Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş veri...
22:30 13.05.2025
0
0
0
NAXÇIVAN :
13 May 2025, Çərşənbə axşamı
Ölkəmizdə təbii su ehtiyatlarının 70 faizə qədər böyük bir hissəsi əkinçilikdə suvarma üçün istifadə olunur. Elə bu səbəbdən də əkin sahələrində istifadə olunan suvarma sistemləri və onların səmərəliliyi barədə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik. Müvafiq sahə üzrə mütəxəssis Fəxrədddin Əliyev suallarımızı cavablandırdı.
Hazırda muxtar respublikamızda 2024-cü ilin payızında 2025-ci ilin məhsulu üçün əkilmiş taxıl sahələrində, eləcə də 2025-ci ilin yazında həyata keçirilmiş əkinlərdə vegetasiya suvarmalarına başlanıldığını bildirən müsahibimiz qeyd etdi ki, bütün dünyada olduğu kimi, muxtar respublikamızda da suvarma sularından qənaətlə və itkisiz istifadə məqsədilə suvarmanın mütərəqqi üsullarından istifadə olunur. Suvarmada ən çox istifadə olunan üsullar çiləmə, damcı, şırımlarla suvarma və qapalı suvarma sistemləridir ki, bu üsullar içərisində çiləmə və damcı metodları daha müasir suvarma üsullarıdır.
“Son illərdə də muxtar respublikada müasir, səmərəli və qənaətcil qapalı suvarma sistemləri geniş tətbiq olunmağa başlanıb ki, bu üsul açıq kanallardan fərqli olaraq suyun açıq havada buxarlanmasının və torpağa sızmasının qarşısını alaraq su itkilərini minimuma endirir. Bu üsulla suya 30-60 faizə qədər qənaət olunur. Eyni zamanda qapalı suvarma sistemləri vasitəsilə suvarma imkanları olmayan kənd təsərrüfatı təyinatlı torpaqlara suvarma sularının çıxarılması mümkün olur. Bununla yanaşı, damcı suvarma metodu da olduqca məqsədyönlü və səmərəli suvarma təmin etməklə buxarlanma və ya axıntıya qədərki su itkilərini azaldır ki, bu da, öz növbəsində, suya qənaət olunmasına xidmət edir. Su xüsusi borularla axdığından buxarlanma və sızma kimi su itkiləri olmur, nəticədə, suyun dörddəbirinə qənaət edildiyindən axım ilə suvarma üsuluna nisbətən daha səmərəli olur”, – deyən mütəxəssis onu da diqqətimizə çatdırdı ki, damcı ilə suvarma ekoloji, vəsait qoyuluşu, keyfiyyətli suvarma və suya qənaət baxımından xüsusilə effektlidir və bu üsulla həm suya, həm də işçi qüvvəsinə qənaət olunur.
Fəxrəddin Əliyev muxtar respublikada bu sahədə görülən işlərlə bağlı sualımızı ətraflı cavablandıraraq bildirdi: “Naxçıvan Muxtar Respublikasında son illərdə suvarma şəbəkələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülüb. Mütərəqqi suvarma sistemlərinin qurulması daim diqqət mərkəzində saxlanılır. Su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq məqsədilə yeni qapalı suvarma şəbəkələri tikilir və drenaj xətləri çəkilir. Muxtar respublikada müasir irriqasiya sistemləri qurularaq istifadəyə verilir və torpaqların su təminatı yaxşılaşdırılır. Bütün bunlar, ümumilikdə, muxtar respublika iqtisadiyyatının inkişafına xidmət edir”.
Qlobal su böhranını, Naxçıvanın quraq iqlimini və torpaq münbitliyini nəzərə alaraq daha az su tələb edən və yaxud da quraqlığadözümlü taxıl sortları üzrə hansı tədqiqatların aparıldığını soruşduqda müsahibimiz qeyd etdi: “Qlobal iqlim dəyişikliyi dövründə sudan qənaətlə istifadə olunması, əlbəttə ki, əsas məsələlərdən biridir. Sözsüz ki, digər tədbirlərlə yanaşı, daha az su tələb edən və ya quraqlığadavamlı taxıl sortlarının əkilib-becərilməsi də suya qənaət baxımından əhəmiyyətlidir. Elə bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son dövrlərdə muxtar respublikamızda əkilən taxıl sortları quraqlığadavamlı olması ilə yanaşı, yerli iqlim şəraitinə uyğunlaşaraq daha az su ilə yüksək məhsul verir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına Elmi-Tədqiqat İnstitutunun müvafiq şöbələrində muxtar respublikaya gətirilmə “Nehir”, “Xəmsə”, “Suqovuşan”, “Yubiley”, “Xanqızı”, “Lider”, “Rəvan”, “Göytəpə” buğda, “Sadiq”, “Nuranə” arpa sortlarının yüksək məhsuldarlıq, eyni zamanda quraqlığadavamlılıq xüsusiyyətləri üzərində də elmi-tədqiqat işləri aparılır.
Cavanşir Bağırlı
Digər xəbərlər