COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” l...
18:28 13.11.2026
0
0
0
NAXÇIVAN :
13 Noyabr 2026, Cümə
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqlim diplomatiyası Azərbaycanın qlobal ekoloji gündəmdəki rolunu gücləndirən, eyni zamanda ölkənin geoiqtisadi və milli maraqlarını uzunmüddətli perspektivlə uzlaşdıran strateji siyasət istiqamətidir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada mühüm enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi tanınmaqla yanaşı, qlobal çağırışlara qoşulan, bəşəriyyətin mənafeyinə xidmət edən təşəbbüsləri dəstəkləyən dövlət mövqeyi qazanıb.
Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması istiqamətində beynəlxalq səylərə qoşulub, 2000-ci ildə isə Konvensiyanın əlavə sənədi olan Kioto Protokoluna tərəfdar çıxıb. Həmin vaxtdan Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizədə həm beynəlxalq əməkdaşlıq, həm də milli səviyyədə həyata keçirilən qabaqlayıcı tədbirlər vasitəsilə fəal iştirak edir.
Son illərdə bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsini Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təşkil edir. Beş əsas prioritetdən biri məhz “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirilib. Bununla yanaşı, qlobal iqlim mübarizəsində beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub.
Azərbaycan 1990-cı ili baza ili kimi götürərək 2030-cu ilədək istixana qazı emissiyalarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılmasını hədəfləyir. Eyni zamanda, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırılması nəzərdə tutulur. Ümumilikdə, Azərbaycanın enerji siyasətinin prioritet istiqamətlərindən birini “yaşıl enerji” istehsalının genişləndirilməsi və onun dünya bazarlarına nəqli təşkil edir.
Ölkəmiz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda da bu istiqamətdə genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlayıb. Prezident İlham Əliyev həmin əraziləri, eləcə də Naxçıvan Muxtar Respublikasını “yaşıl enerji zonası” elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bütün bunlar Azərbaycanın ekoloji tarazlığın qorunmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına kompleks yanaşmasının göstəricisidir.
Azərbaycanın qlobal iqlim gündəliyinə verdiyi töhfələrin ən mühüm nümunələrindən biri isə 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməsi olub. Bu mötəbər tədbir ölkəmizin beynəlxalq nüfuzunun, təşkilatçılıq imkanlarının və iqlim diplomatiyası sahəsində artan rolunun nümayişinə çevrilib. COP29 Azərbaycanın tarixində keçirilmiş ən böyük beynəlxalq tədbir kimi yadda qalıb.
Azərbaycanın bu sahədə formalaşdırdığı siyasi və diplomatik xətt növbəti beynəlxalq platformalarda da davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək məqsədilə noyabrın 10-da Türkiyəyə səfər edib.
Dövlət başçısının Antalya şəhərində keçirilən Liderlər Sammitində iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu iştirak Bakı və Antalya iqlim sammitləri arasında siyasi və diplomatik varisliyin qorunduğunu, Azərbaycanın beynəlxalq iqlim dialoqunda fəal mövqeyini davam etdirdiyini nümayiş etdirir. Eyni zamanda tədbir Azərbaycanın “yaşıl enerji” sahəsində əldə etdiyi milli nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün mühüm platformadır. COP31 çərçivəsində formalaşan imkanlar COP29-un diplomatik və iqlim irsinin davam etdirilməsi, eləcə də Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən regional enerji arxitekturasının formalaşmasında Azərbaycanın rolunun gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan konfransda “Dialoq Dəhlizi” konsepsiyası əsasında hazırlanmış milli pavilyonla təmsil olunur. Pavilyonda 40-dan çox tədbirin və ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub. Burada ölkəmizin bərpa olunan enerji potensialı, “yaşıl enerji” dəhlizləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji” təşəbbüsləri, “Abşeron” enerji saxlanc sistemi, eləcə də Xəzər dənizinin biomüxtəlifliyinin qorunmasına yönəlmiş layihələr nümayiş etdirilir.
Konfrans çərçivəsində Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı “Belém Missiyası – 1,5°C” hesabatı da ictimaiyyətə təqdim olunub. Hesabatın əsas məqsədi Paris Sazişi çərçivəsində qlobal temperatur artımının 1,5°C ilə məhdudlaşdırılması istiqamətində ölkələrin iqlim öhdəliklərinin və milli adaptasiya planlarının həyata keçirilməsinə dəstək verməkdir. Sənəddə enerji, sənaye, kənd təsərrüfatı, meşələr, okeanlar, səhiyyə və şəhərsalma kimi sahələrdə istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın artırılması və yeni iqtisadi imkanların yaradılması üçün mövcud həll yolları əksini tapıb. Hesabatın rəsmi təqdimatının noyabrın 16-da COP31 çərçivəsində Antalyada keçiriləcək yüksəksəviyyəli tədbirdə təşkili nəzərdə tutulur.
Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqlim diplomatiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini yeni müstəviyə yüksəldib. Ölkəmiz qlobal iqlim müzakirələrində sadəcə iştirakçı deyil, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dialoqun qurulmasına, ortaq maraqların uzlaşdırılmasına töhfə verən fəal tərəfdaş kimi çıxış edir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar ekoloji məsuliyyətlə yanaşı, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və regional əməkdaşlıq baxımından da strateji əhəmiyyət daşıyır.
Beləliklə, Prezident İlham Əliyevin iqlim diplomatiyası yalnız bugünkü ekoloji çağırışlara cavab verən siyasət deyil, həm də Azərbaycanın gələcək inkişafına, beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına hesablanmış uzaqgörən strategiyadır.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər