Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ ...
17:00 10.09.2026
0
0
0
NAXÇIVAN :
10 Sentyabr 2026, Cümə axşamı
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yeni Dövlət Proqramı əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsi, qida mənşəli xəstəlik və təhlükələrin azaldılması, istehlakçıların və sahibkarların məlumatlılığının artırılması, eləcə də Azərbaycanın qida məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə yönəlib.
Proqramda qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu çərçivədə yeni normativ-hüquqi aktların hazırlanması, sahibkarların yeni tələblər barədə məlumatlandırılması və qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik tələblərinin gücləndirilməsi nəzərdə tutulur.
Dövlət Proqramının əsas yeniliklərindən biri qida məhsullarının vahid izlənmə sisteminin yaradılmasıdır. AQTİS-də Vahid İzləmə Altsisteminin hazırlanması və qida zəncirində fəaliyyət göstərən subyektlərin bu sistemə qoşulması planlaşdırılır. Bununla məhsulun istehsaldan son istehlakçıya qədər hər mərhələdə izlənilməsi mümkün olacaq. Bu isə risk yarandıqda problemin mənbəyinin daha sürətli müəyyənləşdirilməsinə imkan verəcək. Pilot layihə qismində 50 qida subyektinin vahid izlənilməyə dair proqram təminatına qoşulması təmin ediləcək.
Heyvanların identifikasiyası istiqamətində də yeni mərhələyə keçid nəzərdə tutulur. Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin əhatə dairəsi və funksionallığı genişləndiriləcək. Bu, heyvanların sağlamlıq vəziyyətinin daha effektiv izlənilməsinə, epizootiya əleyhinə tədbirlərin operativ həyata keçirilməsinə və heyvan mənşəli məhsulların izlənilməsinə imkan yaradacaq.
Qida təhlükəsizliyi üzrə sanitariya norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması davam etdiriləcək. Xüsusilə arıçılıq məhsullarına, o cümlədən bala dair beynəlxalq təcrübə əsasında yeni sanitariya norma və qaydalarının hazırlanması nəzərdə tutulur. Bu tədbirlər Azərbaycan balının və digər arıçılıq məhsullarının, eləcə də quşçuluq məhsullarının yeni xarici bazarlara çıxışına imkan yaradacaq. Bu məqsədlə yeni ixrac bazarları araşdırılacaq, həmin ölkələrin tələbləri öyrəniləcək və məhsulların ixracı üçün müvafiq icazələrin alınması istiqamətində işlər genişləndiriləcək.
İstehsal, emal və ictimai iaşə müəssisələrində HACCP sisteminin tətbiqinin sürətləndirilməsi də Dövlət Proqramının əsas hədəflərindəndir. Bu sistem qida təhlükəsizliyi ilə bağlı risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və qarşısının alınmasına imkan verir.
Proqram çərçivəsində qida təhlükəsizliyində müasir texnologiyalardan istifadənin genişləndirilməsi də planlaşdırılır. AQTİS-də risklərin təhlili üçün süni intellekt modelinin hazırlanması, həmçinin sahibkarlar tərəfindən rəqəmsal monitorinq sistemləri və sensor texnologiyaların tətbiqinin təşviqi nəzərdə tutulur.
Qida təhlükəsizliyi sahəsində laboratoriya imkanlarının artırılması da diqqətdə saxlanılır. Mövcud dövlət laboratoriyalarının təkmilləşdirilməsi, yeni analitik metodların tətbiqi və yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivariumun yaradılması nəzərdə tutulur.
Yeni Dövlət Proqramında istehlakçıların məlumatlandırılmasına da xüsusi önəm verilir. Allergenlərin etiketlənməsinə nəzarətin gücləndirilməsi, sağlam qidalanma ilə bağlı maarifləndirmənin artırılması və qida təhlükəsizliyi üzrə məlumatlılığın yüksəldilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Ümumi təhsil müəssisələrində sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların artırılması da nəzərdə tutulur.
Beləliklə, 2027–2032-ci illər üçün Dövlət Proqramı qida təhlükəsizliyində daha müasir, rəqəmsal və riskəsaslı yanaşmanın tətbiqini sürətləndirəcək. Məhsulların izlənilməsi, heyvanların identifikasiyası, yeni sanitariya tələbləri, HACCP sisteminin genişləndirilməsi, süni intellekt və müasir laboratoriya imkanları qida təhlükəsizliyi sisteminin daha da gücləndirilməsinə xidmət edəcək.
Proqramın icrasının əlaqələndirilməsi və nəzarəti AQTA tərəfindən həyata keçiriləcək.
Digər xəbərlər