"31 illik həsrətimizi aradan götürdü, gözümüz yold...
13:17 16.05.2025
0
0
0
NAXÇIVAN :
16 May 2025, Cümə
Hüseyn Əsgərovun “Bu da bir ömürdü...”
kitabı haqqında bir neçə söz
Yazıçı-publisist Hüseyn Əsgərovun “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən “Bu da bir ömürdü...” adlı daha bir kitabı bu günlərdə oxucu auditoriyasına ünvanlanıb. Bu, müəllifin oxucularla sayca səkkizinci görüşüdür. Yeni nəşr 70 illiyi ərəfəsində müəllifin keçdiyi həyat yoluna, həm də onun çoxşaxəli fəaliyyətinə ədəbi hesabatıdır. Onu da qeyd edim ki, “Bu da bir ömürdü...” Hüseyn müəllimin cəmiyyətə baxışlarının müxtəlif sprektrlərini əks etdirərək bioqrafik xarakter daşıyır. Belə kitablar bir şəxsin həyatını, müstəqil fikirlərini, uğurlarını və çətinliklərini təsvir edən əsərlərdir. Bioqrafik kitablar müəlliflər tərəfindən müxtəlif üslub və təcrübələrlə yazıla bilər və oxuculara müəlliflərin təsvir etdikləri şəxsin həyatı ilə bağlı daha dərin bir anlayış vermək məqsədi daşıyır. Maksim Qorkinin, Lev Tolstoyun, Endrü Karneginin, Nelson Mandelanın, Ernest Heminqueyin və başqalarının bu janrda əsərləri həm də tarixi yaşatmaq baxımından çox qiymətlidir.
Hüseyn Əsgərov da fikir və düşüncələrini bu kitabda bioqrafik janrda əks etdirməyə üstünlük verib. Burada gülüş də var, qəm də, sevgi də var, qəzəb də. Şən zarafat notları içərisində gizlənmiş nifrət də var, xüsusən bürokratizmə, rastlaşdığımız neqativ hallara nifrət! Və müəllif bu illərdə həmin neqativ halları, cəmiyyətin inkişafına təsir göstərən nöqsanları elə səmimiyyətlə tənqid atəşinə tutur ki, bir anlığa düşünürsən: Budur qərəzsiz tənqid, budur jurnalist operativliyi, peşəyə məsuliyyət hissi, sabaha cavabdehlik duyğuları. Müəllif tənqidi yazılarını həm felyeton janrında, həm satirik şeir formasında, həm də replikalarla qələmə alıb. Satira, yumor bütün kitablarında olduğu kimi bu kitabda da üstün istiqamət təşkil edir. Yazıçı üçün zəruri olan cəmiyyət həyatının, ictimai gedişatın, insanlararası münasibətlərin dərindən dərk olunub ələkdən keçirilməsi satirik düşüncənin səviyyəsi ilə müəyyən edilir.
Çoxcəhətli fəaliyyətə malik olan Hüseyn Əsgərovun keçdiyi yol maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən dövlət qulluğunadək, jurnalistikadan satirik nəsrə qədər geniş bir dairəni özündə cəmləşdirir. Çətin və məsuliyyətli yaradıcılıq sahəsi sayılan satirik ədəbiyyatın böyük ənənələrinin yaşadılması və yeni tarixi dövrə uyğun olaraq yaradıcı şəkildə inkişaf etdirilməsi Hüseyn Əsgərovun ədəbiyyat sahəsindəki əsas uğurudur. O, əvvəlcə tənqidi xarakterli publisist məqalələrdən tədricən satirik nəşrə keçmiş və bu istiqamətdə özünü təsdiq etdirmişdir. Artıq Azərbaycan ədəbi-elmi ictimaiyyəti Hüseyn Əsgərovu ciddi satirik yazıçı kimi yaxından tanıyır və onun xüsusən telejurnalist kimi fəaliyyətini yüksək qiymətləndirir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin həmkarımıza yüksək dəyər verməsi də bu qənaətimizi təsdiqləyir: “Mən Hüseyn Əsgərovu professional bir jurnalist kimi tanıyıram. Onun Azərbaycan mətbuatında öz imzası və yeri var; Azərbaycan mətbuatının, jurnalistikasının dəyərli simalarından biridir. Həm televiziyada, həm də mətbuatda Hüseyn Əsgərov böyük işlər görüb”.
Mətbuatda Hüseyn Əsgərov imzası 50 ildən çoxdur ki, tanınır. Əsasən, teleradio jurnalisti olan Hüseyn Əsgərov əmək fəaliyyətinə “Şərq qapısı” qəzetində başlayıb, “Xalq qəzeti”nin zona müxbiri olub. 23 il dövlət qulluğunun baş müşaviri kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisində və Səhiyyə Nazirliyində mətbuat və ictimaiyyətlə əlaqələr şöbələrinin müdiri vəzifələrində işləyib. Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin on üçüncü qurultayının nümayəndəsi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 2024-cü ildə keçirilmiş “Fərdi jurnalist müsabiqəsinin qalibidir. Hüseyn Əsgərovun yeni kitabı elə ilk cümlələrdən oxucunu bədii aləmə səsləyir:
“Ömür axıb gedən zamanın bizə düşən kiçik bir hissəsi, çətin, əzablı yollardan, xoş və gərgin günlərin təəssüratlarından, xatirələr və arzularla qovuşan anlardan birləşmiş vaxt ölçüsüdür. Digər canlılardan fərqli olaraq insan həyatın sonsuz olmadığını dərk edir. Ona görə də o, mümkün olduqca ömrünü uzatmağa, əbədiyyətə qovuşmağa, özü haqqında xoş xatirələr qoymağa can atır”.
