NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

İdeyaların toplaşdığı məkan: Naxçıvan İnnovasiya Mərkəzi

img

Hər il 21 aprel tarixi "Dünya Yaradıcılıq və İnnovasiya Günü" kimi qeyd olunur. Ölkəmizdə, eləcə də regionda istedadlı gənclərin ideya və potensiallarını inkişaf etdirmək üçün yeni-yeni layihələr və innovasiya mərkəzləri təsis olunur. 1 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin həyatında bu cür əlamətdar bir gün yaşandı. Regionun gələcəyinə işıq salan, innovasiya və yaradıcılığın mərkəzinə çevrilən Naxçıvan İnnovasiya Mərkəzi rəsmi olaraq qapılarını istedadlara açdı. 767 kvadratmetr ərazini əhatə edən bu müasir kompleks, sadəcə, bir bina deyil, Naxçıvan gəncliyinin arzularını gerçəkləşdirən, ideyalarını inkişaf etdirən güclü bir platformadır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə yaradılan mərkəz Bakı və Sumqayıtdan sonra ölkənin üçüncü regional innovasiya mərkəzi kimi startap ekosisteminin inkişafında yeni mərhələni açıq elan etdi. Mərkəzin əsas qayəsi sadə və aydın səslənir: Naxçıvanın yaradıcı gənclərinə, tələbələrinə və innovativ düşüncə daşıyıcılarına ən yüksək səviyyəli infrastruktur təqdim etmək, onların ideyalarını kağız üzərindən çıxarıb real həyata keçirməyə imkan yaratmaqdır. Bu məkan artıq ilk günlərdən gənclərin marağına səbəb olub və regionda texnoloji inkişafın yeni mərkəzinə çevrilmək potensialını nümayiş etdirir. Mərkəzdəki 88 nəfərlik akt zalı burada konfranslar, seminarlar, panel müzakirələri, inkubasiya proqramları və böyük tədbirlər keçirməyə imkan verir. Rahat və müasir avadanlıqlarla təchiz olunmuş iki görüş otağı isə komanda iclasları, layihə təqdimatları, startap ideyalarının müzakirəsi və beynəlxalq videokonfranslar üçün ideal şərait yaradır. İnnovasiya Mərkəzinin ən maraqlı hissəsi isə, şübhəsiz ki, 6 laboratoriya otağı ilə təchiz olunmasıdır. Bu otaqlar gənc ixtiraçıların əsl yaradıcılıq emalatxanasına çevrilib. Burada kamera izləmə funksiyalı 3D printerlər, yüksək dəqiqlikli CNC lazer cihazı, termal kamera, 360 dərəcə mikroskop, Labconco Biosafe cihazı, lehim stansiyaları, Arduino (Uno, Nano, Mega), Raspberry Pi, ESP modulları, osiloskop, multimeter və zəngin elektron komponentlər gəncləri gözləyir. 4 ədəd Osoyoo robot dəsti və mexaniki alətlər isə robototexnika və mexanika həvəskarlarına geniş imkanlar açır. Bu laboratoriyalarda gənclər, sadəcə, öyrənməyəcək, həqiqi prototiplər yaradacaq, sınaqlar və öz ixtiralarını həyata keçirəcəklər.
Mərkəzin digər mühüm məkanı isə iki kompüter sinfinin olmasıdır. Bunlardan birincisi "iMac Studio"dur ki, 11 ədəd güclü iMac kompüteri ilə təchiz olunub. Burada gənclər mobil tətbiqlər hazırlayır, qrafik dizayn, videomontaj, Adobe proqramları və Figma ilə professional səviyyədə işləyir. "HP Studio" isə proqramlaşdırma, süni intellekt, maşın öyrənməsi, API inteqrasiyası, verilənlər bazası, IoT layihələri, PCB dizaynı və UI/UX istiqamətlərində dərin bilik və bacarıq qazanmaq istəyənlər üçün nəzərdə tutulub. Mərkəzin texnoloji gücünü artıran ən vacib element isə server otağıdır. Burada quraşdırılan 2 ədəd HPE Proliant DL380 Gen10 Plus server və müasir şəbəkə avadanlığı süni intellekt modellərinin öyrədilməsi, böyükhəcmli məlumatların emalı və hakatonlar zamanı eyni vaxtda çoxsaylı istifadəçinin işləməsinə imkan yaradır. 
 Naxçıvan İnnovasiya Mərkəzi bu gün yalnız avadanlıqların toplaşdığı məkan deyil. Bu, gələcəyin memarlarının, innovativ sahibkarların və yaradıcı beyinlərin bir araya gəldiyi canlı bir ekosistemdir. Burada doğulan ideyalar sabah Naxçıvanı, Azərbaycanı və bəlkə də, dünyanı dəyişdirəcək. Naxçıvanın gənc nəsli artıq bu fürsətdən istifadə etməyə başlayıb. Onların əllərində olan bu müasir imkanlar yaxın gələcəkdə ölkəmizin innovasiya xəritəsində Naxçıvanı parlaq bir nöqtəyə çevirəcəyinə əminlik yaradır.

Rafiq TƏHMƏZ

DAHA ƏTRAFLI