NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimli: “Oxucu kitab oxumursa, oxucudan daha çox yazıçını günahlandırmalıyıq”

...

Sözün gücü insan düşüncəsinin ən dərin qatlarına nüfuz edərək keçmişlə bu günü, insanla cəmiyyəti, duyğularla düşüncəni bir araya gətirir. Elə bu düşüncələrlə bağlı filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti, şair Xanəli Kərimli ilə həmsöhbət olduq. 

– Salam Xanəli müəllim, belə bir fikir var ki, ədəbiyyat və söz sənəti əbədiyaşardır. Bəs sizin bu fikrə münasibətiniz necədir?
– Bəli, ədəbiyyat və söz sənəti əbədiyaşardır. Çox da uzağa getməyək. Nizami Gəncəvi ilə bizim aramızda doqquz yüzillik zaman məsafəsi var. Bu doqquz yüzillik məsafədə bəşəriyyət nə qədər yeni elmi, texnoloji nailiyyətlər qazanıb. Görkəmli şairimiz Əli Kərimin bir şeiri var, “Daş” şeiri. Şeirdə şair insan övladının zaman-zaman keçdiyi texnoloji nailiyyətlərindən danışır: əvvəlcə ibtidai insan bir daş atır, sonra bu daş oxa, qılınca, ən nəhayət, atom bombasına çevrilir. Hər bir yeni kəşf az bir zamanda özündən əvvəlki kəşfi unutdurur. Amma söz sənətində biz bu dəyişkənliyi, “unutqanlığı” görmürük. Çünki söz sənətinin başlıca predmeti, tədqiqat obyekti insandır. Anaya məhəbbət, yurda məhəbbət, sevgi, nifrət, nəfs, müharibəyə münasibət və başqa hisslər bu və ya digər şəkildə həmişəyaşardır. Ona görə də Nizaminin, Füzulinin... əsərlərində qaldırılan ədəbi problemlər bu gün də öz dəyərini qoruyub saxlamaqdadır. Təbii ki, insanın mənəvi, əxlaqi dəyərləri müəyyən hallarda bəzi dəyişikliyə məruz qala bilər, ancaq əsasən, dəyişilməz olaraq qalır. 
– Xanəli müəllim, belə bir həqiqət də var ki, həyat yaradıcılıq çeşməsidir və ədəbiyyatın mövzusu həyatdan gəlir... 
– Dediyinizdə bir həqiqət var, lakin bunu bilmək lazımdır ki, zaman, həyat və dünya, bunların bir adı var, insan. Məmməd Araz şeirlərinin birində deyir ki, “Dünya düzəlmir ki, düzəlmir, babam”. Burada M.Araz bizim dərk etdiyimiz coğrafi anlamda olan dünyadan yox, insan mənəviyyatından danışır. Yoxsa dünyanın nəyi düzəlməlidir? Sakit okean min illərdir, elə Sakit  okeandır. Araz çayı min illərdir, Araz çayıdır, Salvartı dağı illərdir, Salvartı dağıdır. Burada söhbət qeyd etdiyimiz kimi, ondan gedir ki, insan düzəlmir. Sizin dediyiniz fikrə gəlincə deməliyəm ki, hər bir yazarın, sənətkarın mövzusu onun xarakterindən doğur. Biz hamımız eyni cəmiyyətdə, eyni vətəndə yaşayırıq. Bəxtiyar Vahabzadə də, Məmməd Araz da, Xəlil Rza Ulutürk də... Bəs necə olur ki, Məmməd Arazın üslubu, mövzuları başqadır, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanının üslubu, mövzuları başqa? Buna görə də hər bir şairin, yazıçının, ümumiyyətlə, sənətkarın mövzusu onun xarakterindən, dünyagörüşündən doğur.
– Klassik ədəbiyyat və oxucu arasındakı əlaqələr bizə məlumdur. Bəs müasir ədəbi proses sizi və oxucunu qane edirmi?
– Bəzən müasir ədəbi proses, yumşaq desək, oxucu düşüncəsilə ayaqlaşa bilmir. Deyirlər ki, insanlar kitab oxumur. Ancaq səbəbini soruşan yoxdur ki, niyə? Oxucu, əslində, bir “xəstəyə” bənzəyir. Xəstə dərdinə çarə üçün yaxşı həkimin sorağında olduğu kimi, oxucu da ehtiyac duyduğu mənəvi tələbatını ödəmək üçün yaxşı yazar axtarır. Bu sirr deyil ki, indiki dövrün oxucuları bir çox yazarlardan daha yaxşı zamanın ab-havasını duyur və qiymətləndirir. Oxucu ona görə kitab oxumur və ya az oxuyur ki, o istədiyini oxuduğu    yazarlarda gərəyincə tapa bilmir, oxuduğu kitab onu qane etmir. Acı həqiqət olsa da, bir çox hallarda yazar oxucunu arxasınca aparmalı ikən əksinə olur.
– Belə çıxır ki, yazar oxucuya istədiyini verməyi bacarmır?