Kitab bir ömrün ötən dövründə yaşanan günlərinin, ay və illərinin həyat salnaməsi kimi vərəqlənir. Ulu Dədə Qorqudun aforizmə çevirmiş bu kəlamını xatırlayırsan: “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”. Məsələ gəlimlə-gedim arasında zamanın verdiyi o ömrü necə yaşamaqdadır. Gərək elə yaşayasan ki, dönüb geri baxanda ömrün necə keçdiyinə təəssüf etməyəsən. Hüseyn Əsgərovun yeni kitabını oxuyarkən dostumuzun təəssüf etməyəcək bir ömür yaşadığını görürük.
Media sahəsində keçdiyi yol Hüseyn Əsgərov üçün, ilk növbədə, həyatı və insanları daha yaxından tanımaq, habelə qələm vərdişləri qazanmaq baxımından böyük məktəbə çevrilmişdir. Mətbuatda, teleradioda keçilən çətin və məsuliyyətli yolun təcrübəsi onun üçün təkcə qəzet materiallarını, telereportajları geniş oxucu, tamaşaçı kütləsinə çatdırmaqdan ötrü yox, həm də həyatı dərindən öyrənmək və təqdim etmək baxımından ciddi zəmin hazırlamışdır. Beləliklə, zəngin həyat təcrübəsi və mətbuat dünyası H.Əsgərovu yaradıcılığa və ictimai fəaliyyətə gətirən başlıca amil olmuşdur.
Heç şübhəsiz ki, Hüseyn Əsgərov hər şeydən əvvəl, tanınmış jurnalistdir. Fəal vətəndaşlıq mövqeyi, cəmiyyət hadisələrinə aydın və cəsarətli münasibət, habelə qələm vərdişlərinin yetkinliyi onun yeni kitabının da səciyyəvi xüsusiyyətləridir.
Onu da oxucuların diqqətinə çatdırım ki, bu gün mütaliənin çox zəif bir səviyyədə olduğu vaxtda ətrafımdakı həmkarlarım içərisində Hüseyn Əsgərov qədər mütaliəyə maraq göstərən və möhkəm yaddaşa malik olan ikinci bir insan tanımıram. Amma sevdiyi, məftun olduğu ədiblər sırasında qüdrətli yazıçı və vətəndaş publisist Cəlil Məmmədquluzadə və onun rəhbərlik etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri ilk sırada dayanır. Özünün də etiraf etdiyi kimi, onun satira yaradıcılığına ardıcıl münasibətlərin mahiyyətində “Mollanəsrəddinçilik işini davam etdirənlərdən biri olmaq arzusu” əsas yer tutmuşdur. Onun yaradıcılığındakı düşüncə ilə gülüşün vəhdəti, nəticə etibarilə, əsl satirik ədəbiyyat nümunələrinin meydana çıxması ilə nəticələnir. Məsələn, yeni kitabda belə bir epizod var: “Pendir-süd məntəqəsinin müdiri üz-gözünə daraşan milçəkləri güclə qovaraq məntəqədə sanitariya işlərinin yüksək səviyyədə qurulduğunu qeyd etdi”.
Yaxud “Maaşı az olan kişilər üzünü nə qədər qırxsa da, həmişə üzü tüklü görünürlər”.
“Atam evdə kombinin xodunu artırdıqca, özünü qarlı havada uşaqlarını soyuqdan qorumaq üçün pulları yandıran Pablo Eskobar kimi hiss edir”.
Qeyd etdiyim kimi, H.Əsgərov mütaliəni çox sevir. Bütövlükdə, kitab oxuyanların sayının aşağı düşməsinə yeni kitabında belə münasibət bildirir: “Bu gün kitab oxumaq bəzi insanların maraqlı məşğuliyyəti olsa da, kitaba münasibət hər halda dəyişib. O mənada ki, kitab oxuyanların sayı müqayisədə xeyli azalıb. Kitabxanalar, sözün əsl mənasında, oxucusuz qalıb. Hamının əlində cib telefonu, narahat simalar, yorğun, əzgin insanlar. Ah, telefon! Koroğlu demişkən, tüfəng çıxdı, mərdlik getdi hay, haray!”
Hüseyn Əsgərovun satirik nəsrində publisistika əlamətləri güclüdür. Bu, bir tərəfdən müəllifin jurnalistika ilə daha çox məşğul olmasından, digər cəhətdən isə seçilmiş mövzuların xarakterindən irəli gəlir. Bir çox hallarda isə o, özünün iştirakı ilə olmuş əhvalatları, yaxud şəxsən müşahidə etdiyi həyati məqamları qələmə almaqla satirik hekayələr yaratmağa müvəffəq olur. Satirik hekayələrində süjetin çoxşaxəliliyi onun həyatı və insanı daha geniş planda təsvir etməsinə şərait yaradır. Onun hekayələrində satira ilə yumor bir yerdə çıxış edir. O, cəmiyyət hadisələrinə münasibətdə yumorist, yaramaz tipə münasibətdə isə satirikdir. Hüseyn Əsgərovun hekayələri mənəvi mühitin islah olunmasına, başabəla tiplərin isə ifşa edilməsinə xidmət edir. Müəllif həyatının yetmişinci ilini yeni kitabında da nikbin gülüşlə, xoş təbəssümlə qarşılayır.
Neçə illərdir ki, Hüseyn müəllimlə bir cəbhədə çalışırıq. O, bu günlərdə təqaüdə çıxsa da, yenə də sıramızdadır. Həmkarımı yeni kitabı münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram.
Muxtar MƏMMƏDOV
Digər xəbərlər