbər üçün bu pyes xalqın ayılmamış şüuruna bir zəng, geriliklə savaşın ədəbi bayrağı idi. Bu əsəri sevmək, yalnız bir dramaturqu yox, eyni zamanda maarifçilik mübarizəsini, təfəkkür inqilabını sevmək idi. “Ölülər” pyesi Cəlil Məmmədquluzadənin satira və realizm vasitəsilə ictimai tənqidi bir güzgüyə çevirdiyi əsərdir. Ulu Öndərin bu pyesi seçməsi onun cəmiyyətin yenilənməsinə və düşüncə azadlığına verdiyi əhəmiyyəti göstərir.

Dahi şəxsiyyət Heydər Əliyev həqiqətin müdafiəsini müqəddəs bir iş sayırdı. Bunun ən bariz nümunəsi sevdiyi qəzet və jurnallar sırasında “Molla Nəsrəddin” jurnalının olmasıdır. Qələmin qılınca çevrildiyi, tənqidin məcazla bəzəndiyi, xalqın dilində danışan ədalət qılıncı. Bu jurnalın səhifələrində xalqın dərdi vardı, zalımın maskası cırılırdı, cəhalətə güzgü tutulurdu, bu jurnal sadəcə gülüş deyil, maarifləndirmənin, oyanışın, xalqı ayıltmanın mənbəyi idi. Həm də Molla Nəsrəddin təkcə karikatura çəkmirdi. Hər karikaturanın arxasında bir vətəndaşın dərdini, bir xalqın hayqırtısını göstərirdi.

Naxçıvan torpağının üç dəyərli oğlu… Heydər Əliyev, Mirzə Cəlil və Hüseyn Cavid… Ümummilli Lider Heydər Əliyevin ən çox sevdiyi dramaturqlar sırasında da məhz Cəlil Məmmədquluzadə ilə birgə Cavid Əfəndi dayanırdı… Romantizmin qaranlığından doğan bir Günəş – Hüseyn Cavid. Onun faciələri bir xalqın içindən qopan fəryad, həsrət və azadlıq duyğularının sözə çevrilmiş əksidir.

Cavidin əsərləri milliliklə bəşəriyyətin qovuşduğu yerdə dayanır. Onun “İblis” dramı əxlaqi dualizmin, “Peyğəmbər” isə ilahi ədalət axtarışının poetik dilidir. Bu dramaturqun seçilməsi dahi rəhbərin həm milli ruhu, həm də dərin fəlsəfi təfəkkürü təqdir etdiyini göstərir. Dahi rəhbərin Cavidə verilən ikinci bir dəyər isə 1982-ci ildə dahi dramaturqun nəşinin doğma torpağına – Naxçıvan şəhərinə gətirilməsində böyük səy göstərməsi oldu.

Ədəbiyyat və incəsənət… Ulu Öndər Heydər Əliyevin sevdiyi sənət əsərlərindən bir nümunə isə Səttar Bəhlulzadənin “Muğan gözəlləri” idi… Səttar Bəhlulzadə fırçasının gücünü torpağın ruhundan alırdı. “Muğan gözəlləri” təkcə bir peyzaj deyil, Azərbaycanın qucağında böyüyən əbədi bahardır.

Ümumi incəsənət nümunələrinə gəldikdə isə ən çox sevdiyi sənət növü məhz miniatür idi. Miniatür – xırdalıqların içində gizlənmiş böyüklüyün əksidir. Hər xətt bir mədəniyyət izidir, hər rəng bir tarix pıçıltısı. Ulu Öndər üçün miniatür sənəti, milli mirasın zərgər dəqiqliyi ilə qorunub gələcəyə ötürülməsi idi.

Miniatür sənəti Şərq mədəniyyətinin nadir incilərindəndir. Onun seçilməsi həm incə estetik duyumun, həm də tarixi sənətə dəyərin göstəricisidir. Bu sahəyə maraq dahi siyasət xadiminin zəngin milli irsə nə qədər dərin bağlı olduğunu sübut edir.

Rəsmlər, boyalar və fırçalar… Bununla yanaşı incəsənətdə heykəltəraşlıq… Dahi şəxsiyyət Heydər Əliyev və Azərbaycan xalqının dəyərli sənətkarı Ömər Eldarov… Daşdan zaman oyaraq heykəl yaradan sənətkar. Onun əlləri ilə danışan abidələr səssiz tarixdir. Ulu Öndər üçün Ömər Eldarov yalnız bir heykəltəraş deyil, həm də xalqın yaddaşını zaman içində bərkidən bir memardır. Ömər Eldarovun əsərləri təkcə plastik forma deyil, həm də mənəvi məzmun daşıyır. Onun yaratdığı abidələr xalqın dəyər verdiyi şəxsiyyətləri əbədiləşdirir.