– Bəli, bir çox hallarda belədir. Oxucuya istənilən verilsə, oxucu həmin əsəri axtarar da, oxumaq üçün can da atar, onda kitaba da hörmət olar.
– Əgər elədirsə, sizin sözünüzdən belə bir sual yaranır: Yaxşı yazıçı, şair olmaq üçün nə lazımdır? Bu hər kəsin özündən asılıdır, yoxsa?..
– Yaradıcılıq mənəviyyat işidir. Yaxşı yazıçı, şair, ümumiyyətlə, sənətkar olmaq üçün, hər şeydən əvvəl, insanda mənəviyyat, təmiz əxlaq, saf düşüncə olmalıdır. Adından da göründüyü kimi, ədəbiyyat insanda ədəb, əxlaq, mənəviyyatı formalaşdıran bir təfəkkür formasıdır. Buna görə də yaxşı sənətkar olmaq üçün ən başlıcası üç şey gərəkdir: istedad, zəhmət və şəxsiyyət. Bunların üçü də anadangəlmə olur, sonradan qazanılmır. İstedad əgər torpaq altında gizlənən bir xəzinədirsə, zəhmət o xəzinəni üzə çıxaran, onu bəşərin sərvətinə çevirən əvəzsiz bir mənəvi dəyərdir, şəxsiyyət isə hər ikisini qiymətə mindirən üzük qaşıdır...
– Deyirlər ki, Azərbaycan xalqı şair xalqdır. Belə çıxır ki, hamı şeir yazmalıdır?
– Bu fikri rus şairi Nikolay Tixonov deyib. O həm də Azərbaycanın Xalq şairidir (bu ad 1974-cü ildə verilib). Bilirsiniz, bizim xalq böyük mədəniyyətə və mənəviyyata malik olan bir xalqdır. Böyük mədəniyyətə və mənəviyyata malik olan xalqın ədəbiyyatı da zəngin olmalıdır və zəngindir də. Bəlkə, buna görə N.Tixonov “Azərbaycan xalqı şair xalqdır”, – deyib və doğru deyib. Qaldı, hamının şeir yazmasına, bu heç də belə deyil. Adətən, ədəbi prosesin inkişafını bir növ marafon yarışına bənzədirlər. Qırx üç kilometrlik bir məsafəni qaçmaq və qalib olmaq üçün 500, 1000 nəfər bu yarışa qoşulur. Finalda isə I,II,III yerə çıxanlar qalib olurlar. Hər onilliyin əvvəlində ədəbiyyata yeni-yeni imzalar gəlir, amma zamanın sınağından müxtəlif səbəblərdən çoxu çıxa bilmirlər. Fikrimcə, hər yüz şeir yazanın içərisindən bir şair yetişirsə, bu, ədəbiyyatın qələbəsidir. 
– Xanəli müəllim, müasir oxucuları daha çox narahat edən səbəblərdən biri də ədəbi tənqidin zəifliyi və ya olmamasıdır...
– Yox, belə düşünmək də olmaz. Bu gün ədəbi tənqidin, məxsusi adlar çəkməyə ehtiyac yoxdur, tanınmış nümayəndələri var və bunlar heç də az iş görmürlər. Amma etiraf edək ki, bugünkü ədəbi tənqid ilə bir çox hallarda keçmiş sovet dövrü ədəbi tənqidinin cəsarəti ya çatışmır, ya da istənilən səviyyədə deyil. Fikrimcə, bunun başlıca səbəbi, “ədəbi mənəmliyin” tüğyan etdiyi bir dövrdə özünə hörmət edən tənqidçinin, el demişkən “Ağrımaz başına duz bağlamaq” istəməməsidir. Sirr deyil ki, kimə “Bir az ayağını çək”, – deyirsən, ya səninlə kin qovur, ya da yumşaq desək, səndən inciyir. Belələrinə elə gəlir ki, yazdıqları, iraq olsun, Quran ayələridir, dəyib-toxunmaq olmaz. Gərək hər bir insan öz-özünün “həkimi və hakimi olmağı” bacardığı kimi (əgər bacara bilirsə), hər bir yazar da öz-özünün tənqidçisi olsun. Ancaq tənqidin yoxluğundan və ya istənilən səviyyədə olmamasından yana darıxmağa gərək yoxdur. Çünki hər şeyi yerbəyer edən əlahəzrət zaman adında əlinin üstə əl olmayan bir tənqidçi var ki, o hər şeyi vaxtında qaydalaşdırır, kimin kim olduğunu göstərir.
– Sizin də içərisində olduğunuz Naxçıvan ədəbi mühiti haqqında nə deyə bilərsiniz?
– Naxçıvan ədəbi mühiti tarixən zəngin ənənəyə malik olan bir mühitdir. Bu mühitin zaman-zaman yetirdiyi sənətkarlar təkcə milli ədəbiyyatımıza deyil, bəşər mədəniyyətinə layiqli töhfələr verib. Sevindirici haldır ki, bu ənənə bu gün də davam etməkdədir. Bu gün Naxçıvan Yazıçılar Birliyi üzvlərinin hər birinin ədəbi mühitimizin formalaşmasında xidmətləri var.
– Sağ olun, Xanəli müəllim, müsahibə üçün minnətdarıq.

Rafiq TƏHMƏZ
 

Nəşr edilib : 20.05.2025 15:14