NAXÇIVAN :

07 Noyabr 2026, Şənbə

Nazir: 2027-ci ilin və növbəti üç ilin büdcəsində dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb

...

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti ildən-ilə artır, əhalinin sosial rifahının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

"Şəq qapısı" xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, 2027-ci ilin və növbəti üç ilin dövlət büdcəsi, icmal büdcəsi və ortamüddətli xərclər çərçivəsi hazırlanarkən dövlət siyasətinin əsas prioritetləri nəzərə alınıb və bir sıra mühüm prinsiplər rəhbər tutulub.

“Bunlar, ilk növbədə, ölkədə dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahının yüksəldilməsi və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin daha da gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafının təmin edilməsi, rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsidir”, - deyə nazir vurğulayıb.

Sahil Babayev, həmçinin bildirib ki, fiskal intizamın qorunması və büdcə qaydasına riayət edilməsi, büdcə xərclərinin dövlət xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icrası, real sektorun inkişafının sürətləndirilməsi də əsas prioritetlər sırasındadır. Bütün bu istiqamətlər üzrə maliyyə təminatı dövlət və icmal büdcələrində nəzərdə tutulub.

Nəşr edilib : 06.11.2026 12:28