Maliyyə naziri: "Zəngəzur dəhlizinin açılması ilə ...
17:10 06.05.2025
0
0
0
NAXÇIVAN :
06 May 2025, Çərşənbə axşamı
Yola salmaqda olduğumuz 2024-cü ilin ən yaddaqalan hadisələrindən biri ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və bununla bağlı həyata keçirilmiş çoxsaylı yerli və beynəlxalq tədbirlər olmuşdur. Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin zərərlərinin qarşısının alınmasına xüsusi önəm verən ölkə kimi öz gələcək sosial-iqtisadi inkişaf strategiyasını hər kəs üçün “yaşıl həyat” və sağlam yaşayış tərzi prinsipləri üzərində qurmaqla planetimiz üçün həyativacib olan dayanıqlı inkişaf məsələlərini ön planda tutması ilə də diqqətləri öz üzərində toplayır. Bu prinsiplər 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq baxımından dövlətimiz tərəfindən qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün həm ölkəmizin vətəndaşlarının bu vacib məsələ ətrafında həmrəyliyini daha da sıxlaşdırmaq, həm də beynəlxalq ictimaiyyətin qlobal ekoloji problemlərə diqqətini yönəltməkdə olduqca mühümdür. Belə ki, mövcud ekoloji problemlər baxımından həssas bir regionda olmaqla yanaşı, Azərbaycan uzun müddət Ermənistan tərəfindən ekosidə də məruz qalmaqla bu problemlərdən ciddi şəkildə əziyyət çəkmişdir. Ona görə də ətraf mühitin qorunması kimi təkcə milli deyil, həm də planetar miqyaslı məsələlərin həll olunması üçün Azərbaycan Respublikası dövlətinin və onun başçısı Prezident cənab İlham Əliyevin başlatmış olduğu bu nəcib, eyni zamanda məsuliyyətli missiyanın yekunları da ciddi maraq doğurur.
Hazırkı dünya ciddi rəqabət içərisindədir və bu rəqabət qlobal iqtisadi problemlər və təbii resursların tükənməsi fonunda planetin gələcəyini təhlükə altına alan meyillərin qarşısının alınması üçün birgə beynəlxalq səylərin həyata keçirilməsini tələb edir. Lakin mövcud reallığa baxmayaraq, dünyada sırf böyük dövlətlərin məqsədlərinə xidmət edən koalisiyalar hələ də tullantılı sənayenin həcminin azaldılması, istehsalda və şəxsi istehlakda yeni “yaşıl texnologiyalar”ın tətbiqi əvəzinə yeni ərazilər işğal etmək, planetin digər ərazilərini xammal bazası kimi istismar etmək marağı güdürlər. Belə ki, yaşıl dünya naminə planetar miqyaslı səylərin artırılması məsələləri gündəmdə olduğu halda az karbon tullantılı, resurslardan səmərəli istifadə edən və sosial cəhətdən inklüziv iqtisadiyyatın qurulması bir problem kimi azalmaq əvəzinə, tam əksinə, daha da kəskinləşir. Buna görə də inkişaf etmiş ölkələrin vətəndaşları normal insan həyatı üçün tələb olunan istehlak normasından dəfələrlə artıq miqdarda maddi nemətləri israf etdiyi bir dövrdə Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə “yaşıl iqtisadiyyat”a keçid üçün addımlar atılması ciddi siyasi iradə, güclü lider qətiyyəti və gələcəyə yönəlmiş məqsədyönlü fəaliyyət tələb edir. Belə ki, ölkəmizdə enerji istehsalında və istehlakında ənənəvi mənbələrdən alternativlərə üstünlük verilməsi, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda ağıllı yaşayış məntəqələrinin yaradılması, müasir texnologiyaya əsaslanan maşın və avadanlıqların məişətdə və istehsalda tətbiqi, bu mənada, dünya tərəfindən təqdirlə qarşılanır. Və bütün bunların hamısı Azərbaycanın “yaşıl hədəflər”inin kifayət qədər əsaslı olmasına zəmin yaradan və burada dövlət və xalq həmrəyliyini nümayiş etdirən amillərdəndir.
