NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı “Hüquqların bərabərliyi və suverenlik” mövzusunda tədbir keçirilib

...

8 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Konstitusiya və suverenlik ili” ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlı “Hüquqların bərabərliyi və suverenlik” mövzusunda tədbir keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və vətən uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Sosial məsələlər şöbəsinin böyük məsləhətçisi Elvira Cəfərli çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev xalqımızın tarixinə Naxçıvandan başlanan şərəfli ömür yolu ilə daxil olmuş görkəmli şəxsiyyətdir. Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Ümümmilli Lider Heydər Əliyev şəxsiyyəti ilə, onun  böyük quruculuq fəaliyyəti ilə çox bağlıdır. Onun doğumu yalnız bir şəxsiyyətin dünyaya gəlişi deyil, bütöv bir xalqın taleyində dönüş nöqtəsi, Azərbaycanın gələcək inkişafının və müstəqilliyə doğru aparan yolunun bünövrəsi olmuşdur. Ümummilli Lider Heydər Əliyev öz xalqına sadəcə rəhbərlik etmədi, eyni zamanda onu qorudu, gücləndirdi, milli ideologiyanın, milli birliyin memarına çevrildi. E.Cəfərli qeyd edib ki, Ümummilli  Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş  Azərbaycan Respublikası Konstitusiyası hüquqi dövlət quruculuğunun əsas sənədinə çevrildi. Bu Konstitusiya insan hüquqlarını ali dəyər kimi qəbul edir, hər bir vətəndaşın qanun qarşısında bərabərliyini təsbit edir. Ulu öndər Heydər Əliyevin irsini daim yaşatmaq, onu öyrənmək və tətbiq etmək bizim ən müqəddəs vəzifəmizdir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək bildirmişdir ki, tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha çox hiss olunur. Tarixin tək-tək yetirdiyi belə dahilərdən biri nadir şəxsiyyət Heydər Əliyevdir. Ölkəmizə rəhbərlik etdiyi dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirərək hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına yenidən hakimiyyətə gəldikdən sonra qadın hüquqlarının müdafiəsi sahəsində işlərin görülməsini diqqət mərkəzində saxlamışdır. Belə ki, onun qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ailənin rifahına və cəmiyyətin inkişafına müsbət təsiri ilə əlaqədar onların ictimai-siyasi həyatda fəallığı artırılmış, onlar dövlət idarəçiliyində lazımi səviyyədə təmsil olunmuşlar. Qadınlara göstərilən diqqət və qayğının ən mühüm təcəssümlərindən biri ulu öndər Heydər Əliyevin 1995-ci il 10 iyul tarixində verdiyi Fərmanla Azərbaycan Respublikasının BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşulması oldu. Bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Fərman və sərəncamları qadınların nəinki cəmiyyətdə, eləcə də ailə daxilində bütün hüquqlarının müdafiə olunması istiqamətində atılmış ən mühüm addımlardandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan siyasət yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Hüquqi bazanın təkmilləşdirilməsi, bərabər hüquqların təmin edilməsi üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.

Ümummilli liderimiz Heydər Əliyev  uşaqlarla bağlı mühüm sənədlər imzalayaraq Azərbaycan uşaqlarının haqq səsini, hüquqlarının müdafiəsini bütün dünyaya bəyan etmiş və bu istiqamətdə hüquqi bazanın əsasını yaratmışdır. Məlumdur ki, dünyanın hər yerində uşaqlara qayğı göstərmək və onları qorumaq xüsusi əhəmiyyət kəsb edir. Uşaqları cəmiyyətin, gələcəyin sahibləri kimi qiymətləndirən Azərbaycan dövləti onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə çalışır.

Sonda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək bildirmişdir ki, müasir, hüquqi və suveren Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev hüquqi dövlət anlayışını yalnız ideoloji konsepsiya kimi deyil, konkret və davamlı siyasi xətt kimi irəli sürmüşdür. Məhz Ulu Öndərin təşəbbüsü ilə ölkədə hüquq sistemində əsaslı islahatlar həyata keçirilmiş, qanunvericilik bazası müasir tələblərə uyğunlaşdırılmış və hüquq-mühafizə institutlarının təkmilləşdirilməsi təmin edilmişdir. E.Həziyev vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi hüquq və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi istiqamətində göstərilən siyasi iradənin təcəssümüdür. Bu, eyni zamanda 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın insan hüquqlarının təminatı və hüquqlar qarşısında bərabərlik prinsipini dövlətin əsas missiyası kimi müəyyən etməsinin davamlılığını ifadə edir. E.Həziyev qeyd edib ki, 2006-cı ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və ardınca 2007-ci ildə Naxçıvan Muxtar Respublikasında eyni adlı Komitənin təsis olunması bu sahədə dövlət siyasətinin daha məqsədyönlü şəkildə həyata keçirilməsinə zəmin yaratmışdır. E.Həziyev çıxışında hüquqların bərabərliyinin cəmiyyətdə ədalətin, hüquqi təhlükəsizliyin və vətəndaş birliyinin əsası olduğunu vurğulamış, ailədə, məktəbdə, işdə və cəmiyyətin bütün sahələrində hüquqların bərabər əsaslarla təmin olunmasının dövlətimizin sabit və davamlı inkişafının vacib şərti olduğunu qeyd etmişdir. Çıxışların ardından Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarxa baxış olubdur.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 08.05.2025 17:57