İRİA: “mygov” platforması adından saxta elanlar ya...
16:18 15.01.2026
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2026, Cümə axşamı
Ədəbiyyat, poeziya, şeir və şeiriyyət... Bu sözlərin altında elə bir tilsim yatır ki, bu tilsim gah Məmməd İbrahimov kimi cavan bir oğlanı Məmməd Araz tək şair edir, gah da eşqdən sulanmış gözlər ilə milyon fikir içində yollara baxdırır... Qəribədir, görəsən, həmin baxışların altında nələr yatırdı. Naxçıvandan Bakıya, Vətən sevgisindən yar sevgisinə uzanan dərin və mənalı baxışlar...
Şahbuz rayonunun Nursu kəndində doğulan balaca Məmməd, bəlkə, özü də bilmədən həyatın mancanağına qoyularaq poeziya atəşinə atılmışdı. Şairləri şair edən qəlbindəki sevgidir deyirlər... Ya xoşbəxtlikdən şair olursan, ya da xatirələrin buraxdığı acı nisgildən... Bir yanda “Araz” təxəllüsü, bir yanda qəlbinin bir tərəfində qalan həmin o xatirələr...
Onun poeziyasının dərinliklərində gah Vətən “Oğullarının gözünün atəşi gözəl əridir”, gah da taleyin oyunundakı cütlənmiş zərlər hey atılsa da, qoşa düşmür...
Məmməd Arazın şeirləri bir dağ küləyinin səsi kimidir, gah sərt, gah da içi közlü bir nəfəs. Onun poetik aləmi bir torpaq qoxusudur. Yağışdan sonra islanmış daşların üstündə dayanan Vətən duyğusu, yurd həsrəti, insanın öz kökü ilə söhbəti. O, yazanda sanki torpaq danışır, dağların dərinliyindən bir nida gəlir, çayın səsi misralara çevrilir. Araz poeziyasında Vətən anlayışı bir coğrafiya deyil, bir taledir. O, torpağı yalnız ayaq altında gəzilən yer kimi deyil, ruhda daşıdığımız məkan kimi görür. Hər daşı bir xatirə, hər çiçəyi bir yaddaş, hər səsi bir çağırışdır. Şair üçün Vətən doğulduğun yerdən çox, yaşamaq istədiyin duyğudur. Onun misralarında Vətən bir qadın kimi sevilir, bir ana kimi qorunur, bir uşaq kimi ağlayır.
Onun yaradıcılığı bir tərəfdən dağ kimi hündür, sözündə inadkar, digər tərəfdən, çay kimi sakit, duyğusunda şəffafdır. Şair insanla təbiət arasında körpü qurur. Dağları insana bənzədir, çayları ağlayan könül kimi təsvir edir. Sanki təbiətin dili ilə danışır, daşlara can verir, ağaclara nəfəs bağışlayır. Şairin misralarında insanın içində bir mübarizə var, qorumaqla itirmək arasında, ümidlə ümidsizlik arasında, qalmaqla getmək arasında. Bax elə bu ziddiyyətin adı poeziyadır. Hər sətirdə bir yanğı, bir dirəniş hiss olunur. Arazın şeirlərində sevgi də var, amma bu sevgi təkcə qadınla kişi arasında deyil, insanla yurd arasında bir bağlılıqdır. Onun sevgisi təmiz, ağırlıqlı, nəfəs kimi təbii, dua kimi səssizdir. Hər sətir sanki insanın içindən bir “ah” kimi çıxır, amma o “ah” ümidin özüdür. Elə bu dəmdə şairin bir misrası yada düşür:
Yaş ötüb, ayılıb görürsən bir vaxt,
Heç nə yazmamısan, ömür yarıdır.
Alnına yazılan qırışlar ancaq,
Ömrünün şikayət misralarıdır...
Şairin yaradıcılığına çoxlu bənzətmələr etmək mümkündür. Məsələn, Azərbaycanın poetik atlası… Onun misralarında dağların səssizliyi, çayların çağlayışı, xalqın gülüşü, ananın gözyaşı, döyüşçünün igidliyi, müəllimin baxışı var. O, bir xalqın bütün duyğularını bir ürəyə, öz dünyasına sığışdıran romantikdir. Bu poeziya səninlə danışmır, əksinə, səni öz-özünlə danışmağa vadar edir. Buna görə Məmməd Araz oxuyanda sözlərdən çox sükut səni düşündürür. Çünki onun hər sətirində bir vicdan nəfəsi, bir torpaq qoxusu var.
Şairin misralarında maraqlı mövqelər olduqca çoxdur. Hətta şair özü də şeirlərində sevginin atəşindən üsyan edərək bütün sirlərini bilən anasına belə məhəbbət sirrini deyə bilməyib, o gündən bəri qəlbini heç kimə vermədiyini deyir...
Şeirlərinə musiqilər bəstələnən şair sanki öz müəllifi olduğu sözləri dinlədikcə Məmməd Araz olduğunu unudaraq yenidən Nursu kəndinin balaca Məmmədinə qayıdır...
Nə bilmək olar... Bəlkə, hələ də Məmməd Arazın şeirlərindəki bəzi misralar Nursu kəndinin yollarında ilişib qalıb... Və nəhayət, Məmməd Arazın həyatının Bakı çağı başlayır... Coğrafiya fakültəsini bitirən şair, eyni zamanda sözün xəritəsinin incəliklərinə də bələd olmağı bacarırdı...
50-ci illər... Məmməd Arazın Azərbaycan ədəbiyyatında parlayan ulduzlar arasında sayrışmağa başladığı həmin çağ... Jurnallarda dərc olunan şeirlər, mətbəələrdə çap olunan kitablar Məmməd Araz poeziyasını hər keçən gün irəli aparmağı bacarırdı.
Azərbaycan ədəbiyyatının unudulmaz simalarını yetişdirən diyarlardan biri də məhz elə Naxçıvan yurdudur... Azərbaycan ədəbiyyatı deyilərkən Şəki-Şamaxı, Qarabağ-Zəngəzur eli kimi ünvanlarla yanaşı, Naxçıvan torpağının adının çəkilməsi də məhz elə neçə-neçə Cavidlərin, Mirzə Cəlillərin, Sidqilərin və nəhayət, müasir poeziya aləminin qələm sahibləri olan İslam Səfərlilərin və Məmməd Arazların bu torpaqda yetişməsidir... Gedən şairlərdən bizə yadigar qalanlar təkcə buraxdıqları söz mirasıdır:
Bəlkə, bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? –
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Şair təkcə sözlərlə rəsmlər yaratmır, o həm də öz yurdunun gənc şairləri üçün qocaman bir örnəkdir. Məmməd Araz mənim kimi gənc qələm sahiblərinin yaradıcılığında “Qoca şair Məmməd Araz” olaraq yaşayır. Nə qədər qoca olsa da, ölməz bir sənətkar…
Vətən şahdır...
Oğulları yazır ondan.
Cavan şair, sən də yazıb-yarat bir az,
Şeiriyyətdə olmasan şah, eybi yoxdur.
Olmasan şah, ruhdan düşmə, yenə də yaz,
Bəlkə, oldun,
Şahın oğlu – Məmməd Araz...
Rafiq TƏHMƏZ
Digər xəbərlər