Ədəbiyyat və şeiriyyətlə yanaşı, sevgi və duyğu dolu notlarla yaradılmış ən sevimli mahnısı və həmin mahnıların müəllifi, deyə soruşulduqda isə ilk olaraq dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin, Tofiq Quliyevin və xalq mahnılarının adını çəkərdi… Həmin Üzeyir bəy ki, musiqidə milli oyanışın atası kimi qəbul olunurdu. Ulu Öndər üçün o, bir mədəniyyət inqilabçısı idi. “Koroğlu” operasında o, xalqın səsini, “Leyli və Məcnun”da eşqin əbədiliyini duyurdu. Onun notları xalqın səsi idi – hər biri bir istiqlal nəfəsi.

Üzeyir Hacıbəylinin seçilməsi heç də təəccüblü deyil – o, Azərbaycanın musiqi mədəniyyətinin fövqündə dayanır. Bu cavabda həm milli özünüdərk, həm də Avropa ilə Şərqin sintezinə olan heyranlıq əks etdirilir.

Bir tərəfdə bu xalqın içində cilalanmış saz səsində, tar nəfəsində yaşayan duyğular, digər bir tərəfdə isə bəzən özünün də zümzümə etdiyi Tofiq Quliyevin bəstələri… Bu isə dahi rəhbərin musiqi zövqünün həm xalq ruhuna, həm də klassik-modern sintezinə dəyər verdiyini göstərir. Xalq mahnıları milli yaddaşın melodiyasıdır, Tofiq Quliyev isə onu dünyəviləşdirən sənətkar. Bu cavabda həm kök, həm də qanad var. O qanad ki, insanı xalqın qədim notlarından birbaşa müasir notlararına daşıyır…

Ulu Öndərin həyatının ən incə notları həyat yoldaşı akademik Zərifə xanım Əliyeva ilə bağlı idi… Elə ən sevdiyiniz insan sualına cavabı da Zərifə xanım olmuşdu. Zərifə Əliyeva həm zərifliyin, hə də elmə və ailəyə sadiqliyin simvoludur. Onun adı Ümummilli Liderin dilində sevgi ilə çəkilərkən, əslində bir millətin qadına verdiyi dəyər kimi səslənir. Bu cavab təkcə şəxsi bir etiraf deyil. Burada həm də ictimai mesaj var – qadının ailədəki və cəmiyyətdəki yeri, elmə və mədəniyyətə xidmətin dəyəri….

İncəsənəti sevən bir şəxsiyyətin şübhəsiz ki, ruhu da incə duyğularla dolu olmalıdır. Ulu Öndərə də məhz sevdiyi gül haqqında soruşduqda “Qızılgül” demişdi… Sevdiyi insanlara verdiyi dəyərlə, xalqına duyduğu məhəbbətlə bu güldə bir vəhdət görürdü – gözəllik və güc. Qızılgül dünyada ən çox mənalar yüklənmiş güllərdən biridir. Bu seçimin arxasında həm klassik zövq, həm də duyğusal dərinlik dayanır. O, həm romantizmin, həm də siyasi liderin xarakterindəki incəliyin rəmzidir.

Rənglər də çiçəklər qədər ruhun tərənnümüdür… Bəs Ümummilli Lider Heydər Əliyevin sevdiyi zoğalı rəng cavabı onun daxilindən nə kimi xəbərlər verirdi?… Nə tam qırmızı, nə də tünd. O, hökmlə sakitliyin, alovla təmkinin arasında bir körpüdür. Dahi şəxsiyyətin sevdiyi bu rəng, onun xarakterinin rəngi idi – dərin, zəngin və məğrur. Bu rəngdə həm ciddilik var, həm də müdriklik.

