NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

Pənah Musayev: “Kiber suverenlik mövzusunda ilk konfransın Naxçıvanda baş tutması özündə dərin simvolik məna daşıyır”

...

"Konstitusiya və Suverenlik İli" çərçivəsində ölkəmizdə kiber suverenlik mövzusunda keçirilən ilk konfransın Naxçıvanda baş tutması özündə dərin simvolik məna daşıyır. Çünki Naxçıvan Azərbaycanın müstəqilliyi və suverenliyi tarixində bir çox ilkin və xüsusi əhəmiyyətli mühüm qərarların verildiyi məkandır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə burada ilk dəfə Sovet İttifaqının tərkibindən çıxmaq niyyəti rəsmi şəkildə bəyan edilib, SSRİ-nin saxlanılması ilə bağlı keçirilən qeyri-qanuni referendum açıq formada boykot edilib, Azərbaycanın Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra yenidən dövlət rəmzi kimi qaldırılıb. Bütün bu tarixi faktlar Naxçıvanın suverenliyimiz və milli iradəmiz naminə ön planda olduğunu bir daha təsdiq edir".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası idarə heyətinin sədri Pənah Musayev  Naxçıvanda keçirilən "Kiber suverenlik" konfransında deyib.
Pənah Musayev vurğulayıb ki, texnologiyanın sürətli inkişafı və bütün sahələr üzrə rəqəmsallaşmağa keçid, eyni zamanda yeni riskləri və təhlükəsizlik təhdidlərini gündəmə gətirib. Bu səbəbdən kibersuverenliyin təmin edilməsi təkcə Azərbaycanda deyil, o cümlədən inkişaf etmiş bir çox xarici ölkədə də milli təhlükəsizlik məsələsi səviyyəsinə yüksəlib.
“Əminəm ki, bu konfransda aparılacaq müzakirələr kiber suverenlik anlayışının ölkəmizdə konseptual şəkildə formalaşması gələcək milli strategiyaların müəyyənləşdirilməsinə və bu sahədə davamlı əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcəkdir”, – deyə AKTA idarə heyətinin sədri əlavə edib.

Nəşr edilib : 21.05.2025 18:10