NAXÇIVAN :

13 Noyabr 2026, Cümə

Dublindən Bakıya uzanan siyasi dialoq: Azərbaycan-Avropa əməkdaşlığında yeni perspektivlər

img

Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi və geoiqtisadi dəyişikliklər dövlətlər arasında siyasi dialoqun, qarşılıqlı etimadın və çoxşaxəli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusilə Avropanın təhlükəsizliyi, enerji təminatı, nəqliyyat bağlantılarının genişləndirilməsi və iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsi artıq ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə, beynəlxalq birliyin gündəliyində duran əsas məsələlərdəndir. Belə bir şəraitdə müxtəlif ölkələrin liderlərini bir araya gətirən beynəlxalq platformalar aktual problemlərin müzakirəsi və ortaq maraqların uzlaşdırılması baxımından mühüm siyasi məkan rolunu oynayır. Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində işə başlayan “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı da məhz bu baxımdan diqqət çəkir. 50-yə yaxın dövlət və hökumət başçısının iştirak etdiyi toplantıda Azərbaycanın da təmsil olunması ölkəmizin bu geniş siyasi dialoq platformasındakı rolunun əhəmiyyətini göstərir.

Onu da vurğulamaq yerinə düşər ki, “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə Toplantısının 2028-ci ilin may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu qərar ölkəmizin beynəlxalq siyasi dialoqda artan rolunun, Avropa dövlətləri ilə əməkdaşlıq imkanlarının və təşkilati potensialının göstəricisi kimi qiymətləndirilə bilər. Onlarla dövlət və hökumət başçısının, beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gələcəyi belə bir toplantıya ev sahibliyi etmək Azərbaycana Avropanın gələcəyi, təhlükəsizliyi, enerji təminatı və regional əməkdaşlıq kimi mühüm məsələlərin müzakirəsində geniş imkanlar yaradacaq.

Azərbaycan-Avropa münasibətlərində enerji və nəqliyyat-logistika amilləri

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər uzun illərdir, siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat və humanitar əlaqələr istiqamətində inkişaf edir. Bu münasibətlərdə enerji sahəsi xüsusi yer tutur. Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır, Xəzər hövzəsinin enerji resurslarını Avropa bazarına çatdıran etibarlı tərəfdaşlardan biri kimi çıxış edir. 2022-ci ildə Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub. Sənədə əsasən tərəflər Avropaya qaz tədarükünün artırılması və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyi qarşıya məqsəd qoyublar.

Rəqəmlər də Azərbaycanın bu sahədəki mövqeyini aydın göstərir. 2025-ci ildə ölkəmizdə 51,5 milyard kubmetr təbii qaz hasil edilib, ixracın həcmi isə 25,2 milyard kubmetr təşkil edib. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya göndərilib. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi qaz ixracı 18,4 milyard kubmetr olub. Bu həcmin 8,6 milyard kubmetri Avropanın payına düşüb. Ölkəmizin qaz tədarük etdiyi dövlətlərin sayının 16-ya çatması, onlardan 10-nun Avropa İttifaqının üzvü olması Azərbaycanın enerji tərəfdaşlığının coğrafiyasını əks etdirir. Bu ilin əvvəlindən Almaniya və Avstriya bazarlarına Azərbaycan qazının nəqlinə başlanılması da ixrac istiqamətlərinin genişlənməsinin göstəricisidir.
Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni göstərməklə yanaşı, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin möhkəmləndiyini də təsdiqləyir. Xüsusilə enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsinə ehtiyacın artdığı bir dövrdə Azərbaycanla əməkdaşlıq Avropa üçün strateji əhəmiyyət daşıyır. Digər tərəfdən ölkəmizin bərpa olunan enerji sahəsindəki potensialı da Avropa ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir. Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və gələcəkdə “yaşıl enerji”nin ixracı perspektivləri Azərbaycanla Avropa arasında enerji tərəfdaşlığını daha geniş məzmunla zənginləşdirir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və malik olduğu infrastruktur potensialı Avropa ilə Asiya arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı üçün geniş imkanlar yaradır. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsi, müasir liman, dəmir yolu və avtomobil infrastrukturlarının inkişafı Azərbaycanın regional və beynəlxalq logistika sistemindəki rolunu artırır. Xüsusilə Orta Dəhliz son illərdə beynəlxalq ticarət və yükdaşımalar baxımından daha çox diqqət cəlb edir. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut alternativ nəqliyyat bağlantılarının formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin Dublin görüşləri: sülh, tərəfdaşlıq və iqtisadi əməkdaşlıq

Dublində keçirilən Zirvə Toplantısı dövlət və hökumət başçılarına ümumi məsələləri müzakirə etməklə yanaşı, qarşılıqlı maraqdoğuran istiqamətlər üzrə mövqeləri yaxınlaşdırmaq və gələcək əməkdaşlığın perspektivlərini dəyərləndirmək imkanı yaradır. Geosiyasi gərginliklərin, enerji və nəqliyyat marşrutları ətrafında rəqabətin, qlobal iqtisadi çağırışların artdığı bir dövrdə bu cür dialoq formatlarının əhəmiyyəti daha da yüksəlir. Bu baxımdan, Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər də səfərin siyasi əhəmiyyətini artıran mühüm məqamlardandır.
Dövlətimizin başçısının noyabrın 12-də bir sıra dövlət və hökumət başçıları, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti ilə keçirdiyi görüşlər Azərbaycanın Avropa ilə münasibətlərinin çoxşaxəli xarakterini bir daha nümayiş etdirdi. Ukrayna, Moldova, Bolqarıstan, Ermənistan, Yunanıstan, Çexiya, Rumıniya, Litva və Böyük Britaniyanın rəhbərləri ilə təmaslar siyasi dialoqun genişləndirilməsi, iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqət çəkdi.