Rəng seçimi insanın daxili dünyasını əks etdirir. Zoğalı rəngin seçilməsi, Ümummilli Liderin balanslı, düşüncəli, lakin prinsipial və güclü bir xarakterə sahib olduğunu göstərir. Bu, sadəcə estetika deyil, həm də simvolik bir yanaşmadır. Ulu Öndərin sevimli rəngi ilə yanaşı sevimli rəqəmi də var idi… Özü bu suala yeddi rəqəmini misal gətirərdi… Həmin rəqəmlər ki, özündə bir neçə uğuru və mənanını birləşdirirdi… Bizim adətlərimizdə də olduğu kimi. İlaxır çərşənbədə bulaq başından yeddi daşın gətirilməsi, bayram günü “S” hərfi ilə başlayan yeddi naz-nemətin bayram süfrəsinə düzülməsi və sair. 

İnsani keyfiyyətlərə gəldikdə isə onun üçün ən önəmli məfhum mərdlik idi. Mərdlik sözün arxasında dayanmaq, çətinliyə sinə gərmək, haqqın tərəfində olmaq hər insana məxsus keyfiyyət deyil. Dahi rəhbər üçün mərdlik təkcə cəsarət deyildi. Bu, həm də vicdanın, sədaqətin, əqidənin adıdır. O, mərdliyi bir ömrün dayaq sütunu, liderliyin əxlaqi əsasları sayırdı. Mərdlik Azərbaycan xalqının ən çox qiymətləndirdiyi xüsusiyyətlərdəndir. Bu cavab, Ümummilli Liderin həm şəxsiyyətində, həm də siyasi fəaliyyətində prinsipiallıq və vəfalılıq anlayışlarına önəm verdiyini sübut edir. Mərdlik həmin mərdlikdir ki, onun davamını II Qarabağ müharibəsində dövlət başçısı İlham Əliyev ilə bütün xalqın ayağa qalxmasında gördük… Mərd-mərdanə döyüşlər, ədalətin təntənəsi…

Ədalətə gəldikdə… Bir adət-ənənənin batıb getməsi, bir millətin tarixindən bir səhifənin silinməsi deməkdir. Bir tarixdən bir misranın silinməsi isə bənnanın ucaltdığı bir evin bünövrəsindən bir kərpici çıxarmağa bənzəyir… Novruz bayramı da həmin misralar və həmin kərpiclər idi…Bu bayramın qorunub saxlanılması da Ulu Öndər üçün çox vacib arqument idi. Novruz – alovun içində yenidən doğulan bir millətin səsidir. Dahi şəxsiyyət üçün Novruz təkcə bayram deyildi – bu, milli kimliyin, xalq ruhunun əbədi simfoniyası idi. Tonqalların alovu xalqın qüruru kimi alovlanır, səməni göyərdikcə ümidsizliyə yer qalmırdı. Ulu Öndər Novruzun dövlət səviyyəsində qeyd olunmasına xüsusi önəm verərək, onun xalqın birlik və bərabərlik simvolu kimi yaşamasını təmin etmişdi. Bu seçim onun milli köklərə bağlılığını və adət-ənənələrə verdiyi dəyəri əks etdirir. İndi həmin tonqalın od-alovu bu gün işğal olunmuş ərazilərdə qürurla səmaya qalxır…

Ulu Öndər üçün Naxçıvan torpağı nə qədər əziz olubsa, paytaxt Bakı və digər şəhərlərimiz də onun nəzərində eyni mənanı daşıyar, lakin sevimli şəhərləri sırasında Bakı şəhəri digər şəhərlərdən bir pillə öndə idi…Əsrlər boyu bütün çətinliklərin sinə gərən həmin şəhər. Bəlkə də Dövlət Başçısı kimi Bakı şəhərində göstərdiyi fəaliyyət həyatın gedişatı, enişli və yoxuşlu yolları bu şəhərin onun sevimli şəhərinə sevrilməsinə səbəb olub…

Görkəmli dövlət xadiminin ədəbiyyat və incəsənətə olan münasibəti, onun yalnız siyasi lider deyil, həm də dərin mədəniyyət daşıyıcısı olduğunu sübut edir. O, milli ruhu poeziyada, tarixi musiqidə, Vətən sevgisini rənglərdə, xalqın gücünü isə sənətdə axtarır və tapırdı. Onun seçdiyi şeir, musiqi, rəng və obrazlar bir millətin estetik kodları idi. Bu baxış bucaqları vasitəsilə Ulu Öndər həm öz dövrünün, həm də gələcək nəsillərin mədəni yaddaşını formalaşdırırdı. Bu gün onun qoyduğu bu zəngin irs, müasir Azərbaycanın mədəni dirçəlişində əsas sütunlardan biri kimi yaşayır və yaşadılır.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 10.05.2025 10:50