Ölkəmiz zəngin neft ölkəsi olmasına rəğmən, eyni zamanda geniş “yaşıl hədəflər”i vardır. Keçmiş SSRİ dövründə Azərbaycanın sahib olduğu qiymətli enerji resursları özünün inkişafından daha çox digər respublikaların, eləcə də Ermənistanın da inkişafına yönəldilmiş, Bakı nefti ilə İkinci Dünya müharibəsində faşizm ordusu üzərində qələbə qazanılmışdır. Əvəzində isə bütün Abşeron yarımadasında və Xəzərin respublikamıza aid olan hissəsində ağır ekoloji şərait miras qalmışdır. Eləcə də Qarabağın erməni işğalı dövründə bu ərazilərdəki təbii sərvətlərin vəhşicəsinə istismarı nəticəsində ekoloji vəziyyətin korlanması və hələ də Ermənistanın Araz çayı hövzəsini çirkləndirməsi, ümumilikdə, Azərbaycanın başlatmış olduğu “yaşıl həmrəylik” hərəkatının tarixi arxazəminini formalaşdıran amillərdəndir. Buna görə də “yaşıl hədəflər”ə çatmaq istiqamətində verilən qərarlar bir tərəfdən də bu sahədə mövcud olan qarşıdurmaların həllini də nəzərdə tutur ki, bu da dövlət başçımızın güclü siyasi iradəsinin məhsulu kimi yola saldığımız 2024-cü ildə Azərbaycanın qazandığı siyasi və iqtisadi uğurların mühüm bir hissəsidir. Belə ki, erməni işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionları, həmçinin Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan olunmaqla ölkəmizin bu resurslarla zəngin olan ərazilərinin potensialından səmərəli istifadəyə imkan yaratmaq, ekoloji mülahizələrə həssas olan dünya siyasətinin diqqətini buraya yönəltmək və Azərbaycanı “petrostate”, yəni “neft dövləti” adlandırıb, bunun üzərindən ölkəmizə əsassız hücumlar etmək istəyən Qərbə qarşı tutarlı arqumentlərlə cavab vermək baxımından 2024-cü ilin şüarının “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması olduqca əhəmiyyətli hadisə olmuşdur. Bu şüar həm də bu il Azərbaycanın ev sahibliyi etdiyi dünyanın ən böyük beynəlxalq tədbirlərindən biri olan COP29 iqlim sammitinin də əsas siması və vizitkartı olmuşdur.
COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük hörmət və etimadının bariz nümunəsidir. Ötən il 25 dekabr tarixdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamda da bu fikirlər xüsusi vurğulanaraq ölkəmizdə “yaşıl enerji” növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqlinin Azərbaycanın enerji siyasətinin prioriteti olduğu qeyd olunmaqdadır. Bu prioritetlərin əsas müəllifi olan dövlət başçımızın təşəbbüsü ilə bütün ölkəmizdə, o cümlədən iqlim fəsadlarından çox əziyyət çəkən Naxçıvan Muxtar Respublikasında keçirilən kütləvi yaşıllaşdırma tədbirləri xalqımızın təbiəti qorumağa olan doğma münasibətinə siyasi dəyər də qazandıraraq onun dünyadakı imicini daha da möhkəmləndirdi. Ölkəmizdə artıq istifadəyə verilmiş olan külək və günəş elektrik stansiyaları, həmçinin yeni alternativ güc mənbələri üzərində həyata keçirilən layihələr etibarlı biznes partnyoru kimi Azərbaycana olan inamları daha da möhkəmləndirməklə yanaşı, minlərlə yeni iş yeri yaradılmasına da şərait yaratmışdır. İndi Azərbaycana maraqgöstərən əcnəbi investorlar Abşeronda və Naxçıvanda istifadəyə verilən güclü külək və günəş elektrik stansiyalarından tutmuş Qarabağ və Şərqi Zəngəzurun kiçik dağ çayları üzərindəki çoxsaylı hidroenerji stansiyalarına qədər bütün ölkəmizi əhatə edən böyük bir “yaşıl xəritə” ilə qarşılaşdığında buradakı yatırımlarına da zəmanət almış olurlar.
“Yaşıl dünya naminə həmrəylik ili” ölkəmiz üçün ciddi sınaqlar ili olmaqla bərabər, dünya siyasətinin, xüsusilə də Azərbaycanın dostlarının tanınması baxımından olduqca yaxşı fürsətlər ili olmuşdur. Təkcə COP29 konfransı ərəfəsi və gedişində dövlət başçımız Prezident cənab İlham Əliyevin dünya liderləri ilə təmaslarından əldə olunan nəticələri və eləcə də öz siyasi ambisiyaları üzündən qlobal iqlim böhranını heçə sayan nəhəng kapitalın çürük, gələcəksiz maraqlarını təhlil etdikdə “Yaşıl dünya naminə həmrəylik ili”nin hələ bitmədiyini, 2024-cü ildə Azərbaycanın başlatdığı bu nəcib missiyanın növbəti illər üçün də davam edəcəyini qeyd edə bilərik. Bu qarşıdakı illərdə hər sahədə ölkəmizlə həmrəy olan bütün dost ölkələrin də missiyası olacaq.
Əli CABBAROV
Digər xəbərlər