NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Milli Məclisin komitə sədri: Gələn il bir sıra sosial müavinətlər artırılacaq

...

2027-ci il dövlət büdcəsində xidmət xərcləri ümumilikdə 94,7 milyon manat məbləğində proqnozlaşdırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahədə 164 xidmətin bir pəncərədən operativ, şəffaf, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. Hazırda ölkə üzrə 8 DOST mərkəzi, o cümlədən Şuşa filialı və Ağalı "Smart DOST" xidmət məntəqəsi fəaliyyət göstərir.

"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu mərkəzlərə cari ildə 888 mindən çox vətəndaşımız müraciət edib və məmnunluq indeksi 98,9 faiz təşkil edib. Bir sıra ölkələr, o cümlədən Avropa ölkələri DOST təcrübəsini öyrənərək tətbiq etməyə başlayıblar: “2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 38 faiz yaxud 77 milyon manat çoxdur. Büdcənin bu bəndindəki 77 milyon manatlıq artım gələn ildə uşağın anadan olmasına görə müavinətin məbləğinin 600 manatdan artırılaraq 1500 manata, sığorta olunanlar üçün dəfn xərclərinin mövcud 590 manatdan 700 manata, pensiyaçılar üçün dəfn müavinətlərinin məbləğinin 936 manatdan 1200 manata, 3 yaşınadək uşağa qulluğa görə müavinətin məbləğinin 37 manatdan 100 manata çatdırılmasını proqnozlaşdırmağa imkan verir”.

Deputat qeyd edib ki, sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdiriləcək xərclər 25 milyon manat nəzərdə tutulub.

Nəşr edilib : 05.11.2026 12:10