Görüşlərin ümumi mənzərəsi göstərir ki, Azərbaycan-Avropa münasibətləri artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Nəqliyyat bağlantıları, investisiya, sənaye, bərpa olunan enerji, humanitar əlaqələr və regional təhlükəsizlik məsələləri də tərəfdaşlığın mühüm istiqamətlərinə çevrilir. Xüsusilə Moldova, Ukrayna, Bolqarıstan, Yunanıstan və Rumıniya ilə keçirilən görüşlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun müxtəlif istiqamətlərdə genişləndiyini ortaya qoyur. Azərbaycanın Moldovanın enerji təhlükəsizliyinə dəstəyi, Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqlarının təchizatı, Bolqarıstanla enerji dəhlizləri, Yunanıstanla TAP layihəsi və Rumıniya ilə Xəzər-Qara dəniz bağlantılarının inkişafı bu əməkdaşlığın konkret təzahürləridir.

Çexiya və Böyük Britaniya ilə görüşlər isə iqtisadi və investisiya əməkdaşlığının perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Çexiyanın ən iri neft təchizatçısı olması mövcud enerji tərəfdaşlığının miqyasını göstərir. Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi isə ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni siyasi çərçivə yaradır. Enerji sahəsində 30 ildən artıq davam edən əməkdaşlıqla yanaşı, bərpa olunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində yeni imkanların müzakirəsi tərəfdaşlığın gələcək gündəliyini daha da zənginləşdirir.

Litva ilə təmaslar Azərbaycanın Baltikyanı ölkələrlə əlaqələrinin genişləndirilməsi, iqtisadi və enerji əməkdaşlığının yeni imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyətlidir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüş isə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin ümumi gündəliyinin müzakirəsi üçün mühüm platforma olub. Azərbaycanın ittifaqın 10 üzv dövlətinə qaz ixrac etməsi, bərpa olunan enerji layihələri, Orta Dəhliz və Naxçıvan dəmir yolu bağlantısı ətrafında aparılan müzakirələr ölkəmizin Avropa ilə əməkdaşlığının enerji və nəqliyyat istiqamətlərini paralel şəkildə əhatə etdiyini göstərir.

Dublindəki görüşlərin digər mühüm istiqaməti Azərbaycan-Ermənistan münasibətləri və regional sülh prosesi olub. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə Vaşinqtonda əldə olunmuş razılaşmaların davamı olaraq sülh gündəliyinin irəlilədilməsi, sərhədlərin delimitasiyası, tranzit əlaqələri və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib. TRIPP layihəsinin inkişaf perspektivləri, eləcə də Azərbaycan ərazisindən Ermənistana 105 min ton yükün daşınması regionda praktiki əməkdaşlığın formalaşması baxımından diqqətəlayiq məqamlardır. Bu təmaslar sülh prosesinin yalnız siyasi dialoqla deyil, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı ilə də möhkəmləndirilməsinin əhəmiyyətini göstərir.
Prezident İlham Əliyevin “Rəqabətqabiliyyətli Avropanın yaradılması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirakı da Azərbaycanın Avropanın gələcək enerji və iqtisadi arxitekturasındakı rolunun müzakirəsi baxımından əhəmiyyətli olub. Dövlətimizin başçısının diqqətə çatdırdığı kimi, 2022-ci ildə Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığına dair Anlaşma Memorandumunun imzalanmasından sonra Avropaya qaz təchizatı 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu göstərici Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin artdığını təsdiqləyir. Eyni zamanda mövcud boru kəməri infrastrukturunun genişləndirilməsi, alternativ enerji imkanları və yeni nəqliyyat bağlantıları gələcək əməkdaşlıq gündəliyində mühüm yer tutur. Bütün bunlar ölkəmizin Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də regional nəqliyyat və logistika əlaqələrinin inkişafında iştirak edən etibarlı tərəfdaş kimi əhəmiyyətini artırır.

Ümumilikdə, Dublində keçirilən görüşlər Azərbaycanın Avropa ilə münasibətlərində siyasi dialoqun, iqtisadi əməkdaşlığın və regional tərəfdaşlığın paralel şəkildə inkişaf etdiyini göstərir. Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni sənədlə möhkəmləndirilməsi, Avropa İttifaqı ilə enerji və nəqliyyat məsələlərinin müzakirəsi, ayrı-ayrı Avropa dövlətləri ilə iqtisadi əlaqələrin genişləndirilməsi, Ermənistanla sülh gündəliyinin davam etdirilməsi bu təmasların əsas məqamlarını təşkil edir.

Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı Azərbaycanın Avropa ilə münasibətlərində siyasi dialoqun dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin toplantıda iştirakı, bir sıra dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər, dəyirmi masada səsləndirdiyi fikirlər, həmçinin Azərbaycanın 2028-ci ildə növbəti Zirvə Toplantısına ev sahibliyi edəcək olması ölkəmizin bu platformadakı rolunu daha da ön plana çıxarır. Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı enerji və nəqliyyat bağlantılarının qurulmasına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin göstəricisidir. Dublindən Bakıya uzanan siyasi dialoq isə ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal iştirakının, Avropa ilə tərəfdaşlığının və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni perspektivlərinin ifadəsidir.

Nail ƏSGƏROV

DAHA ƏTRAFLI