Prezident İlham Əliyevin sosial media hesablarında...
00:30 20.09.2026
0
0
0
NAXÇIVAN :
20 Sentyabr 2026, Bazar
Xalq-dövlət-ordu birliyi – Zəfərdən suverenliyə
Müasir Azərbaycanın müstəqillik yolundakı şərəfli və məsuliyyətli inkişafının sarsılmaz təməlləri Ümummilli Lider Heydər Əliyev tərəfindən atılıb. Azərbaycanın dünya birliyində söz sahibi olan dövlətə çevrilməsi, suveren və qalib ölkə kimi tarix yazması isə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa dönüb. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi ilə həyata keçirilən “dəmir yumruq” əməliyyatı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, regionda yeni reallıqlar yaratdı. 44 günlük müharibədə işğal altındakı torpaqlarımızın böyük hissəsi döyüş meydanında azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə həmin ilin sonuna qədər bir mərmi atılmadan öz sahibinə qaytarıldı. Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan qalib tərəf olaraq müharibədən sonra da sülh təşəbbüsləri ilə çıxış etdi. Lakin Ermənistan və onun dəstəklədiyi separatçı rejim uzun müddət sülh prosesinə mane olmaqda davam etdi.
Qısa vaxt, əvəzsiz qələbə
10 noyabr 2020-ci il Bəyanatı bölgədə yeni vəziyyət yaratdı. Ermənistanla Xankəndidəki separatçılar arasındakı əlaqə Azərbaycan ərazisindən Laçın dəhlizi vasitəsilə təmin edilirdi. Lakin bu imkan sülh naminə istifadə olunmaq əvəzinə silah-sursat daşınmasına yönəldildi. Atəşkəs dəfələrlə pozuldu, təhlükəsizlik vəziyyəti davamlı təhdid altında saxlanıldı. Qondarma rejim militarist bəyanatlarla çıxış edərək Azərbaycan dövlətinin səbir kasasını daşırdı. Bizim bütün sülhsevər davranışlarımız və səylərimizin əvəzinə erməni silahlı qüvvələri iki dövlət arasındakı şərti sərhədi pozmaqda davam etdi və mövqelərimizi atəşə tutdu. 2023-cü ilin sentyabrında isə bölgədə Ermənistan silahlı birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq və ərazilərimizin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən lokal xarakterli antiterror tədbirləri həyata keçirildi.
Bu əməliyyat yalnız hərbi baxımdan deyil, həm də strateji və siyasi baxımdan da mühüm əhəmiyyət daşıdı. Çünki uzun illər işğal altında qalan ərazilərdəki qanunsuz hərbi fəaliyyət Azərbaycan dövlətçiliyinə və suverenliyinə birbaşa təhdid idi. Əməliyyatın 23 saat 43 dəqiqə davam etməsi və qələbə ilə başa çatması Azərbaycan Ordusunun yüksək peşəkarlığının, dəqiqliyinin və hərbi strategiyasının nəticəsi oldu. Qısa müddət ərzində bölgədə yerləşdirilmiş qanunsuz hərbi birləşmələr tamamilə tərk-silah edildi, onların strateji mövqeləri və nəzarət etdiyi ərazilər Azərbaycan dövlətinin nəzarətinə keçdi. Bu qələbə bir daha göstərdi ki, dövlət başçısının Azərbaycanın öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcəyi barədə bəyanatları yalnız siyasi iradənin ifadəsi deyil, həm də dövlət siyasətinin qətiyyətli nəticəsidir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad olunması isə uzun illər davam edən işğal, separatizm və qanunsuz hərbi fəaliyyətə verilən layiqli cavab oldu.
Uğurlu əməliyyatın vacib siyasi nəticələrindən biri də qondarma “Dağlıq Qarabağ” rejiminin özünü buraxdığını rəsmi şəkildə elan etməsi oldu. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi real şəkildə bərpa edildi, dövlət hakimiyyətinin bütün ərazilərdə təmin olunması üçün yeni mərhələ başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla suverenliyimizin legitimliyini rəsmiləşdirdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası da respublikamızın bütün ərazisində tam şəkildə bərpa olundu.
