Nehrəm qəsəbəsində suvarma kanalları lildən təmizlənir
Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində suvarma infrastrukturunun yaxşılaşdırılması məqsədilə kanal, arx və kollektorların lildən təmizlənməsi istiqamətində meliorativ tədbirlər həyata keçirilir.
Muxtar respublikada torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və suvarma infrastrukturunun etibarlı istismarının təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu çərçivədə kanal, arx və kollektorların texniki vəziyyətinin yaxşılaşdırılması, su ötürücülük qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Lalə Yusifova "Şərq qapısı"na açıqlamasında bildirib ki, cari ildə də yaz suvarma mövsümünə hazırlıq məqsədilə kanal, arx və kollektorların lildən təmizlənməsi istiqamətində meliorativ tədbirlər davam etdirilir. Yaz suvarma mövsümünə vaxtında və keyfiyyətli hazırlıq çərçivəsində həyata keçirilən bu tədbirlər suvarma suyunun əkin sahələrinə maneəsiz çatdırılmasında mühüm rol oynayır.
Lalə Yusifova diqqətə çatdırıb ki, cari ilin ötən dövrü ərzində muxtar respublika ərazisində, ümumilikdə, 30 967 m beton və torpaq kanallarda, 6 613 m kollektor xəttində, həmçinin 44 430 m ara arxlarda lildən təmizləmə işləri aparılıb.
Müsahibə zamanı o, meliorativ tədbirlərin Babək rayonu ərazisini də əhatə etdiyini qeyd edib. Bildirib ki, Babək şəhəri, Nehrəm qəsəbəsi, Arazkənd, Şıxmahmud, Xəlilli və Qaraçuq kəndlərində 27 420 metr ara arx lildən təmizlənib. Eyni zamanda Arazkənd kəndi və Nehrəm qəsəbəsi ərazisində yerləşən 3 725 metr kollektor xəttində də təmizləmə işləri görülüb.
Lalə Yusifova vurğulayıb ki, kanal, arx və kollektorların lildən təmizlənməsi suyun sərfəli və səmərəli istifadəsinə şərait yaradır, su axınının qarşısını alan maneələri aradan qaldırmaqla kanalların su ötürücülük qabiliyyətini artırır. Onun sözlərinə görə, bu tədbirlər su itkilərinin azalmasına, torpaqların şoranlaşmasının qarşısının alınmasına, əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatında məhsuldarlığın artmasına mühüm töhfə verir. Məlumat üçün bildirildi ki, kanal, arx və kollektorların lildən təmizlənməsi işləri hazırda mütəmadi şəkildə davam etdirilir.
Mövzu ilə bağlı Babək rayonunun Nehrəm qəsəbə sakini Abbas Həsənov da fikirlərini bölüşüb. O bildirib ki, əvvəlki illərdə suvarma ilə bağlı ciddi çətinliklər yaşanırdı: “Arxlarımız lillənmiş, qamışla örtülmüşdü. Bu da suvarmada problemlər yaradırdı. Hazırda arxlar tam təmizlənib, suya nəzarət təmin olunub. Nəticədə, əkin sahələrimizi genişləndirmişik və bu il 10 hektar ərazidə əkin aparmışıq. İndi suvarma vaxtında və fasiləsiz həyata keçirilir”.
Nehrəm qəsəbəsə sakini, fermer Qüdrət Həbibov da görülən meliorativ tədbirlərin əhəmiyyətindən danışıb. O bildirib ki, bostan və taxıl əkini ilə məşğuldur və əvvəlki illərdə suvarma ilə bağlı müəyyən çətinliklər mövcud olub: “İki ildir ki, arx və kanallar təmizlənir. Əvvəllər problemlərimiz daha böyük idi. Bu təmizləmə işləri olmasaydı, su ətrafa axar və bu da əkin sahələrimiz üçün mənfi təsir göstərərdi”.
Fermer qeyd edib ki, hazırda 8 hektar sahədə taxıl əkini aparıb, eyni zamanda bostan sahələri də mövcuddur. Onun sözlərinə görə, yağıntıların qar şəklində düşməsi kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır və aparılan təmizləmə işləri suyun səmərəli istifadəsinə, suvarma imkanlarının daha da yaxşılaşmasına şərait yaradacaq.
Zəhra VƏLİYEVA