Azərbaycanlı hakim UEFA Gənclər Liqasının oyununa ...
19:10 07.09.2026
0
0
0
NAXÇIVAN :
07 Sentyabr 2026, Bazar ertəsi
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı ilə “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.
Nazirlikdən bildirilib ki, tədbirdə Azərbaycan və Türkiyənin aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilat və maliyyə qurumlarının nümayəndələri, eləcə də sahə üzrə mütəxəssislər iştirak ediblər.
Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov tədbiri açaraq yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binalarda enerji səmərəliliyinin artırılmasının ölkədə enerji resurslarından rasional istifadənin təmin edilməsi və enerji istehlakının optimallaşdırılması baxımından əhəmiyyətindən danışıb. Bildirilib ki, binaların enerji effektivliyi üzrə pasportlaşdırılması bu istiqamətdə mühüm alətlərdən biridir və növbəti ildən etibarən prosesin elektronlaşdırılması məlumatların sistemli şəkildə toplanmasına, emalına və idarə olunmasına imkan verəcək.
Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Enerji səmərəliliyi departamentinin müdiri Hüseyin Namık Sandıkçı binalarda enerji səmərəliliyi istiqamətində Türkiyədə görülən işlərdən və Azərbaycanla bu sahədə texniki əməkdaşlığın əhəmiyyətindən danışıb. Nazirliyin Ətraf mühit və şəhərsalma üzrə mütəxəssisi Ferdi Keskin isə Türkiyədə binaların enerji effektivliyinin qiymətləndirilməsi və pasportlaşdırılması sahəsində mövcud təcrübə, tətbiq edilən yanaşmalar və rəqəmsal həllər barədə təqdimatla çıxış edib.
İclas zamanı cari ilin 18 may tarixində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, memorandum binalarda enerji səmərəliliyi sahəsində iki ölkə arasında təcrübə və bilik mübadiləsinin genişləndirilməsi, müvafiq mexanizmlərin təkmilləşdirilməsi və texniki əməkdaşlığın inkişafı üçün əsas yaradıb.
Dəyirmi masada Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması prosesinin elektron qaydada təşkili məqsədilə Binalarda Enerji Effektivliyi Altsisteminin yaradıldığı diqqətə çatdırılıb. Altsistemin ilkin versiyası təqdim olunaraq onun funksional imkanları, layihə strukturu, iş prinsipi və tətbiqi ilə bağlı ətraflı məlumat verilib, sistemin təkmilləşdirilməsi üzrə Türkiyə ilə birgə əməkdaşlığın davam etdirildiyi bildirilib.
Tədbirdə binaların enerji effektivliyinin qiymətləndirilməsi və pasportlaşdırılması, bu prosesin rəqəmsallaşdırılması, müvafiq məlumatların vahid elektron sistem üzərindən idarə olunması kimi məsələlər müzakirə edilib. Həmçinin digər aidiyyəti qurumların və təşkilatların nümayəndələri çıxış edərək binaların enerji effektivliyi üzrə pasportlaşdırılması prosesinin rəqəmsallaşdırılması ilə bağlı fikirlərini bölüşüblər.
Digər xəbərlər