Xankəndidə hərbi parad, düşmən tabutuna vurulan son mismar
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunmuşdu. Azərbaycan Ordusunun gücünü və hərbi qüdrətini nümayiş etdirən bu parad həm Ermənistan, həm də ermənilərin dünyadakı havadarları üçün ciddi mesaj oldu. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yanaşı, regionda separatizmin tamamilə iflasa uğradığı bir daha nümayiş etdirildi. Bu hadisə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi istiqamətində atılan addımların tarixi əhəmiyyətini təsdiqlədi.
2024-cü il fevralın 7-də müasir tariximizin ən yaddaqalan siyasi hadisəsi baş verəndə bu bir daha sübut olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində prezident seçkisində səs verərək düşmən tabutuna son mismarı vurdu. Bu hadisə təkcə seçki proseduru deyil, həm dəAzərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının güclü siyasi rəmzi idi.
Qələbənin simvolu
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis edilən 20 sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın mübarizə əzminin və qələbəsinin simvoluna çevrildi. Bu tarix müstəqillik uğrunda yüzilliklər boyu aparılan mübarizənin, ərazi bütövlüyünün bərpasının və milli iradənin təntənəsi kimi tariximizə daxil oldu. Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın 1991-ci ildən bu günə kimi keçdiyi çətin və şərəfli yolun məntiqi yekunudur. Bu tarix həm 2020-ci ildəki böyük Qələbənin, həm də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinin kuliminasiya nöqtəsini simvolizə edir. Eyni zamanda XXI əsrdə Azərbaycan dövlətinin müstəqilliyinin daha da möhkəmlənməsini və suverenlik ideyasının tam reallaşmasını əks etdirir. Prezident İlham Əliyevin də dediyi kimi: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir”.
Böyük Qayıdış – insanlar yurduna qayıdır
Artıq Qarabağın şəhərləri böyük tikinti və şəhərsalma layihələrinin mərkəzinə çevrilib. Dövlət proqramlarına əsasən Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə fərdi evlərin və çoxmənzilli yaşayış binalarının inşası aparılır. Xankəndi şəhərində “ağıllı şəhər” konsepsiyası tətbiq olunur. Xocalıda infrastruktur layihələri çərçivəsində yol şəbəkəsi bərpa olunur, yeni məktəblər, xəstəxanalar və sənaye müəssisələri yaradılır. Xocavənddə kənd təsərrüfatı və sənaye parklarının salınması, müasir istixana kompleksinin qurulması üçün imkanlar yaradılır. Ağdərədə isə dövlət-özəl tərəfdaşlığı əsasında enerji istehsalı və “yaşıl texnologiya”lar layihələri həyata keçirilir. Xankəndinin, Xocalının və işğaldan azad edilmiş digər ərazilərimizin inkişafı bu gün həm qələbənin, həm də quruculuq ruhunun ifadəsidir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri ilə əldə olunan tarixi zəfərlər bu gün infrastruktur və abadlıq işləri ilə möhkəmlənir. Xankəndi və digər şəhərlərdə parkların, mədəniyyət evlərinin, idman komplekslərinin tikintisi insanlara yeni həyat bəxş edir. Azərbaycan xalqı artıq Böyük Qayıdış prosesinin real nəticələrini görür. Bir vaxtlar adlarını çəkəndə bizə işğalı və ədalətsizliyi xatırladan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün milli iradənin, dövlətin gücünün, xalqın birliyinin rəmzinə çevrilib. Qarabağ Universitetinin uğurlu fəaliyyəti də bu torpaqlarda yeni həyatın və yeni gələcəyin qurulduğunun göstəricisidir.
2023-cü ilin antiterror əməliyyatı Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi oldu. Müzəffər Sərkərdənin rəhbərliyi ilə Azərbaycan artıq Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın aparıcı qüvvəsinə çevrilib. Qazandığımız qələbə ilə əldə etdiyimiz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi Azərbaycanın gələcəyini daha da əzəmətli və görkəmli edəcək. Bu gün hər bir azərbaycanlı qürurla deyir ki, qüdrətli Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyi əbədi və dönməzdir. Artıq heç bir güc xalqımızın iradəsini, dövlətimizin suverenliyini sındıra bilməz.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər