NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

TƏBİB ilə ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb

...

Tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl tibbi yanaşmaların ölkəmizdə tətbiqinin təşviqi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə Böyük Britaniyada fəaliyyət göstərən Britaniya-Azərbaycanlı Həkim və Stomatoloqlar Assosiasiyası (ABADD) arasında görüş keçirilib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, görüşdə TƏBİB-in icraçı direktoru Anar Bayramov və ABADD-ın baş icraçı direktoru Fidan İsrafilbəyli iştirak ediblər.

Tibbi və akademik əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi, birgə təlim və konfransların təşkili, beynəlxalq ekspert dəstəyinin göstərilməsi və tibb işçilərinin peşəkar inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi məsələləri görüşün əsas müzakirə mövzuları olub.

Görüş çərçivəsində TƏBİB və ABADD arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb.

Əməkdaşlığın davamı olaraq, ABADD-ın baş icraçı direktoru Fidan İsrafilbəylinin iştirakı ilə Yeni Klinikanın Mamalıq və ginekologiya şöbəsinin nümayəndələri arasında canlı konsiliumun keçirilməsi planlaşdırılır.

Nəşr edilib : 22.09.2026 10:45