Türkiyənin Afyonkarahisar vilayətində silahlı hücu...
20:49 05.11.2026
0
0
0
NAXÇIVAN :
05 Noyabr 2026, Cümə axşamı
“Artıq altı aydır ki, Böyük Britaniyanın Azərbaycandakı səfiriyəm. İlk rəsmi səfərim Qarabağa, ikinci rəsmi səfərim isə Naxçıvana oldu. İkinci səfərim üçün Naxçıvanı seçməyimin səbəbi, əlbəttə ki, bu torpağın Ümummilli Lider Heydər Əliyevin Vətəni olmasıdır. Burada olduğum müddətdə bir sıra yüksəksəviyyəli görüşlər keçirdim. Dəmir yolu stansiyasına baş çəkərək dəmir yolu qurumlarının nümayəndələri ilə də söhbət etdim. Həmçinin saraylar və muzeylər də daxil olmaqla bir sıra mədəniyyət məkanlarını ziyarət etdim və Naxçıvan haqqında çox şey öyrəndim”.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Duncan Norman Naxçıvana səfəri çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
Səfir qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan, xüsusilə də Naxçıvan arasında əməkdaşlıq üçün dörd əsas istiqamət var. Birincisi, infrastruktur, xüsusilə dəmir yollarıdır. Bu gün Böyük Britaniyanın layihələrin idarə olunması, dəmir yollarının modernləşdirilməsi və siqnalizasiya sistemləri kimi sahələrdə təcrübəsindən istifadə imkanlarını müzakirə etdik. Böyük Britaniya Naxçıvanın “yaşıl enerji” sahəsində inkişafına da dəstək verməkdə maraqlıdır. Buraya elektrik enerjisi interkonnektorları və günəş enerjisi daxildir.
"Bildiyimə görə, Naxçıvanda ildə 250 gün günəşli olur. Bu gün həmin günlərdən biri olmasa da, ümumilikdə, Naxçıvan günəş enerjisi üçün çox əlverişli məkandır. Beləliklə, enerji ikinci əməkdaşlıq istiqamətidir. Turizm sahəsinə də diqqət yetiririk. Son iki gün ərzində gördüyüm möhtəşəm muzeylər və mədəniyyət məkanları məndə belə bir əminlik yaradıb ki, Naxçıvan mühüm turizm mərkəzinə çevrilə bilər. Bundan əlavə, kənd təsərrüfatı sahəsində də necə dəstək göstərə biləcəyimizi araşdırırıq.
Böyük Britaniya və Azərbaycanın Naxçıvanda birlikdə işləməsi üçün çoxsaylı imkanlar mövcuddur. Bu əməkdaşlıq artıq Britaniya şirkətlərinin iştirakı ilə başlayıb. Burada fəaliyyət göstərən Chapman Taylor şirkəti şəhərin 20 illik Baş Planını hazırlayacaq və onsuz da gözəl olan Naxçıvanı gələcəyə uyğun şəkildə inkişaf etdirməyə kömək edəcək. Bu, iki ölkənin əməkdaşlığının yaxşı nümunəsidir. İnanıram ki, qarşıdakı aylar və illər ərzində belə nümunələrin sayı daha da artacaq", – deyə o vurğulayıb.
Səfirin sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlər bp şirkətinin bu əlaqələrin təməl daşı olduğu dövrdən başlayıb: "Bp bu gün də münasibətlərimizdə mühüm rol oynayır. Lakin əməkdaşlığımız artıq “yaşıl enerji”, digər kommersiya əlaqələri və investisiyalar kimi sahələri də əhatə edir. Müdafiə və təhlükəsizlik məsələlərində də birlikdə çalışırıq. Enerji sahəsi hələ də vacibdir, amma münasibətlərimizin digər istiqamətləri də genişlənib. Azərbaycanın müstəqil və özünəinamlı dövlətə çevrildiyini, regionda müstəqil siyasət yürütdüyünü görmək çox sevindiricidir. Azərbaycan getdikcə daha böyük uğurlar qazanır və onun yaxın tərəfdaşı olmaq bizim üçün çox önəmlidir. Biz Azərbaycanla çox yaxın tərəfdaşıq və qarşıdakı illərdə əlaqələrimizi daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik".
O qeyd edib ki, Böyük Britaniyanın “Chevening” adlı təqaüd proqramı var. Bu proqram magistratura təhsili almaq istəyən tələbələrə Böyük Britaniyada təhsil imkanı yaradır və müraciət etmək mümkündür. Eyni zamanda Azərbaycanın öz Dövlət Proqramı da mövcuddur. Bu il xaricdə təhsil almaq üçün seçilən tələbələrin 61 faizi Böyük Britaniyanı seçib. Söhbət Azərbaycan hökumətinin maliyyələşdirdiyi proqramdan gedirsə, bu, Azərbaycan Dövlət Proqramıdır. “Chevening” proqramına gəlincə, onun imkanlarının genişləndirilməsi nəzərdən keçirilir və gələn il bu proqram çərçivəsində tam maliyyələşdirilən tələbələrin sayı bu ilkindən bir qədər çox olacaq. Bu, Azərbaycanın müstəqillik əldə etməsindən bəri həyata keçirilən çox mühüm proqramdır.
Səfir bildirib ki, sülh prosesi olduqca vacibdir. Bu təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region və daha geniş mənada dünya üçün əhəmiyyətlidir. Bütün sülh sazişlərində olduğu kimi, bu proses də ikitərəfli qaydada həyata keçirilməlidir. Azərbaycanın və Ermənistanın bunu, əsasən, öz aralarında, dostlarının dəstəyi ilə həyata keçirməsi düzgün yanaşmadır. Böyük Britaniya bacardığı qədər kömək etməyə və bu prosesi dəstəkləməyə çox maraqlıdır.
"Mən Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını və daha sonra bu tərəfdaşlığın real nəticələr verməsini görmək istəyirəm.
Daha sıx əməkdaşlıq etməyimizi, daha böyük nailiyyətlər əldə etməyimizi, investisiya, ticarət və kommersiya əlaqələrimizi gücləndirməyimizi arzulayıram. Həmçinin bütün dünyada hamımıza təsir edən məsələlərdə daha yaxından əməkdaşlıq etmək istəyirik. Son 35 ildə olduğu kimi, bundan sonra da yaxın tərəfdaş olmağımızı, qarşıdakı 35 il üçün isə daha sıx tərəfdaşlığın əsasını qoymağımızı istəyirəm", – deyə Duncan Norman əlavə edib.
Digər xəbərlər